Bakıda iş adamının oğurlanmasında suçlanan şəxs azadlığa çıxdı – O, cinayətin törədilməsindən 20 il sonra həbs edilmişdi

72

Azərbaycandakı mütəşəkkil cinayətkar qruplaşmaya üzvlük və 20 il əvvəl biznesmenin öldürülməsinə görə beynəlxalq axtarışa verilən şəxs barəsində məhkəmə hökm çıxarıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində Akif Rüstəmovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Məhkəmənin hökmü ilə Akif Rüstəmov azadlığa çıxıb. Cəza təyin etmə müddəti keçdiyi üçün Akif Rüstəmov azadlığa buraxılıb.

Akif Rüstəmov Moskvada saxlanılaraq Azərbaycana ekstradisiya edilmişdi. O, Bakıda adam oğurluğunda ittiham edilirdi. Moskvaya qaçan Akif Rüstəmov beynəlxalq axtarışa verilmişdi.

1969-cu il təvəllüdlü Akif Rüstəmov 20 il ərzində başqa ad altında Moskvada gizlənirmiş. Rüstəmov başqasının pasportundan istifadə edərək Rusiya vətəndaşlığını alıb. Axtarış zamanı əməliyyatçılar onun kirayə mənzilindən İJ-70, “Brauninq” tapançaları, 9 mm kalibrli 23 patron, həmçinin Rüstəmovun şəkli olan saxta Qazaxıstan vətəndaşının pasportunu tapıblar.

Bununla əlaqədar olaraq, saxlanılan şəxsə silahların qanunsuz dövriyyəsi və saxta pasportdan istifadə ilə bağlı ittiham elan edilib. O, Rusiyada cəza aldıqdan sonra Azərbaycana ekstradisiya edilib.

Xatırladaq ki, Rüstəmov 23 il əvvəl Bakıda “İmproteks” şirkətinin vitse-prezidenti Matfey Rafailoviç Yelizarovun oğurlanmasında iştirak etməkdə ittiham edilərək, axtarışa verilmişdi.

Məlumata görə, Rüstəmov “qanuni oğru”, kriminal dünyasında “Lotu Tahir” və ya “Tahir Bülbülinski” adı ilə məşhur olan, 1969-cu il təvəllüdlü İbrahimov Tahir Abbas oğlunun rəhbərlik etdiyi cinayətkar dəstənin üzvü olub.

İddialara görə, Rüstəmov həmin cinayəti Yusif Əliyev (“Yuska Bakinski”) və “Əli” ləqəb ilə tanınan kriminal avtoritet, 1963-cü il təvəllüdlü Məmmədov Ələddin Saday oğlu ilə birlikdə törədib.

Xatırladaq ki, “İmproteks” şirkətinin vitse-prezidenti Matfey Yelizarov 22 fevral 1995-ci ildə oğurlanıb. O zaman məlumatlar yayılmışdı ki, naməlum şəxslər onu Mərdəkan qəsəbəsindəki bağ evinə apararaq azadlığa çıxması üçün yarım milyon ABŞ dolları tələb ediblər. Lakin cəmi 150 min dollar alaraq Yelizarovu azadlığa buraxıblar./musavat.com/