Bakı apteklərində qoruyucu maskalara tələbat kəskin artdı, çinlilər yeşiklə alır – “YƏQİN ÖZ ÖLKƏLƏRİNƏ GÖNDƏRİRLƏR…”

12

Çində ötən ilin dekabrından peyda olan və sürətlə yayılan ölümcül koronavirus (2019-nCoV) səbəbindən dünyada tibbi maskaların çatışmazlığı yaranıb. Artıq “Amazon” və “Alibaba” onlayn platformalarında maska satan bir çox mağazalarda mallarının tükəndiyi deyilir.

Hurriyyet.org virtualaz.org-a istinadən xəbər verir ki, “Bloomberg” bəzi satıcıların pərakəndə satışı dayandırdığını, ştokda yalnız iki mindən on minə qədər maska sifarişlərinin qarşılandığını yazıb. Bəzi məlumatlara görə, normalda 1 ədədinin qiyməti 2-3 dollar olan “N95” maskası 6-7 dəfə baha, 6 ədədi 100-130 dollara satılır. 

Çin, Honq Konq və Sinqapurda əhali maska ala bilmək üçün apteklərin qarşısında növbəyə düzülür.  Hətta ABŞ-ın San-Fransisko, Orlando kimi bəzi şəhərlərinin sakinləri yerli aptek və dükanlardan maskaların yoxa çıxdığını deyirlər. Çin icmalarının nümayəndələri kütləvi şəkildə maskaları alaraq öz vətənlərində yaşayan qohumlarına göndərirlər. Hətta bir çox çinlilər “WeChat” tətbiqetməsi vasitəsi ilə aldıqları tibbi ləvazimatları satır və ya mübadilə edir.

Bahalaşma, qıtlıq və saxta maskalar…

Nəşr yazır ki, maskaya tələbatın artmasından istifadə edən dəllallar da var. Məsələn, Çinin “Taobao” internet platformasında saxta “N95” tənəffüs maskaları satan 80-dən çox mağaza bağlanıb. Bu mağazalarda iki gün ərzində 80 milyon saxta maska satıldığı bildirilir. Hər kəsə maska çatsın deyə Honq Konqda pərakəndə satış şəbəkələri adambaşına 50 maskadan çox satmağı məhdudlaşdırıb.

Türkiyədə də tibbi maskalara təlabat artdığından qiymətlər iki dəfəyədək yüksəlib. Türkiyə mətbuatının xəbərinə görə, virusun qeydə alındığı gündən indiyədək təkcə İstanbul hava limanındakı apteklərdə 10 mindən çox tibbi maska satılıb. Pekin, Şanxay və Quançjou sərnişinlərinin İstanbula gəlməsi səbəbindən sərnişinlər ehtiyat tədbirləri kimi maskadan istifadə edirlər. O da məlum olub ki, alıcıların əksəriyyəti çinlilərdir. Aptek satıcıları bildiriblər ki, “süzülmüş maskalar” tükənib, 3 qatlı maskaların qiyməti isə artıb.

Dünyada maska tələbatını qarşılamaq üçün artıq bir çox tibbi məhsul istehsalçıları maska istehsalını artırmağa başlayıblar. Məsələn, Yaponiyanın “Unicharm” fabriki məhsullarına tələbatın on qat artması səbəbindən sutkalıq iş rejiminə keçib.

Azərbaycan da qabaqlayıcı tədbirlər görür

Koronavirus təhlükəsi ilə bağlı Azərbaycanda da cavabdeh dövlət orqanları gücləndirilmiş iş rejiminə keçiblər. Prezident İlham Əliyevin tapşırığı ilə baş nazir Əli Əsədov  aidiyyatı dövlət strukturları rəhbərlərinin iştirakı ilə müşavirə keçirib,  epidemiyaya qarşı qabaqlayıcı tədbirlərin görülməsi haqda qərar qəbul edilib. Azərbaycan Hava Yolları Çinə uçuşları müvəqqəti olaraq dayandırıb. Dövlət Gömrük Komitəsi sərhəd-keçid məntəqələrində giriş-çıxışı xüsusi nəzarətə götürüb. Səhiyyə naziri “Yeni 2019-nCoV koronavirus xəstəliyinə qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə” əmr imzalayıb. Hələ virusun ölkəyə gəlib çatdığı rəsmi olaraq təsdiqlənməsə də, artıq Azərbaycanda da əhali apteklərdə maska tədarükünə başlayıb.

