Bakıda 17 il əvvəl oğurlanan gəminin izi ilə…

654

Qəmbər Səfərova aid gəminin oğurlanmasında bir sıra məmurun adı hallanır

“Mənə məxsus “Yunıy moryak” adlı gəmi “Mərdəkan broyler”lə Dövlət Dəniz Administrasiyası tərəfindən ələ keçirilib”

Səfərov Qəmbər Səfər oğlu uzun illər Rusiyada polis orqanlarında çalışıb. 1992-93-cü illərdə təqaüdə çıxaraq, Azərbaycana dönüb. Ölkəyə qayıtdıqdan bir müddət sonra öz peşəsinə uyğun iş tapmaq üçün Daxili İşlər Nazirliyinə (DİN) müraciət edib. Lakin həmin vaxt DİN-dən müsbət cavab ala bilməyib, yəni onu işə qəbul etməyiblər. Bir neçə il işsiz qaldıqdan sonra, nəhayət, bizneslə məşğul olmağa qərar verib. Rusiyadan Azərbaycana qayıdarkən özü ilə müəyyən miqdarda pul gətirdiyindən, biznesə başlamaq üçün əlində sərmayəsi də olub. Çox götür-qoy etdikdən sonra, Rusiyada müxtəlif vəzifələrdə çalışan dostlarının köməkliyi ilə kiçik gəmilərin alqı-satqısı işinə başlayıb.

Beləliklə, 1997-ci ildən etibarən Rusiyanın Həştərxan vilayətindəki zavodlardan və fiziki şəxslərdən kiçik həcmli gəmilər, katerlər alaraq Azərbaycana gətirib və burada müxtəlif adamlara satıb. Amma çox keçməyib ki, onun bu yolla qazanc əldə etməsi bəzi vəzifəli şəxsləri narahat edib. Hansı ki, məhz bu səbəbdən Qəmbər Səfərov müflis vəziyyətə gətirilib və illərdir ona dəyən zərərin qarşılığını ala bilmir. Baxmayaraq ki, bütün məhkəmə instansiyaları onun xeyrinə qərar verib, lakin onun qarşısında dayanan şəxslər öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, Q.Səfərovu illərdir süründürməçiliyə salıblar…

“Aydın Əhmədov 5 min dollarımı vermədi”

“Hürriyyət”ə müraciət edən Q.Səfərov deyir ki, bir neçə il kiçik həcmli gəmilərin alqı-satqısı ilə məşğul olduğundan, onun bu sahədəki fəaliyyəti çoxlarına bəlli olub. Bu səbəbdən, 2003-cü ildə “Mərdəkan-Broyler” ASC-nin direktoru Aydın Əhmədov onu öz ofisinə dəvət edərək, gəmi almaq istədiyini bildirib:

“Aydın Əhmədov məni çağırdı ki, “Mərdəkan-Broyler”ə balıqçı gəmisi lazımdır. Mən ona istədiyi gəmini gətirə biləcəyimi bildirdim. Bundan sonra “Mərdəkan-Broyler” şirkətinin adından mənə etibarnamə verildi və gedib Astraxandan (Həştərxan – red.) 40 min dollara 25 metr uzunluğunda balıqçı gəmisi alıb gətirdim. Bunun qarşılığında Aydın Əhmədov mənə 5 min dollar verməli idi, amma o, həmin pulu verməkdən imtina etdi”.

“Rusiyadan qonağım olduğundan, bir həftə onlarla Azərbaycanın müxtəlif yerlərini gəzdim, qayıtdım ki, gəmi yoxdur”

Qəmbər Səfərov deyir ki, dəfələrlə A.Əhmədovdan pulunu tələb etsə də, ala bilməyib. Üstəlik, onun tərəfindən şantaj və təhdidlərə məruz qalıb. Bundan sonra yenidən öz fəaliyyətinə davam edib. Bu zaman gəmi kapitanı olan tanışlarından biri ona təklif edib ki, başqalarına pul qazandırmaqdansa, özləri üçün gəmi gətirib, Xəzərdə səyahət məqsədilə turlar təşkil edib, pul qazansınlar: “Kapitan tanışım vardı, dedi ki, bir ədəd sərnişin gəmisi alaq, Xəzərdə müxtəlif istiqamətlərdə, məsələn, Bakı-Nabran istiqamətində sərnişinlərin daşınması ilə məşğul olaq, cavanlar getsin-gəlsin. Tanışımın təklifini qəbul edib, yenidən Astraxana yola düşdüm. 2003-cü il, fevralın 28-də istədiyim sərnişin gəmisini alsam da, bir neçə ay onu təmir etdirmək məcburiyyətində qaldım. Ümumilikdə 100 min dollardan çox pul xərclədim və gəmin yaxşı yığdırdım. Pulum qurtardığından, 10 min dollar da borc aldım. Nəhayət, 26 iyulda “Yunıy moryak” adlı daşıntı gəmisi ilə Bakıya qayıtdım. Həmin gün gəmini Hövsandakı “balıqçı portu”na təhvil verdim. Rusiyadan qonağım olduğundan, bir həftə onlarla Azərbaycanın müxtəlif yerlərini gəzdim, qayıtdım ki, gəmi yoxdur”.

