Bakı-Tiflis-Qars tranzitində geosiyasi irəliləyiş…

786

Azərbaycanın mövqelərinin güclənməsi “rəqibləri” narahat etməkdədir

Azərbaycanın İkinci Qarabağ müharibəsindəki qələbəsi və işğal olunmuş ərazilərin azad edilməsi bir başqa, heç də az əhəmiyyət olmayan “transkontinental miqyaslı” hadisəni, yəni Bakı-Tiflis-Qars marşrutu ilə müntəzəm yük daşımalarının təşkilini kölgədə qoydu. Nəzər alsaq ki, Ermənistan bu tranzit marşrutunun düşmənidir, deməli, İrəvan rejimi və arxasında duranlar “ikiqat məğlubiyyət”ə uğradılar. Üstəlik, bu məğlubiyyətin erməni lobbisi üçün hansı miqyasda “fəlakətli nəticələri” olacağı hələ məlum deyil.

Sirr deyil ki, ermənilər tranzit xətlərinin həm Ermənistan ordusunun, həm də İrəvanın sponsorluq etdiyi separatçıların (xüsusən də “Cavak”) “nişangahı” altında olması olması kimi göstərirdilər. Eynilə, mütəxəssislər Çini də inandırmağa çalışırdılar ki, bu, Bakı-Tiflis-Qars xətti üzrə tranzitin “riskliliyinin” əsas amilidir. Əlbəttə, bu cür “risklər” Bakı və Tiflis üzərindən dəmir yolu tranzitinə alternativ təklif edən Kremli razı salırdı.

Lakin Rusiyadakı erməni lobbisinin, ilk növbədə Sergey Lavrov-Kalantarovun “fərsiz” siyasəti Kremlin mövcud tranzit imkanlarından tam istifadə edə bilməməsinə gətirib çıxardı. Hər şeydən əvvəl, Lavrovun separatizmə və sərhədlərin yenidən müəyyən olunmasına dəstəyi sayəsində ÇXR-dən Rusiya ərazisindən keçən dəmir yolu tranziti əvvəlcə Rusiya ilə Ukrayna arasında, sonra da Polşa ilə münasibətlərin pisləşməsi üzündən iflic oldu. Nəticə etibarilə görünən odur ki, Bakı-Tiflis-Qars Kremlin və Rusiya “Dəmir Yolları”nın gözünün qabağında Avrasiya dəmir yolu tranzitinin çox hissəsini tutur.

Erməni və ermənipərəst mütəxəssislər mövcud reallığı nəzərə almalıdırlar. Xüsusilə də, İrəvanın tərəfdarı və Gürcüstana qarşı nifrəti ilə tanınan rusiyalı tarixçi Maksim Medovarov. Hansı ki, o, Bakı-Tiflis-Qars magistralının hərəkətə düşməsi barədə “Facebook” sosial şəbəkəsində yazır:

“Həm Rusiya xarici siyasətinin və Xarici İşlər Nazirliyinin siyasi səriştəsizliyinə, həm də bir çox“ millətçi”mizin sərsəm proqramlarına dair yeni sübutlar istəyirsiniz? Budur, onlar.

Çin Türkiyə ilə sövdələşdi və Rusiyadan yan keçərək gedən yük qatarlarının hərəkətinə başladı. Bu qatarlar bərə ilə Xəzər dənizini keçərək, Qazaxıstana, oradan Bakıya, oradan Tiflisə, daha sonra da Türkiyəyə yola düşəcək…

Rusiya hakimiyyəti və diplomatiyası ən vacib ticarət yollarının ərazimizdən keçməsini təmin etmək üçün heç bir şey etmədi. Belə ki, Qazaxıstan, Azərbaycan, Gürcüstan de-yure olmasa da, ən azı de-fakto bizim ərazimiz olsun… “

Erməni “Facebook” istifadəçilərindən birinin guya Gürcüstan ərazisindən tranzitin “sərfəli” olmaması barədə etirazına cavab olaraq Maksim Medovarov belə dəyərləndirmə aparır:

“Niyə Gürcüstan ərazisindən tranzit sərfəli deyil? Rusiyadan başqa, hamı üçün sərfəlidir. Diplomatiya ilə məşğul olmasaydıq, onda bir nömrəli hədəf kimi Gürcüstanda hakimiyyət dəyişikliyi edərdik və dəmir yolunu Abxaziyadan keçirməklə tranziti dərhal bərpa edərdik”.

Mahiyyətcə, Maksim Medovarov burada Kremldə və İrəvandakı bir çox siyai xadimlərin anti-gürcü niyyətlərini “yenidən ötürür”. Onların çoxdan Gürcüstanda ermənipərəst çevriliş etmək, “beşinci kolon”​​dan erməni kuklalarını buraya hakimiyyətə gətirmək, Abxaziya işğaldan azad edilmədən və qaçqınlar geri qayıtmadan bu ölkə üzərindən Ermənistana tranzit açmaq planları var idi. Eyni zamanda, Bakı-Tiflis-Qars tranzitinin “qırılması”.

