Bakıda uşaqları ilə birlikdə intihara cəhd edən xanımın narkoman əri kimdir?

834

Bildiyiniz kimi, bir neçə gün əvvəl Bakıda ananın iki azyaşlı övladını dördüncü mərtəbədən atdıqdan sonra özünün də intihara cəhd etmək üçün yerə tullanması faktı gerçəkləşib.

Tükürpədici hadisə dekabrın 20-də gecə saat 23:00 radələrində paytaxtın Yasamal rayonu, Kənar Dairəvi küçəsi ev 28-də baş verib.

Bu barədə Yasamal rayon Prokurorluğunun açıqlamasında bildirilib ki, ilkin araşdırmalarla müəyyən edilmişdir ki, vətəndaş Nigar Cəfərova həmin gün gecə saat 23:00 radələrində azyaşlı övladları 2017-ci il təvəllüdlü Hüseyn Cəfərov və 2019-cu il təvəllüdlü Oktay Cəfərovu yaşadıqları binanın 4-cü mərtəbəsində olan mənzilin yataq otağındakı pəncərədən qısa zaman ardıcıllığı ilə yerə atmış, daha sonra isə özünü də həmin yerdən atmışdır.

Nəticədə, Nigar Cəfərova və övladları hadisə yerinə gələn şəxslər tərəfindən xəstəxanaya aparılaraq həkimlərin müdaxiləsi nəticəsində sağ qalmışlar. Hər üçü ağır kəllə-beyin travması almışlar.

Faktla bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) və 29, 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanmışdır.

İstintaq prosesində cinayətin motivi, o cümlədən əhəmiyyət kəsb edə biləcək digər hallar tam və hərtərəfli araşdırılmaqla müvafiq qərarın qəbul edilməsi və nəticəsi barədə ictimaiyyətə ətraflı məlumatın veriləcəyi gözləniləndir.

 

Yayılmış digər məlumata görə, hadisənin səbəbkarı Cavid Cəfərov adlı şəxsdir. Zərərçəkmiş ana ilkin ifadəsində əri Cavid Cəfərovun narkoman olmasını, öz azyaşlı övladlarını da narkotikə öyrətməyə səy göstərməsini, həmin gecə məhz adıçəkilən həyat yoldaşının cəngindən qurtulmaq üçün uşaqları ilə birlikdə intihara cəhd etdiyini bildirib. Cavid Cəfərovun hadisə günü saxlanılaraq izahatı alınıb, daha sonra sərbəst buraxıldığı iddia edilir. Barəsində həbs-qətimkan tədbiri seçilməyib.

Bəs, ata adı ictimaiyyətdən gizlədilən Cavid Cəfərovun özü və atası kimdir?

“Demokratik.Az” saytı bu sual ətrafında qısa araşdırmasında müəyyən edib ki, C.Cəfərov bir müddət əvvəl sabiq PA rəhbəri, akademik Ramiz Mehdiyevin müvafiq əmrilə AMEA-da məsul vəzifəyə təyin edilib. Atası da kifayət qədər tanınmış şəxsdir.

C.Cəfərovun özü və atası barədə bilgiləri tam dəqiqləşdirdikdən sonra oxucularımızın diqqətinə çatdıracağıq!