Bakıda rus bayrağının dalağalanması xalqı təhqir etməkdir

249

Gəlin özümüzü aldatmayaq, Laçın koridoru faktiki olaraq rusların nəzarəti altında ermənilərə işləyir…

İki əsrlik müstəmləkə siyasəti, həyasız assimilyasiya, azərbaycanlının öz doğma torpağında “spekulyant”, “baran”, “çuşka” sözləri ilə daima alçaldılması və s. biabırçı olaylar az imiş kimi, torpağının yarısı xarabazara dönmüş məmləkətdə Rusiya bayrağının küçələrdən keçirilərək Şəhidlər xiyabanına aparılması xalqı qəsdən təhqir etməkdir

Üç-dörd kəlmə deyəcəyəm, yenə də başlayacaqlar mənə nifrin yağdırmağa ki, adə qoymayın bu filan-filan olmuş bizim kişiliyimizə şəkk gətirir. Amma susan deyiləm, millətin qeyrətli oğulları canlarından keçib torpaqları azad etdilər. Şəhadətə çatanların sayəsində xalq qəddini dikəltdi! Amma nə gördük? Xirosimodan, Stalinqraddan beşbetər günə salınmış məskənləri, həqarətə məruz qalmış əzizlərimizin məzarlarını…

Əlimdə ixtiyar olsaydı, uzun illər ərzində Rusiya şəhərlərində, bazarlarında ermənilərlə iş birliyi qurub, alver edən, onlarla heç bir şey baş verməmiş kimi yeyib-içən vələdüzinaların beş-altısını boğazlayıb gətirərdim və Ağdamın xarabazarlığını göstərib deyərdim, baxın, yaxşı baxın, əgər bundan sonra da ibrət almayacaqsınızsa, Allah bəlanızı versin!

(Əvvəli ötən sayımızda)

İndi deyəcəyim sözlər bəziləri­nə qəribə gəlsə də, bu, danılmaz həqiqətdir. Çar jandarmeriyasının arxivlərində nələr yoxdur?! Məhz təkzibedilməz arxiv sənədələri əsasında biz hadisələr, fərdlər haqqında fikir yürüdə bilərik. Yet­miş il ərzində bolşevik ideoloqlar, hərbgü ateist tarixçilər, partiya fəalları daha o çirkab qalmadı ki, din xadimlərinin üzərinə atmasın­lar. Yazıçı və şairlər də onlardan geri qalmırdılar. Neçə nəsli inandı­ra bilmişdilər ki, Azərbaycanın din xadimləri içində qətiyyən əməli-saleh adam olmayıb. Molla, axund deyəndə hamının gözü qarşısına Şeyx Nəsrullah gəlir. Halbuki, qəri­nələr boyu istər Güneydə, istərsə də Quzeydə istiqlaliyyət və vətən uğrunda gedən bütün savaşlarda şəhadətə çatan din xadimlərinin sayı-hesabı yoxdur. Məğlub və məğmun olmuş milləti mənəvi iflasdan namuslu, qeyrətli, din xa­dimləri xilas edə bildilər.

İndi sözü­mün üstünə söz qoymaq fikrinə düşənlər unutmasınlar ki, tarixə maarifçilər kimi düşmüş böyük ziyalı dəstəsi nə etdisə, ancaq 20-ci əsrin 10-15 ili ərzində etdi, yenə  buna da şükür. Din xadimləri isə mübarizəni çoxdan başlamışdılar, hərbgü “Allahsızlar  ittifaqı” hakimiyyətə arxalanaraq millətin tarixini, keçmişini məhv edəndə ən dəhşətli zərbələri elə onlar aldılar. İndi bizim qürur mənbəyimiz əlyazmalar fondumuzdakı sərvətlər məhz din xadimlərinin zəhməti sa­yəsində sağ-salamat bizim günlə­rə gəlib çıxıblar. El-oba içində nü­fuz və hörmət qazanmış axundlar, şəcərəli seyidlər təqibləri, həbsləri gözlərinin altına alaraq minlərlə ziqiymət əlyazmanı, kitabı məhvdən, yandırılmaqdan qorudular. Din xa­dimlərimizin hamısı bizim danabaş alimnümaların dediyi kimi mürtəce və nadan deyildi. Müsəlmanların getdikcə zəlil,  keçmişindən bixəbər məzlum rəiyyətə dönməsini bi­rinci olaraq məhz namuslu din xa­dimləri başa düşüb duymuşdular. 18-19-cu əsrlərdə Rusiya imperi­yasında baş vermiş bütün müsəl­man üsyanlarının ilhamçıları və rəhbərləri  cəfakeş din xadimləri idi. Bu faktı dananlar elmdən tam bixəbər adamlardır.

