Bakının mərkəzində qara tüstü buraxan qatarlar – “BOĞULURUQ….” – VİDEO

    12

    Bu kadrlar redaksiyamıza oxucu Fuad Məmmədov tərəfindən göndərilib. Nəsimi rayonu ərazisində, Dəmiryol Vağzalının yaxınlığındakı ofislərdən birində çalışan oxucumuz bildirir ki, hər gün vağzal ərazisində qatarlardan zəhərli tüstünün çıxmasını müşahidə edir. Gün ərzində havaya buraxılan qara qatı tüstünün miqdarı o qədər çoxdur ki, yaxınlıqda yaşayan sakinlər təmiz havaya həsrət qalıblar.

    “Şəhərin mərkəzində, Dəmiryol Vağzalının yaxınlığında nəfəs almaq mümkün deyil. Qatarlardan çıxan zəhərli tüstüdən boğuluruq. Bu çox ciddi ekoloji problemdir, xahiş edirik, bizə kömək edin”, – deyə F.Məmmədov bildirir.

    Kadrlardan da görünür ki, söhbət Dəmiryol Vağzalına məxsus köhnə teplovozlardan gedir. Bəs bu teplovozlar niyə indiyə qədər istifadə olunur? Atmosferə zəhərli hava buraxan və insanları zəhərləyən qatarlar niyə yeni və müasir standartlara uyğun texnika ilə əvəzlənməyib?

    Bu suallara cavab tapmaq üçün “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidməti ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verən olmadı.

    Yəqin ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu kadrlara diqqət yetirəcək və tədbir görəcək./virtualaz.org/