Aydıındır ki, M.Medovarov kimi şəxslər döyüşdən sonra kənara qaçıb, yumruqı yelləyir. Gürcüstanda dövlət çevrilişinə hazırlıq və Abxaziya ərazisindən keçən Ermənistanın tranzit layihəsi Qarabağın erməni işğalından azad edilməsi və Ermənistanın məğlub olması ilə uğurla “dəfn olundu”.

Digər bir ermənipərəst ekspert Stanislav Tarasov “Zurabişvili Putin və Ərdoğanla görüşmək istəyir” məqaləsində Bakı-Tiflis-Qars magistral yolu boyunca transkontinental layihənin reallaşmasından məyus olduğunu gizlətmir:

“… Ümumiyyətlə, Zaqafqaziyada və xüsusən Qarabağda dəyişikliklər prosesi yeni mərhələyə qədəm qoyur. Gürcüstan prezidenti Salome Zurabişvili Ankara ilə hər hansı bir ittifaqa qarşı çıxan və bölgədə ABŞ-AB-nin iştirakı olmadan hər hansı bir ittifaqın yaranma ehtimalından təşvişə düşən Fransaya bağlı olaraq “fürsətçilik” nümayiş etdirməyə başladı. Həm də NATO-nun Gürcüstanda olması ilə bağlı da sual yaranır. Bölgədəki proseslərin dinamikası sürətlənir”.

Rusiya, Azərbaycan və Ermənistan arasında Qarabağ müharibəsinə son qoymaqla bağlı üçtərəfli saziş imzalandıqdan sonra Cənubi Qafqazda hadisələrin bu qədər sürətlə inkişaf edəcəyini çox az adam gözləyirdi. Türkiyənin “Hürriyet” qəzeti bölgədə ortaya çıxan yeni vəziyyəti diqqətlə təhlil edərək, “hadisələrin zahiri görünən axarı yalnız “buz dağı”nın səthidir və aysberqin əsas hissəsi suyun altındadır, harada ki, dünya güclərinin arasında indiyə qədər mübarizə gedirdi, gedir və gedəcək”, – deyə xəbərdar edir.

Həqiqətən, Cənubi Qafqazda Rusiya, Qərb, Türkiyə və İranın maraqları bir-biri ilə sıx toqquşur. Dağlıq Qarabağ münaqişəsinin özü uzun müddətdir Suriyadan Liviyaya uzanan proseslərin və kökləri Gürcüstanda olan mürəkkəb bir silsilənin həlqələridir. Bu istiqamətlərdən hər hansı birindəki dəyişikliklər dərhal geosiyasi amillərin dəyişməsinə səbəb olur. Özünüz mühakimə edin.

Bu yaxınlarda, Almaniyanın “Cicero” nəşrinin yazdığı kimi, “Gürcüstan Qərb üçün müsbət istiqamətdə inkişaf etdi və nəinki keçmiş Yuqoslaviyadan tutmuş Avropa Birliyi üzvlüyünə namizəd dövlətləri deyil, hətta bəzi AB üzv dövlətlərini də geridə buraxdı”.

Qəfildən Brüssel narahatlığını dilə gətirməyə başladı ki, Tiflis Qərbyönümlü yoldan dönə bilər. Niyə? Xatırladaq ki, Türkiyənin “Haber7” nəşri xəbər verirdi ki, Gürcüstan Prezidenti Salome Zurabişvili “Gürcüstan Səfirləri 2020 Konfransı”nda çıxış edərək, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın altı ölkənin: Rusiya – Türkiyə – İran – Gürcüstan – Azərbaycan – Ermənistanın Əməkdaşlıq Platformasında iştirak təklifini dəstəklədi. Qəzetin yazdığına görə, bu, həm də Tbilisi ilə Moskva arasındakı təmasları ən yüksək səviyyədə nəzərdə tutur…

Gürcüstanın Şərq ilə Qərb arasındakı ticarətdə qovuşma nöqtəsi kimi strateji mövqeyinin Dağlıq Qarabağ münaqişəsi, xüsusən də İpək Yolu adlanan ərazidə nə qədər açar roluna malik olduğunu anlamaq üçün coğrafi xəritəyə sadəcə bir baxış bəs edir. Gürcüstan bu üstünlüklərdən istifadə etdi. İndi vəziyyət dəyişdi və yeni qərarlar ilə tələsmək lazımdır.