Azğın pristavların, gecə-gündüz sərxoş olan mahal rəislərinin, adi uryadnikin özbaşınalığından boğaza yığılan Azərbaycan kəndli­si ya da fəhləsi öz doğma bəyin­dən, ağasından çox nadir hallarda insani münasibət görürdü. İngilis lordu lakeyə, ya da qulluqçuya “Con, xahiş edirəm, nahar tədarükü gör!” deyirdisə, bizim bəy isə işi düşəndə bağırırdı: “Adə, a gədə, itin balası, apar bu çuxanı dəyişdir. Bir də be­lə qələt eləsən atanı gordan çıxararam!”.. Təhqir olunan, əzilən insanların yeganə tə­səlli yeri məscid, dərdlərini ovunduran isə misilsiz mərsi­yələr, növhələr və hələ də cırlaşmamış bakirə mənəvi irs, göz bəbəyi kimi qorunan, ver­gülünə, nöqtəsinə riayət edi­lən müqəddəs adət-ənənələr idi. Silah gücünə ram edilmiş milləti, müsəlmanı onun ziqiymət mənəvi irsi sınmağa qoy­murdu. Bu dövrdə yazılmış mərsiyələrin, növhələrin, “sinəzən” adlanan əşarın hər beyti qan ağlayır, od püskürürdü. Mən hələ ən daş qəlbli insanı belə yerindən oynada bilən, qəsidələr­dən, “məclis”lərdən danışmıram.

Bəli, bir tərəfdən mütərəqqi din xadimləri, digər tərəfdən də şərəf əzabının nə olduğunu bilən, əc­dadlarının şanlı keçmişini hələ də unutmamış, amma sayca olduqca az əsilzadələr, təzə-təzə baş qal­dıran milli kapitalist  zümrəsi əl-ələ verərək, xalqın dadına çatdılar. M.Ə.Sabirin qələmindən çıxmış bu mərsiyəyə fikir verin, diqqətlə oxu­yun, özünüz nəticə çıxarın:

 

Aldı düşmən səndən də kam,

Pamal olmuş bütün İslam!

Gözünü aç, bax, ey ağam,

Bizi tapdar üdvan Əli,

Qoyub bizi ətşan Əli!

 

İslam olmuşdur payimal

Qəlbim olmuşdur pürməlal

Islama yetmişdir zəval

Əyağa dur, oyan Əli!

Tapdar bizi cahan Əli!

 

Çağır baban etsin əlac

Üdvan qoyubdur bizi ac,

Şahzadəsən qoy başa tac.

Olmuş gəda sultan Əli,

Qövmü-üdvan aman Əli!

Onda da yırtıcılar, əyyaşlar, xaçpərəstlər qarşısında quyruq bu­layanlar kifayət qədər vardı. Am­ma əməli saleh adamlarla müqayi­sədə bunlar çox az idilər, el tənəsi, ümumxalq qınağı imkan vermirdi ki, belələri qol-qanad açsın. Cə­miyyətdə pak, imanında sabitqə­dəm olanlar üstünlük təşkil edirdilər. Hacı Zeynalabdin Tağıyev kimi adamın mülkü titulu general-leytenanta bərabər sayılırdı, mən daha onun sərvəti-samanından danışmıram. Elə bir kişi, hamının millət atası saydığı bu böyük şəxsiyyət ölənə qədər başında ən aşağı tə­bəqənin geydiyi papağı gəzdirirdi. Bununla be­lə Mirzə Cəlil rəhmətlik Hacını də­fələrlə tənqid atəşinə tuturaq, onun karikaturasını jurnalında ver­mişdi.

Din xadimlərindən danışırıq… İndi isə məqaləmi şahidi və iştirakçısı olduğum bir əhvalatı nəql etməklə bitirmək istəyirəm.

1989-cu il payızı təzə-təzə qədəm­lərini Bakıya qoyurdu… “Azadlıq” meydanında hər iki gündən bir mi­tinqlər gedirdi, indi unutmuşam, bilmirəm nə üçünsə ruhanilər ida­rəsinə getmişdim. Şeyx cənablarını soruşdum, dedilər ki, idarənin balaca həyətində qonaqlarla çay içir. Məni dəvət etdilər, içəri girib əlimi döşümə qoyaraq Şeyx cənablarını sa­lamladım. O, salamımı mehribanlıq­la (biz çoxdan tanış idik, aramızda da həmişə səmimi münasibət var­dı) aldı və oturmaq üçün yer gös­tərdi. Mən ona hörmətlə cavab verdim:

  • Şeyx cənabları, müsaidənizlə hüzurunuzda ayaq üstə duraram, vaxtınızı çox almaq istəmirəm… Cavabım onun xoşuna gəldi, gü­lümsündü və yanındakıları mənə təqdim etdi: – Yoldaşlar bizim Okt­yabr rayonunun və “qorkomun” məsul işçilərindəndir, şəhərdəki bu qeylü-qalla bağlı yanıma gəliblər…

Açığını deyim ki, partiya mə­murlarının çox biədəb tərzdə plast­mas kreslolarda yayxanıb oturma­ları, qıçlarını ağayana tərzdə bir-bi­rinin üstünə aşırmaları məni əsəbləşdirdi. Söhbətimiz çox çəkmədi, vidalaşmaq istəyirdim ki, partiya məmurlarından biri istehza ilə soruşdu: – O meydanda yığışmaqla heç nə edə bilməyəcəksiniz. Parti­ya var, o da hər şeyi qaydasına qoyacaq. Daha nə istəyirsiniz?

