Bakıda və Sumqayıtda karantin qaydalarını pozanlar cərimələndi

279

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən sanitar-karantin qaydalarını pozaraq koronavirusun yayılmasına şərait yaradan şəxslərə qarşı mübarizə tədbirləri davam etdirilir.

 

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Sumqayıt şəhərində keçirilən növbəti tədbir zamanı 11-ci mikrorayon ərazisində yerləşən idman-trenajor zalının qadağan olunmasına baxmayaraq, fəaliyyət göstərdiyi müəyyən edilib. Polislər baxış zamanı həmin zalda olan ümumilikdə 18 nəfəri aşkar ediblər. Onlardan üçü yetkinlik yaşına çatmadığı üçün profilaktik söhbət aparılaraq sərbəst buraxılıb. İdman zalında olan 12 nəfər barəsində inzibati protokol tərtib edilərək hər biri cərimə edilib. Həmçinin, obyektin sahibi Rəşad Xudaverdiyev və daha iki nəfər işçi saxlanılaraq Polis İdarəsinə gətiriliblər. Obyektin sahibi müvafiq olaraq 4 000 manat, işçilərin hər biri isə 200 manat məbləğində cərimə ediliblər.

Polis əməkdaşlarının paytaxtın Nərimanov rayonunda keçirdikləri növbəti reyd zamanı isə qanunlara zidd olaraq fəaliyyət göstərən kafe aşkar edilib. Araşdırma zamanı “Dostlar” kafesini icarə əsasında işlədən paytaxt sakini Həsən Bağırovun müştərilərə yerində xidmət göstərdiyi müəyyən edilib. Obyektin kabinetlərinə baxış zamanı ümumilikdə 13 nəfər müştəri müəyyən edilib. Onların hər biri, eləcə də kafeni işlədən Həsən Bağırov barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci ( epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə protokol tərtib edilərək, cərimələniblər.

 

Bir daha vətəndaşlardan tələb olunur ki, koronovirusla mübarizədə tətbiq edilən qaydalara mütləq qaydada əməl etsinlər.