Bakıdakı erməni kilsəsinin yerində dünya xalqlarının soyqırım muzeyi yaradılmalıdır

90

Son dönəmlərdə ölkəmizdə önəmli məsələlərdən biri də məcburiyyət ucbatından yenidən gündəmə gətirilirməkdədir. Bu məsələ hələ neçə il öncə mənim uzman kimi təmsil olunduğum Türkiyə-Azərbaycan birgə tarixi-mədəni turizm layihəsi olmuş “Babaların Tarixi Zəfər və Şəhadət Yolu” (1918) dövlətlərarası proqramında da vardır. Adı çəkilən layihə Ərdoğan və İlham Əliyev tərəfindən birgə imzalansa da, güman edə biləcəyiniz səbəblərdən hələ də həyata keçməsi süründürülür. Və əsas səbəb də maliyə məsələsi deyildir…

Doğrudur, Qubada toplu məzar yaxınlığında 1918-ci il soyqırımı ilə bağlı muzey yaradıldı (və soydaşlarımızın skeletləri orada tapılanda Türkiyəli qonaqlarla biz oranı ziyarət etmişdik, bu gərəkli addımdır), ancaq elə o vaxtdan da hamı kimi düşünürdük ki, bu yönlü muzeylər axı nədən Bakının mərkəzində olmasın?! Bu məqamda da Rusiyaya münasibətdə aşırı güzəşt siyasətinin izlərini görməkdəyik. Daşnak Ermənistanı Rusiyanın vassalı ola-ola daşnak-faşist, Rusiyaya qarşı vuruşmuş Qarejin Njdenin adını əbədiləşdirir, hətta rus torpaqlarında da o xətti yürütməyə çalışır, ancaq Azərbaycan öz xilaskarı Nuru paşaya və başqa qəhrəmanlara heykəl, küçə adı, hərbi məktəb adı… qoya bilmir. Türkiyə rəsmi şəxsləri sırasından biri bu əskikliyimizi dilə gətirdikdə mən gerçək səbəbin nədən ibarət olduğunu ona açıqlamaqla yanaşı, səbəbin də tam üzrlü olmadığını ictimaiyyət adından söyləmişdim. Başqa sözlə, ölkəmizin ziyalı topluluğunun və bütünlükdə yurdsevər kəsiminin davamlı istək və önərilərinə baxmayaraq nə Azərbaycanı qurtaran Türk əskərinə heykəl (anıt), nə də 31 Mart soyqırımına uğramış günahsız xalqımızın xatirəsinə 31 Mart soyqırımı Muzeyi Bakı şəhərinin mərkəzində indiyədək yaradılmayıb. Odur ki, bu məsələlər zaman-zaman təkrar gündəmə gəlməkdə davam edir –bu yaxınlarda Bakıdakı keçmiş Erməni Kilsəsinin binasında soyqırım muzeyi yaradılması tələbləri kimi.

Elə isə, xalqımızın faciəli tarixini etkili şəkildə təqdim edə bilməsi, ölkəmizin qonaqlarını, elmi-maraq ziyarətçilərini dərindən düşündürə bilməsi üçün bu soyqırımı muzeyi hansı mahiyət planında olmalıdır?

Mən bir çox ölkə xalqlarının soyqırıma uğrama faktlarını öyrənərək, öz acımızın insanlığın acısı içərisindəki yerini, çəkisini kitablarımda anlatmağa çalışdığım üçün belə bir muzeyi Beynəlxalq Soyqırım Muzeyi, ya Dünya Xalqlarının Soyqırım Muzeyi məzmununda və formasında təsəvvür etmək istəyirəm. Başqa sözlə, insanlığa qarşı suç sayılan, dünyanın çeşidli bölgələrində törədilmiş soyqırım faciələri guşə-guşə bəşəriyyətin dərd sərgisi ilə ölkəmizin, başkəndimizin yolçularını düşündürməli, heç kəsin bu cür təhlükələrdən sığortalanmadığı; quduzlaşmış milli mənəmlik (eqo), xəbis vəhşilik qarşısında bir gün müsəlmanın, bir gün xristianın, bir gün yəhudinin, bir gün bütpərəstin… aciz qurbana çevrilə biləcəyi anladılmalıdır. Sual oluna bilər: bu cür təsirli bəlgə və eksponatlar bulunacaqmı? –Müəllifi olduğum “Erməni məsələsi və türk-müsəlman soyqırımı” və “Ermənilərin müsəlmanlara, xristianlara, yəhudilərə qarşı soyqırımı” kitabları ilə tanış olan hər kəs o cür bəlgə-eksponat baxımından nəzərdə tutduğumuz muzeyin korluq çəkməyəcəyini təxmin edə bilər…