“Gedib gördüm ki, mənim gəmimi SOCAR-ın Zığda yerləşən zavodlarının birində saxlayıblar…”

Q.Səfərovun sözlərinə görə, 3 il müddətinə gəmini axtarsa da, onu heç yerdə tapa bilməyib: “3 il axtardım, Lənkəran, Astara, Biləsuvar, Neftçala, Bakı ətrafında baxmadığım yer qalmadı. Sərhəd Qoşunlarındakı tanışlarım vasizəsilə öyrəndim ki, ərazi sularından da çıxmayıb, sonra düşündüm ki, yəqin haradasa batıb. Lakin 3 il sonra bir nəfər tanışım dedi ki, Zığda sənin gəminə oxşar bir gəmi var. Gedib gördüm ki, SOCAR-ın Zığda yerləşən zavodlarının birində mənim gəmimi böyük gəmilərin arasında saxlayıblar. Həmin vaxt dərhal Səbailin İstintaq Şöbəsinə ərizə yazdım ki, mənim gəmim oğurlanıb, filan yerdədir. Buna baxmayaraq, sonradan cinayət işini “mülki iş” kimi təqdim etdilər…”

“Aydın Əhmədov dedi ki, mən Bəylər Eyyubovun adamıyam, sənin başına oyun açaram”

Haşiyə çıxaraq qeyd edək ki, Q.Səfərovun özü üçün biznes məqsədilə gətirdiyi gəmi Bakıya çatandan bir neçə gün sonra “Mərdəkan-Broyler” ASC-nin direktoru Aydın Əhmədov bundan xəbər tutub. O, Qəmbər Səfərova zəng açaraq həmin gəmini almaq istədiyini bildirib. Lakin Q.Səfərov gəmini satmaq məqsədilə gətirmədiyini, özü üçün istifadə edəcəyini bildirib. Bütün bunlara rəğmən, A.Əhmədov gəmini almaqda israrlı olub. Hətta o səviyyədə ki, xoşluqla əldə edə bilməyəcəyini görərək, Qəmbər Səfərovu hədə-qorxu ilə çəkindirməyə, gəmini ona satmağa məcbur etməyə çalışıb. O, Prezidentin Təhlükəsizlik Xidmətinin rəis müavini (indiki rəisi – müəl.) Bəylər Eyyubovun adamı olduğunu bildirib və “sənin başına oyun açarıq”, – deyə hədə-qorxu gəlib: “Evimə də adam göndərdi ki, bilmirsiniz, biz kimik və s.”.

“Gəmi oğurlandıqdan sonra saxta müqavilə ilə “Mərdəkan-Broyler”in mülkiyyətinə keçib”

Şikayətçinin sözlərinə görə, gəmi oğurlandıqdan sonra onun adından saxta müqavilə düzəldilib ki, guya, “Mərdəkan-Broyler”lə onun arasında bağlanılan müqavilə əsasında gəmini satıb. Bu müqavilədə göstərilib ki, guya, onlar arasında anlaşma 2003-cü il, yanvarın 9-da bağlanıb. Halbuki, gəmi həmin il fevralın 28-də Həştərxandan alınıb, 26 iyulda isə Bakıda olub. Bununla bağlı əlində sənədlər olduğunu deyən Q.Səfərov bildirir: “Mən “Yunıy moryak” adlı daşıntı gəmisini Həştərxan şəhərində olarkən Rusiya vətəndaşı Musatov Mixail Nikolayeviç adlı bir şəxsdən 20 fevral 2003-cü il tarixli alqı-satqı müqaviləsi əsasında aldım. Fevralın 28-də tərəflər arasında təhvil-təslim aktı tərtib olunaraq gəmi mənə təhvil verildi”.

Yeri gəlmişkən onu da qeyd edək ki,Mərdəkan-Broyler”lə Q.Səfərov arasında bağlanıldığı iddia olunan müqavilənin möhürünün və onun imzasının saxta olduğu sonradan ekspertiza tərəfindən də təqsdiq olunub.

“Bu məsələdə Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanovun da əli var”

Qəmbər Səfərov iddia edir ki, ona məxsus “Yunıy moryak” adlı gəmi “Mərdəkan broyler”lə Dövlət Dəniz Administrasiyası tərəfindən ələ keçirilib. Onun sözlərinə görə, bu məsələdə Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanovun da əli var və onun imzası ilə bir sıra saxtakarlığa yol verib. Belə ki, Q.Qurbanov tərəfindən ona məxsus gəminin guya “Mərdəkan broyler”ə aid olması haqda mülkiyyət hüququ haqqında şəhadətnamə verilib…

Bütün bunlar haqqında növbəti sayımızda daha ətraflı məlumat verəcəyik. Bizi izləyin!

Hazırladı: AYXAN