  • Biz çox şey istəyirik, amma indi bir arzumu sizə deməliyəm. Ermənistanda istər nazirlər soveti­nin sədri olsun, istərsə də, lap Mərkəzi Komitənin katibi, katalikos Vazqenin qəbuluna düşmək üçün neçə gün əvvəl xəbər verirdilər, onun icazəsini mütəcəsinə gözlə­yirlər. Biz də istəyirik ki, hər kiçik məmur gəlib Qafqazın Şeyxinin hüzurunda ayağının birini o birisi­nin üstünə aşırıb saymazyana oturmasın. Ona hörmət eləmirsə, müsəlmanları vecinə almırsa, heç olmasa başındakı əmmaməyə hör­mət qoysun…

Partiya məmuru qıpqırmızı qı­zardı və daha dillənə bilmədi, indi bilmirəm bizim hörmətli şeyx cə­nabları bu əhvalatı, xatırlayır, ya yox.

Bakı küçələrində rus bayrağı niyə dalağalanmalıdır?

Televizorda Rusiyanın hansı kanalına baxsan eyni xəbərləri eşidirsən, filan aerodromdan qalxmış təyyarələr Stepanakertə bu qədər humanitar yardım aparmışdır. Özü də maraqlıdır ki, rus diktatorlar sanki bizlərə acıq verərək hər dəfə “respublika” sözünü işlədirlər. Gəlin özümüzü aldatmayaq, Laçın koridoru faktiki olaraq rusların nəzarəti altında ermənilərə işləyir. Oradan gündə nə qədər qüvvənin ora-bura getməsindən bizim xəbərimiz yoxdur. Təyyarələrlə daşınan canlı qüvvəyə, silaha nəzarət edə bilmirik. Özü də tez-tez xəbər verirlər ki, artıq əmin-amanlıqdır, ermənilər qayıdırlar. Orada geri qayıdan əbləhlərdən müsahibə də alırlar. Məni isə şəxsən təhqir edən Bakı küçələrində rus bayraqlarının dalğalanmasıdır. Özü də bu rəzaləti belə sözlərlə ört-basdır etməyə çalışırlar, bəs, heç demə respublikada olan rus icması bizimlə həmrəyliyini bildirmək istəyir. Əvvəla, bu icmaya daxil olan, ya da heç onun rəsmi üzvü sayılmayan ruslar Azərbaycanın tam hüquqlu vətəndaşlarıdırlar. İkincisi, onlar lap yaxşı bilirlər ki, Rusiya bizim qanlı düşmənimizin arxasında həmişə durub, onu silahlandırıb, bizim dədə-baba torpaqlarımızda erməni dövləti yaradıb. Azərbaycanın vətəndaşları olan ruslar çox gözəl bilirlər ki, istər 20-ci ilin Gəncə qırğınını, istər Yanvar qətlamını və Xocalı dəhşətini hansı millətin nümayəndələri törədib. Xocalıda əgər ermənilərin sayı bir rota qədər olubsa, rusların sayı bütöv bir alay olub.

Ən avam adam da bilir ki, Azərbaycanda bütün fitnə-fəsadı törədən, ideoloji təxribatı, “beşinci kolonnanı” idarə edən Moskvanın sadiq nökərləridir. Təəssüflər olsun ki, bu müdhiş şəbəkənin nəfəsi hələ gedib-gəlir. İki əsrlik müstəmləkə siyasəti, həyasız assimilyasiya, azərbaycanlının öz doğma torpağında “spekulyant”, “baran”, “çuşka” sözləri ilə daima alçaldılması və s. biabırçı olaylar az imiş kimi, torpağının yarısı xarabazara dönmüş məmləkətdə Rusiya bayrağının küçələrdən keçirilərək Şəhidlər xiyabanına aparılması xalqı qəsdən təhqir etməkdir.

Camaat həmişəki kimi arsızlığını, laqeydliyini göstərdi. Bayaq ərz elədim ki, Azərbaycanda yaşayan ruslar bizim tam hüquqlu vətəndaşlarımızdır. Belə olan təqdirdə onların Rusiyanın dövlət bayrağını küçələrimizə çıxarmaları yol verilməzdir.

Bunu özləri bilməmiş deyillər. Sadəcə olaraq rus harada olursa-olsun xislətinə sadiqdir. Həm də bilirlər ki, Azərbaycanda bundan da beşbetər həngamələr baş verib, amma yerli camaatın halı heç təğyir də tapmayıb.

Bəziləri etiraf edərlər ki, bəs nə cür olur bizim diaspora Avropanın küçələrinə bayrağımızı çıxarır piket filan təşkil edirlər. Bizim o ölkələrlə heç vaxt düşmənçiliyimiz olmayıb və onlar da bizlərə qarşı heç bir məsələdə iddiaçı olmayıblar.

Firuz HAŞIMOV