Bakıda azyaşlını küçələrdə diləndirən, qul kimi işlədən Razim və Rafayıl qardaşları – “ŞLANQLA DÖYDÜ, DEDİ AYAĞINDAN ASACAM…”

51

Azyaşlını məcburi əməyə cəlb etməkdə ittiham olunan 31 yaşlı Gəncə şəhər sakini Razim İmamverdiyevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hurriyyet.org virtualaz.org-a istinadən xəbər verir ki, azyaşlını paytaxtın mərkəzi küçələrində diləndirən və onu salfet satmağa məcbur edən Razim İmamverdiyevə bu işdə qardaşı Rəfayıl İmamverdiyev də “yardım” edib. Rəfayıl İmamverdiyevin barəsindəki cinayət işi ayrıca icraat götürülüb.

Qardaşlar barəsində Cinayət Məcəlləsinin 144.2.2.6-cı (məcburi əmək, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. R.İmamverdiyev barəsində axtarış elan edilib. O, ötən ilin dekabrında həbs olunub.

İttihama görə, Razim İmamverdiyev qardaşı Rəfayılla birgə əlbir olaraq yetkinlik yaşına çatmayan, 2006-cı il təvəllüdlü Rufan Vladimirovu (ad və soyad şərtidir-red) restoranların qarşısında diləndirməyə və salfet satmağa məcbur ediblər. Rufan onlarla birgə Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində kirayədə yaşayıb. Azyaşlıya psixoloji təsir göstərərək qorxudublar, öldürəcəkləri ilə hədələyiblər.

Razim özü “internat uşağı” olub…

Sözügedən cinayət hadisəsi kiçik yaşlarından ata-anasını itirən, internatda böyüyən Razim İmamverdiyevin ilk “əl işi “ olmayıb. Bundan öncə – 2009-cu ildə dələduzluğa görə məhkum edilib, həbsxanaya düşüb. Elə qardaşı Rəfayıl da ondan geri qalmayıb. Rəfayıl dələduzluq deyil, soyğunçuluq etdiyinə görə həbs olunub. Hər iki qardaş həbsxanadan çıxdıqdan sonra taksi fəaliyyəti ilə məşğul olublar. Dost-tanışları Razimi “Racu” kimi tanıyıblar.

R.İmamverdiyev ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib. İfadəsində qardaşı Rəfayıl və uşaqlıqdan ata-anası tərəfindən atılan Sərxanla birlikdə böyüdüklərini, küçələrdə maşın yumaqla dolandıqlarını, paytaxtda bir yerdə kirayə qaldıqlarını göstərib. İmamverdiyev qardaşları Rufanı da məhz Sərxana görə tanıyıblar. Azyaşlı Rufan Sərxanın arvadı Annanın ögey qardaşı olub. Rufanın digər bacısı Zarina isə Rafayılla qeyri-rəsmi ailə qurub. Bacılarının yanına gedib-gələn Rufan isə İmamverdiyev qardaşlarının toruna düşüb.

“Gənclik” metrostansiyasının qarşısında dilənçilik biznesi

Çox keçməyib ki, Sərxan özü cinayət törətdiyinə görə həbs olunub. Təxminən 2016-cı ildə Rəfayıl Rufanı öz yanına gətirib. Həmin vaxtdan etibarən Rufan onlarla eyni evdə yaşayıb: “Rufan 2014-cü idən “Gənclik” metrostansiyasının yaxınlığında avtomobillərə yaxınlaşır, salfet satır, dilənçilik edirdi. Rəfayılın yanına köçəndən sonra da eyni işlə məşğul olurdu. Heç vaxt onların işinə qarışmırdım. Rufanı diləndiyi yerə Rəfayıl aparıb-gətirirdi. Düzdür, bir neçə dəfə mən özüm də Rufanı diləndiyi yerdən götürüb evə gətirmişəm. Rəfayıl Rufana yaxşı baxırdı, onu oxumaq üçün kursa da yazdırmışdı. Amma Rufan dəfələrlə evdən qaçmışdı. Mən heç vaxt Rufanı döyməmişəm, onu dilənməyə məcbur etməmişəm. Qardaşımın da ona qarşı belə hərəkət etməsinin şahidi olmamışam”.

Atası ölən, bibiləri tərəfindən evdən qovulan, küçələrdə qalan uşaqlar…

Zərərçəkmiş Rufan Vladimirov ifadəsində valideynləri,  ögey bacıları ilə birgə Şüvəlan qəsəbəsində yaşadığını, 2013-cü ildə atası vəfat etdikdən sonra bibiləri tərəfindən evdən qovulduqlarını, Bayıl qəsəbəsinə köçdüklərini göstərib: “Atam öldükdən sonra anam Saşa adlı bir nəfərlə yaşayırdı. Saşa cinayət törətdiyinə (Rufanın bacılarından birinə təcavüz edib-red.) görə tutulmuşdu. Ondan sonra anam Namiq adlı başqa bir kişi ilə yaşayırdı. Namiq hər gün içirdi, evdə dava salırdı, qorxurdum. Ona görə də bacım Annanın yanında qalırdım. Bacımın əri Sərxan ona yaxşı davranırdı. Sərxanın dostu ilə də digər bacım Zarina ailə qurmuşdu. Bacımın ailəsinə kömək etmək üçün məndil satırdım. Sonradan Sərxan da tutuldu. Həmin ərəfələrdə Zarinanın əri Rəfayıl məni metronun yanında görüb dedi ki, bacın səni görmək istəyir. Uzun müddət olardı Zainanı görmürdüm, razılaşdım. Məni özüylə evlərinə apardı”.