Virtualaz.org ölkəmizdə də tibbi maskalara təlabatın artıb-artmadığını öyrənmək məqsədilə Bakının bəzi apteklərində müşahidə aparıb, satıcılarla söhbətləşib. Məlum olub ki, xüsusilə son bir həftədə paytaxt apteklərində qoruyucu maska satışı bir neçə dəfə artıb. Alıcılar arasında Çin və digər ölkələrin vətəndaşları çoxdur, həmçinin uşaqları məktəbə gedən valideynlər də bu yolla övladlarını virusdan qorunmağa çalışırlar.

Çinlilər Bakı apteklərindən maskaları ədədlə yox, qutularla alır

“Hazırda maskaya tələbat həddindən artıq yüksəkdir. Əgər əvvəllər gün ərzində bir qutu maska satırdıqsa, indi günə 4-5 qutu maska satılır. Ən çox alanlar da çinlilərdir. Onlar bizim kimi 1-2 ədəd maska almırlar, qutu ilə alırlar. Çox güman ki, öz ölkələrindəki yaxınlarına da göndərirlər”, – Yasamal rayonu, A. Abbasov küçəsində yerləşən aptekin əməkdaşı deyib.

Nəsimi rayonu, 28 may küçəsində yerləşən apteklərdə də  son günlər maskaya tələbatın artdığını təsdiqləyiblər. Samir adlı satıcı söyləyib ki, xaricdəki kimi kütləvi axın yoxdur, növbələr yaranmayıb, amma alıcıların sayında ciddi artım var: “Aptekə girən müştərilərin xeyli hissəsi maska soruşur. Hətta rəngi də fərq etmir, ağ, qara, yaşıl, nə rəng olsa alırlar. Amma tələbata baxmayaraq qiymətdə dəyişiklik yoxdur, tibbi maskanın biri 10 qəpiyə satılır”.

“Onlar Yaponiyada, Çində olur…”

Maskaların növlərinə gəlincə isə, qiyməti 10 qəpiyə satılan sadə maskalardan əlavə apteklərdə başqa maskaya rast gəlmədik. Satıcılardan biri xüsusi respirator-maska istəyimizə təbəssümlə cavab verir: “Onlar Yaponiyada, Çində olur”.

15 ilə yaxın aptekdə işlədiyini deyən digər satıcı isə heç vaxt xüsusi respirator-maskalardan görmədiyini deyir: “Yəqin ki, tələbat olsa, onları da gətirəcəklər. Qiyməti də adi maskalardan xeyli baha, 5 manatdır. Amma onun elə adı çıxıb, bu maska da onun gördüyü funksiyanı görür, sadəcə, yarım saatdan bir dəyişdirilməlidir”, – aptekçi deyir.

Metronun “Əhmədli” stansiyasından “Bakı kinoteatrı” istiqamətinə 5-dən çox aptek var. Satıcılar bildiriblər ki, virusla bağlı səs-küy yaranmadan əvvəl də qara rəngli tibbi maskanın alıcıları çox olub. Amma son bir neçə gündə əksəriyyət hər ehtimala qarşı maska tədarükü görür: “Düşünmürəm ki, bizdə maska tükənə bilər, təkcə bizim aptekdə bir rayona çatacaq qədər ehtiyatımız var, depodan sifarişlər rədd edilmir”, -Aytəkin adlı satıcı isə belə deyib.

Suraxanı rayonu, Zığ qəsəbəsindəki apteklərdə də maska qıtlığı yaşanmır, baxmayaraq ki, satıcılar maskaya təlabatın artdığını söyləyiblər. “Ağ rəngli maska ilə qara rəngli maskanın keyfiyyət fərqi yoxdur, sadəcə gənclərin əksəriyyəti qara rəngli maskalara üstünlük verirlər. Buna görə də daha çox qara rəngli maska gətiririk. Amma filtrli maska satmırıq, təlabat yaranarsa, sifariş verə bilərik”.