Baki sakini YPX əməkdaşı tərəfindən qanunsuz cərimə olunduğunu iddia edir

603

Bakı şəhər sakini Aqil Dünyamalıyev Yol Patrul Xidməti (YPX) əməkdaşının qanunsuz hərəkətiylə üzləşdiyini iddia edir. Redaksiyamıza müraciət edən vətəndaş bildirir ki, dənizkənarı bulvarın yanında, sahil parkı istiqamətində avtomobillə hərəkət edərək kəsik zolaqda hərəkət zolağını dəyişmək üçün sayrışan işıq siqnalından istifadə edib və zolağı dəyişdiyinə görə, Yol Patrul Xidmətinin əməkdaşı tərəfindən şərlənərək 3 bal, 54 manat cərimə yazılıb:

Aqil Dünyamalıyev “Hürriyyət” vasitəsilə Daxili İşlər naziri Vilayət Eyvazova müraciət edib. Şikayət ərizəsini olduğu kimi təqdim edirik:

“Hörmətli Nazir Vilayət Eyvazov!

Mən Dünyamalıyev Aqil Rəşid oğlu 22.12.2020-ci il tarixində təxminən saat 11:12 radələrində HO2476 dövlət nömrə nişanlı avtomobili idarə etdiyim zaman, YPX əməkdaşları idarə etdikləri YPX avtomobili ilə saxladaraq, mənimlə nəzakətsiz formada və etik qaydalardan kənar davranıblar. Poilis əməkdaşı özünü eşidə bilməyəcəyim səs tonu ilə təqdim etdikdən sonra, məni ələ salmağa başladı. Belə ki, yol hərəkəti qaydalarını pozmadığımı onun diqqətinə çatdırdıqda, “istəyirsən, sənə 100 manat yazım” deyərək, kinayə ilə gülümsədi.

Polis əməkdaşı özünü necə təqdim etdisə, nə onun adını, nədə soyadını bilmədim. Yaranmış vəziyyətə, polis adına sığmayan haqsız yanaşmaya görə, hərəkət zolağının tələbini pozmasam da şərləndiyim üçün yol paturul əməkdaşının idarə etdiyi avtomobilin dövlət qeydiyat nömrəsini yadımda saxlaya bilmədim. YPX əməkdaşı heç bir qayda pozmadığım halda məni qanunsuz olaraq inzibati məsuliyyətə cəlb etdi.

Cənab nazir, sizdən xahiş edirəm ki, mənim “qayda pozuntum”un görüntüsü çıxarılaraq, daxili təhqiqat idarəsində araşdırılmasına göstəriş verəsiniz!

Ümid edirəm ki, sizin sayənizdə ədalət öz yerini tapacaq”.

YƏHYA