Bakının mərkəzində Tofiq Yaqubluya azadlıq tələb olundu

144

Polis paytaxtdakı aksiya ilə bağlı rəsmi açıqlama yaydı

Bakının mərkəzində Müsavat Partiyasının fəalı Tofiq Yaqublunun azad edilməsi tələbi ilə etiraz aksiyası keçirilir. Bildirilir ki, onlarla insanın iştirak etdiyi aksiya Sol Gənclər Təşkilatı tərəfindən təşkil edilib. Polis aksiyanın bir neçə iştirakçısını saxlayıb.

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) paytaxt ərazisində keçirilən aksiya ilə bağlı açıqlama yayıb. BŞBPİ-nin Mətbuat xidmətindən daxil olan məlumatda deyilir:

“Sentyabrın 9-u saat 15 radələrində 20-25 nəfər “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq, Səbail rayonundakı İstiqlaliyyət küçəsində Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmadan toplaşıb küçə yürüşü keçirməyə cəhd edib.

Ərazidə xidmətdə olan polis əməkdaşları tərəfindən qanunsuz küçə yürüşünə cəhdin qarşısı alınıb, iştirakçılar ərazidən uzaqlaşdırılıblar.

Saxlanılan və ya həbs edilən olmayıb”.

Tofiq Yaqublunun həbsdən azad olunması üçün danışıqlar aparılır

Yeri gəlmişəkən, İnsan Hüquqları üzrə Birgə İşçi Qrupunun hüquq müdafiəçi üzvləri Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun aclıq elan etdikdən sonra səhhətində problemlərin yaranmasını nəzərə alaraq onun işinə yenidən ədalətli baxılması və həbsdən azad olunması məqsədilə hökumət nümayəndələri ilə danışıqları davam etdirirlər.

“Report”un xəbərinə görə, bu barədə hüquq müdafiəçisi Əvəz Həsənov məlumat verib.

“Hüquq müdafiəçiləri ümid edirlər ki, tez bir zamanda onun azad olunması üçün prosedur müəyyən olunacaq və Tofiq Yaqublu öz ailəsinə qovuşacaq”, – o əlavə edib.

Qeyd edək ki, T.Yaqublu artıq 8 gündür aclıq etdiyini açıqlayıb.

Xatırladaq ki, Nizami Rayon Məhkəməsi Tofiq Yaqublunun 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

İttihama görə, avtomobil qəzası zamanı T.Yaqublu digər maşının sürücüsünü və yanında olan onun həyat yoldaşını təhqir edib, vurub, sürücüyə vintaçanla xəsarət yetirib.

O, ittihamları qəbul etmədiyini bildirir.

Onun barəsindəki hökmdən apelyasiya şikayəti verilib.

KƏNAN