Düşündüyümüz SOYQIRIM MUZEYİnin beynəlxalq olması, yəni DÜNYA XALQLARININ SOYQIRIM MUZEYİ kimi təyinatı ona görə tövsiyə olunur ki,  SOYQIRIM anlayışı bəlirlənəndə o, təhlükəlilik dərəcəsinə görə, uluslararası hüquqda insanlığa qarşı cinayət hadisəsi kimi qəbul olunur, o üzdən də xalqlar bir-birinin faciəsi üzərində, soyqırımları yaradan səbəblər, günahlar, cinayətlər barədə də düşünüb-daşınsalar bu bəşər düşüncəsində getdikcə profilaktik dəyişikliklərə gətirib çıxara bilər..

Tolerantlığımız, dini-mədəni dözümlülük səviyyəmiz dünyanı heyrətləndirən Xəzər dövlətinin varisləri kimi də tarixi gələnəyimizdə vardır. Xəzər Xaqanlığı hərtərəfli gəlişmə və ilişgilər göstəricisinə görə Çöl/Bozqır Atlantidası adlanır dünya tərəfindən. Yəhudi soylu Rusiya şərqşünası və siyasətçisi Jirinovski “Azərbaycan, azərlər –dedikdə, azərlər kimdir –xəzərlər…” –deyə açıqlama verdiyi halda Sovet və İran siyasiləşmiş akademik cazibəsindən çıxa bilməmiş bizim bir sıra alim soydaşımız azər boyunun yaranmasından çox sonralar ortaya çıxmış Atropat şəxs adı ilə qurama şəkildə bağlayaraq, bizim qutsal ölkəmizin əzəli və əbədi, sanlı adını yanlış yerlərə yozmaqdadırlar… Bu məsələyə indiki yazımızda bir də ona görə toxunuruq ki, bu qurama yanaşma azərliyimizin xəzər qolunda yersiz şəkildə əl-ayağımıza ilişir və bizi tarixi məntiqimizdən yayındırır, dünya alimlərini də çaşdırır… (Əlbət ki, bu ayrıca bir mövzudur, azər, azəri mövzusu, ona ayrıca yazılar silsiləsi həsr etmək planımız vardır, yetərincə tarixi dəlilləri də o zaman sunacağıq və təkcə bizlər üçün deyil, bütün Türk Dünyası üçün ən önəmli məsələlərdən olan bu qonuyu həryönlü işıqlandıracağıq…)

Xəzər Xaqanlığına gəldikdə isə, hətta bəzi slavyanların belə irsinə sahib çıxmaq istədikləri bu dövlət yəhudiliyi dövlət dini kimi seçsə də, öncə Orxon-Yenisey yazılarını qullanırdı, ölkədə yəhudilik, xristianlıq, bütpərəstlik, sonralar hətta müsəlmanlıq da dinc yanaşı yaşanmaqdaydı…

Xəzər dövləti gələnəyimizi yada saldıqdan sonra bügünkü təməl qonumuza yenidən qayıdaq.

Yuxarıda verdiyimiz bilgilərdən də anlaşılır ki, önərdiyimiz DÜNYA XALQLARININ SOYQIRIM MUZEYİ kimi bəşəri kədərə ortaq olma niyyəti, düşüncəsi doğal olaraq bizlərin, Azərbaycan xalqının, azərlərin özlüyünə, özkimliyinə daha uyğundur. Bununla həm də öz faciələrimizi dünya faciələri sırasında tanıda biləcəyik, ermənilərin ərazi iddialarını faş edə biləcəyik, həm də bu layihə ulu, qədim mədəniyyətimizin, mədəni-tarixi özkimliyimizin öyrənilməsinə dolayı çağırış olacaq. İndi isə hələlik təkcə öz araşdırmalarım əsasında DÜNYA XALQLARININ SOYQIRIM MUZEYİndə sərgiləyə biləcəyimiz bəlgə və eksponatların hansı qonuları, bəlgələri və eksponatları içərəcəyinə diqqət yetirək:

Kəşmirdə müsəlman soyqırımı: 1980-ci illərdə bütün dünyanı saran demokratikləşmə dalğası Hindistanın işğal etdiyi Kəşmir bölgəsinin əhalisini küçələrə tökülməyə, öz müqəddəratını təyin etmə hüquqununun gerçəkləşdirilməsini təbliğ etməyə vadar etdi. Hindistanın Kəşmirlilərə qarşı törətdiyi bu cinayət bəzi Hind və dünya insan haqları təşkilatları (“Beynəlxalq Amnistiya”, “Human Rayts Votç” və b.) tərəfindən rəsmən (yazılı olaraq) təsdiqlənmişdir.