10 noyabrda Qarabağ müharibəsinə dair sülh bəyannaməsinin imzalanmasından bu yana çox vaxt keçməmiş, 4 dekabrda İstanbuldan Çinə ilk Türkiyə-Çin yük qatarı göndərildi. Qatar 20 dekabrda təyinat yerinə – Çinin Xian şəhərinə gəldi. İki həftəlik səyahət ərzində qatar iki qitəni, iki dənizi və beş ölkəni keçərək, Türkiyə, Gürcüstan, Azərbaycan, Xəzər dənizi və Qazaxıstandan 8693 km məsafə qət etdi. Türkiyə Xarici İşlər Nazirliyinin açıqlamasına görə, qatar Transxəzər koridoru ilə Şərq-Qərb dəhlizi və Bakı-Tiflis-Qars dəmir yolu boyunca irəliləyib. Tarixi səfər Türkiyədən 2300 kilometrdən çox, Gürcüstan ərazisindən 220 kilometr, Azərbaycan ərazisindən 430 kilometr, Xəzər dənizindən 420 kilometr (bərə ilə), müvafiq olaraq 3200 km və Qazaxıstan və Çindən 2100 kilometr ərazidən keçib. Uzunluğu 754 metr olan qatar məişət texnikası daşıyırdı…

Stanislav Tarasov isə Azərbaycanın Rusiyanın sülhməramlıları ilə əlaqəli bir “alternativi” ola biləcəyinə işarə vuraraq, “Gürcüstanın mövqeyini silkələməyə” çalışsa da, açıq şəkildə öz arzularını reallıq kimi göstərir və Gürcüstanı “ikibaşlı erməni macəraları”na sürükləməyə çalışır. Onun mülahizəsi budur:

“Azərbaycan Müdafiə Nazirliyi Rusiyanın Qarabağdakı sülhməramlıları üçün nəzərdə tutulan yükləri dəmir yolu ilə Azərbaycana göndərdiyini, bu cür hərəkətlərin Bakı ilə Moskva arasında imzalanan protokola uyğun olaraq həyata keçiriləcəyini bildirdi. Stepanakertdə (Xankəndində – müəl.) nəzəri olaraq ağır hərbi nəqliyyat təyyarələrini qəbul edə bilən hava limanının istifadəyə verilməsi ehtimalı yüksəkdir. O həm də mülki malların daşınması üçün bir logistika mərkəzinə çevrilə və gələcəkdə Dağlıq Qarabağın iqtisadi böyüməsinin vacib hissəsi ola bilər.

Rusiyadan birbaşa marşrut bir sıra maddi-texniki təchizat və logistika problemini aradan qaldıra və 15-ci Sülh Mühafizə Briqadasının hərbi qruplaşması üçün yeni əməliyyat imkanları yarada bilərdi. Bu, Azərbaycandan Naxçıvan muxtariyyətinə gedən yol tikintisi layihəsinə fayda verə bilər. Dəmir yolu rabitəsinin bərpası və Dağlıq Qarabağı Ermənistanla birləşdirə biləcək bir dəmir yolu xəttinin yaradılması təklifləri var. Çinin Sian şəhərinin Gümrü ilə qardaş şəhər əlaqələri qurması təsadüfi deyil. Beləliklə, Qarabağdakı və Zaqafqaziyadakı dəyişikliklər yeni bir mərhələyə qədəm qoyur”.

Görünür, Stanislav Tarasov  “Artsax”ın artıq mövcudluğunu dayandırması ilə barışmaq istəmir. Rus “sülhməramlıları” Azərbaycan Qarabağ bölgəsinin iqtisadiyyatının inkişafı və Azərbaycan ərazisindəki hava limanlarının istismarı məsələlərini həll etmirlər, bu məsələləri Naxçıvana gedəcək yolun inşası ilə əlaqələndirə bilməzlər (bölgədə maksimum 5 il qalacaq və oranı tərk edəcəklər). Bu səbəbdən, Gürcüstanın Azərbaycanla əməkdaşlıq etməsi üçün nə rus “sülhməramlıları”na, nə də erməni “vasitəçilərinə” ehtiyac yoxdur.

Ayrıca, Stanislav Tarasov bu gerçəklərə qarşı çıxa bilməyəcəyini söyləyir: “Türk mətbuatı Ərdoğana istinad edərək bildirir ki, “bölgədə təhlükəsizlik və əməkdaşlıq sisteminin formalaşdırılmasından ötrü diplomatik səylərin təşkili üçün praktik hazırlıqları “altılıq platforması” formatında müzakirə etmək üçün Tiflis artıq Ankara ilə bağlantıya keçib”. Ərdoğan bu mövzunu layihəyə müsbət reaksiya göstərən Rusiya prezidenti Vladimir Putinlə müzakirə edib.

Beləliklə, Stanislav Tarasov Gürcüstan ictimaiyyətini Türkiyə və Azərbaycanın tərəfdaşlığı ilə bağlı şübhələrlərlə doldurmaq və Tiflisi erməni avantüralarına qoşulmağa məcbur etmək cəhdlərinə baxmayaraq, bundan heç nə çıxmayacaq.

Bakı və Ankara Gürcüstana tranzitlə bağlı nəhəng iqtisadi inkişaf perspektivləri təqdim etməklə yanaşı, Gürcüstanın həqiqi müttəfiqləri olduqlarını sübut etdilər və ərazi bütövlüyünün bərpasını daima müdafiə edirlər. İrəvanda, əksinə Gürcüstan Abxaziyasını “başqa bir erməni dövləti” kimi qiymətləndirirlər və Gürcüstanın cənubundan keçən əsas tranzit yollarında “Cavaxk” separatçılığını dəstəkləməyə davam edirlər.

Ülviyyə ŞÜKÜROVA