“Deyirdi ki, dilənməlisən, hər gün evə pul gətirməlisən…”

Həmin gündən etibarən onsuz da uşaqlığından, ailə qayğısından, ana şəfqətindən məhrum olan azyaşlının qara günləri başlayıb. Rəfayıl onu evə gətirər-gətirməz  qarşısına şərt qoyub. Bu gündən etibarən ancaq onun üçün işləyəcəyini bildirib: “Deyirdi ki, səhərdən axşama kimi salfet satmalısan, hər gün evə pul gətirməlisən. Bu işi bacım Annaya hərdən kömək etmək üçün etdiyimi, tətildən sonra məktəbə getmək istədiyimi söylədim. Lakin Rəfayıl məni döydü. Dediklərinə əməl etməyəcəyim təqdirdə bacımı da döyəcəyini dedi. Hətta yanımda bacıma (Zarinanın həmin vaxt 16 yaşı olmayıb-red.) bir neçə şillə də vurdu. Məcbur olub onunla razılaşdım”.

Az pul qazananda uşağı döyüblər

Azyaşlının ifadəsinə görə, Rəfayıl hər gün onu “Gənclik” metrostansiyasının qarşısına aparıb, orada dilənməyə məcbur edib: “Məni salfet satmağa, bahalı avtomobil görəndə dilənməyə məcbur edirdi. Ondan qorxduğum üçün dillənə bilmirdim. 2016-cı ildə Rəfayılın qardaşı Razim də bizim yaşadığım evə köçdü. Razim də qardaşı ilə birgə məni dilənməyə məcbur edirdi. Onlar həmin ərazidə digər şəxslərin dilənməsinə imkan vermirdilər, maşında oturub kənardan nəzarət edirdilər. Rəfayıl məni və bacımı tez-tez döydüyünə görə ev sahibi bizi evdən çıxarmışdı. Qış Bulvarının yanına köçmüşdük. Hər gün 100 manatdan aşağı pul gətirməməyi tələb edirdilər. Az pul qazananda məni döyürdülər”.

“Yoldan keçənlərin mənə yazığı gəlirdi, yemək alırdılar…”

Rufan ifadəsində bildirib ki, Rəfayıl onu uzun saç saxlamağa məcbur edib, saçlarını qonşuluqdakı bərbərə daratdırıb, bu yolla McDonalds-a gələn müştərilərin diqqətini ona yönəldib. Balaca, uzun saçlı Rufanı ətrafda hamı tanıyıb, müştərilərə salfet  lazım olmasa belə xoş görünüşlü uşağı heç kim əliboş qaytarmayıb: “Yoldan keçənlər mənə yazıqları gəldiyi üçün yemək alırdılar. Səhərdən gecəyə kimi işləyirdim. Pulların hamısını əlimdən alırdılar, hara xərclədiklərini bilmirdim. Hərdən Rəfayıl məni anamın yanına aparıb görüşdürürdü. Anamın heç nə edə bilməy’cəyini başa düşdüyüm üçün heç nə demirdim. Razimlə Rəfayıl məni çox incidirdilər”.

Dilənməkdən bezən Rufan Gəncəyə qaçıb

Bütün günü ayaqüstə dayanmaqdan, dilənməkdən bezdiyini deyən azyaşlı İmamvediyev qardaşlarınının gözündən yayınaraq Əhmədli qəsəbəsinə yollanıb: “Rəfayılla Razim məni tapmasınlar deyə uzaq bir yerə getmək istədim. Balaca telefonum vardı, nə qədər zəng vursalar da, cavab vermədim. Əhmədlidə kompüter zalına gəlib oyun oynadım, orada da yatıb qaldım. Oradakı oğlanlardan birinin mənə yazığı gəldi, ayaqqabım cırıq idi, ticarət mərkəzinə aparıb mənə ayaqqabı aldı. Həmin oyun zalında olarkən Rəfayıl gəlib məni evə apardı”.

“Şlanqla döydü, ayağımdan asacağını dedi…”

Rufan deyir ki, evə gələndən sonra Rafayıl onu şlanqla döyüb, bir də qaçacağı təqdirdə ayağından asacağını deyib. Qorxusundan yenidən dilənməyə davam edib. Amma yenə də qaçmağa fürsət axtarıb. Bu dəfə avtobusla Gəncəyə gedib. Kalin yenə də onu tapıb geri qaytarıblar: “Avtovağzala gəldim. Bezmişdim, hara gedəcəyimi bilmirdim. İlk qarşıma çıxan avtobusla Gəncəyə getdim. Gəncədə heç kimim yoxdur. Rəfayılgilin əlindən uzağa qaçmaq istəyirdim. Gəncədə küçələrdə qaldım, gecələr yatmadım. Polislər məni tapıb bölməyə apardılar. Başıma gələnləri onlara danışdım. Rəfayılın nömrəsini istədilər, zəng vurdular. Bundan sonra anam, Rafayıl və Razim məni gəlib Gəncədən Bakıya aparıdılar.Geri qayıdandan sonra Rafayıl da, Razim də məni möhkəm döydülər, anam da qorxusundan heç nə edə bilmədi. Yenə dədiləndirməyə başladılar”.

Nəhayət, 2018-ci ilin sentyabrında Nərimanov rayon Polis İdarəsinin əməkdaşları Rufanı “Gənclik” metrostansiyasının yaxınlığında görüb onu polis bölməsinə aparıblar. Məhz bundan sonra Rufan Azərbaycan Uşaqları İctimai Birliyinə yerləşdirilib. Ona əzab verənlər isə tutulublar…