Qolodomor (Ukrayna): 1932-1933-cü ildə SSRİ-nin başçısı İ.Stalin dönəmində velikoruslar tərəfindən törədilib.

Qolodomor (Qazaxıstan): bu ölkənin başçısı görəvinə gətirilmiş erməni bolşevik-daşnak Levon Mirzoyanın təşkilatçılığı, Kremldə böyük nüfuzu olan, sonralar SSRİ Parlamentinin sədri görəvinədək yüksəlmiş A.Mikoyanın gizli dəstəyi ilə törədilib İ.Stalin dönəmində. Qazaxıstanın Ermənistandakı səfiri Timur Urazayevin açıqlamasına görə, Levon Mirzoyanın Qazaxıstana rəhbər təyin olunduğu 1920-1930-cu illərdə ölkə əhalisinin 40%-i administrativ üsullarla aclığa məruz qoyularaq  məhv edilmişdir ki, hal-hazırda qazaxlar bu hadisəni soyqırımı kimi qiymətləndirməyi müzakirə edirlər.

Yəhudilərin soyqırımı (Nasist Almaniyası tərəfindən, bəzi bölgələrdə Erməni-faşıst legionu tərəfindən, 1941—1945): öldürülənlər 6 milyona yaxın Avropa yəhudiləri olmaqla, bunların əhəmiyyətli hissəsi xəzər türklərinin nəsillərindən idi!!!

Yəhudilərin 31 Mart soyqırımı (ermənilər tərəfindən,  Quba–1918; Güney Azərbaycan –1918, Türkiyə, Ərzurum bölgəsi –1916, Orta Asiya, Fərqanə vadisi –1918).

Azərbaycanlıların soyqırımı, bölgələr üzrə: [Qafqazlar və İran bölgəsi, 1918-1920 (Antanta Hərbi Məhkəməsinin Soruşdurma bəlgələri, FİK sənədləri, Quba cəsədləri)].

Azərbaycanlıların Xocalı soyqırımı (1992): saysız-hesabsız soruşdurma bəlgələri və maddi sübutlar.

Anadolu türklərinin soyqırımı (ermənilər tərəfindən, 1915-1922): arxiv materialları, toplu məzarların açılması ilə əldə olunmuş cəsəd qalıqları.

Türküstanda, Orta Asiyada soyqırımı (Özbəkistan, Fərqanə vasdisi, 1918 fevralından başlayaraq)

Gürcülərin soyqırımı (ermənilər tərəfindən, 1918; 1992-1994): tarixi qaynaqlar, Gürcüstan Baş Prokurorluğunun soruşdurma bəlgələri, o sıradan fotomateriallar.

Rus, yunan soyqırımı (ermənilər tərəfindən, Qars Vilayəti,1919-1920): Rusiya, Azərbaycan, Türkiyə arxiv materialları.

Almanların soyqırımı, deportasiyası (ermənilər və SSRİ rəhbərliyi tərəfindən, XX əsr)

Ahıskalıların və Quzey Qafqaz xalqlarının soyqırımı (ermənipərəst SSRİ rəhbərliyi tərəfindən)

Kosova, Bosniya-Herseqovina (Serbiya tərəfindən): Srebrenitsa və Jepa  soyqırımı — 1991-1995-ci illər.

Əlcəzairlilərin soyqırımı (Fransa tərəfindən): 8 may 1945-ci ildə Əlcəzairin SetifGuelma və Kherrata şəhərlərində Fransa ordusunun mülki əhaliyə qarşı törətmiş olduğu qətliam…

Düşünürəm ki, Bakıdakı keçmiş Erməni Kilsəsinin yerində yuxarıda göstərdiyimiz təyinatlı Beynəlxalq Soyqırım Muzeyi özündə ehtiva etdiyi dolğun diplomatiya bazası ilə həm Türk xalqlarının, həm də ayrı-seçkilik qoymadan başqa dünya xalqlarının soyqırım mənzərələrini dünyaya tanıtmaqda ölkəmizin özünəməxsus töhfəsi ola bilərdi… Çünki ermənilərin bir büküm kababla turisti cəlb etmək istədikləri qurama “Erməni soyqırımı” muzeyindən fərqli olaraq, bizim Beynəlxalq Soyqırım Muzeyində sərgiləyəcəyimiz saysız-hesabsız arxiv bəlgələri, fotomateriallarla yanaşı, arxeoloji dəlillər—insan skeletləri də vardır!

Xaqani İsmayıl,

yazıçı-tarixi araşdırmaçı