Bakıda narkotik satan daha bir silahlı şəxs tutuldu – FOTO/VİDEO

153

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən daha bir əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Baş İdarə əməkdaşlarının paytaxtın Suraxanı rayonunda keçirdikləri tədbir zamanı Bülbülə qəsəbəsində yaşayan Asif Süleymanov tutulub. Onun üzərində şəxsi axtarış aparılan zaman 12 qram narkotik vasitə olan heroin aşkar edilib.

Əməliyyat tədbirlərinin davamı olaraq, həmin şəxsin yaşadığı evə baxış keçirən polis əməkdaşları oradan əlavə iki kiloqram heroin, müvafiq sənədləri olmayan bir ədəd “Dragon” markalı vinçester tipli ov tüfəngi və həmin silaha aid 11 ədəd patron aşkar edərək götürüblər.

Asif Süleymanov ifadəsində narkotik vasitəni şəxsiyyəti istintaqa hələlik məlum olmayan İran vətəndaşından satmaq niyyəti ilə Biləsuvar rayonunda aldığını bildirib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Asif Süleymanov cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.