Bakı “səngər” diplomatiyasından çıxdı – Moskva bölgədə son “patronlar”ını atır

102

Regionda dost-düşmənlərin təzədən dəqiqləşdirilməsi prosesi başlayıb; Azərbaycan “kürəyi”ni Türkiyəyə “söykəyir”; Rusiya Bakını müharibə ilə hədələyir – ilginc şərh 

Rusiyanın Ermənistanı gizli şəkildə silahlandırması gündəmin əsas mövzularından biri olaraq qalır. Bəllidir ki, rəsmi Bakı işğalçı ölkəyə son silah tədarükü ilə bağlı ən yüksək səviyyədə və sərt reaksiya verib.

Prezident İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinə telefon açaraq narahatlığını bildirib. Ardınca Rusiya müdafiə naziri Sergey Şoyqu Bakıda olub. Lakin İlham Əliyev onu soyuq qəbul edib və Rusiya-Azərbaycan münasibətlərindən danışarkən ənənəvi olaraq, “strateji tərəfdaşlıq” ifadəsini deyil, “iki ölkənin əməkdaşlığı” sözlərini işlədib.

Müdafiə naziri Zakir Həsənovla görüşdə isə S.Şoyqu iyul-avqust aylarında işğalçı ölkəyə hava yolu ilə daşınan hərbi yüklərlə bağlı izahat verib. Ancaq prezidentin köməkçisi Hikmət Hacıyevin bəyanatından aydın olur ki, onun izahatı qaneedici sayılmayıb. Bununla da rəsmi Bakı Moskvaya çatdırıb ki, Azərbaycan tərəfi Rusiyanın ağır nəqliyyat təyyarələri ilə Ermənistana tikinti materiallarının daşındığına inanacaq qədər sadəlövh deyil.

Bakı Xəbər - İctimai Siyasi Qəzet

Bu fonda Azərbaycanın yeni təyin olunmuş xarici işlər naziri Ceyhun Bayramov Moskva səfəri zamanı Qarabağ məsələsində eyni prinsipiallığı sərgiləyib, Bakının bir daha nəticəsiz danışıqlara vaxt itirməyəcəyini həmkarı Sergey Lavrova bildirib. Nəzərə alsaq ki, bu gəlişmələr həm də Azərbaycan-Türkiyə hərbi əlaqələrinin ən yüksək fazaya qalxdığı, iki qardaş ölkənin müttəfiqliyinin strateji ittifaq forması almaq üzrə olduğu dövrə təsadüf edir, o zaman Bakının Rusiyaya münasibətdə sərtləşən siyasi kursunu görmək olar.

Fakt budur ki, Azərbaycan yeni “hücum diplomatiyası”na qərar verməklə yanaşı, öz dost-düşmənlərinin (rəqiblərinin) təzədən dəqiqləşdirilməsinə başlayıb. Bunun da əsas səbəbi şimal qonşumuzun hələ də Qarabağ konfliktinin həllinə köməkdən israrla boyun qaçırması, işğalçı Ermənistanı hər vəchlə Azərbaycandan qorumağa çalışmasıdır. Təcavüzkarın silahlandırılması da öncəliklə bu hədəfə hesablanıb: İrəvan Bakı qarşısında hərbi təchizat baxımından geri düşməsin, yekun etibarilə münaqişənin həlli uzansın, Azərbaycan və Ermənistan Rusiyanın orbitində qalsın.

*****

Sözsüz ki, işğalçı Ermənistan daim öz ağasının hərtərəfli dəstəyinə arxayın olduğu üçün illərdir öz maksimalist mövqeyindən geri durmur. Sərhəddəki toqquşmadan sonra Nikol Paşinyanın Azərbaycana qarşı qalib ədası və tipik erməni həyasızlığı ilə irəli sürdüyü 7 absurd şərt buna şübhə yeri saxlamadı. Srağagün isə Ermənistan xarici işlər naziri Zoqrab Mnatsakanyan analoji mövqeyi təkrarlayaraq bəyan edib ki, “Qarabağ məsələsində İrəvan hər hansı birtərəfli güzəştə getməyəcək”. Yəni işğala məruz qalan Azərbaycan da güzəştə getməlidir.

Bu təlimlər birbaşa Qarabağda müharibəyə hazırlıq idi...” - Rusiya hərbi  ekspertləri

Bəs ermənilərin anlamında Bakının güzəşti nədən ibarətdir? Əlbəttə ki, qanuni ərazilərimizi işğalçı tərəflə alver predmetinə çevirməkdən. Lap dəqiqi, Dağlıq Qarabağ və “Laçın dəhlizi”ni onlara güzəşt edib, əvəzində 5 rayonu (hamısını da yox!)  geri almağa razı olmalıyıq. İrəvanda böyük sülhü bax, belə təsəvvür edirlər.

Erməni rəsmilərinin Azərbaycan üçün qəbulolunmaz şərtləri isə Moskvanı tam qane edir. O səbəbə ki, Kremlə konfliktin tezliklə və kardinal şəkildə nizamlanması gərək deyil. Əks halda, Azərbaycan və Ermənistan onun təsir zonasından uzaqlaşacaq…

*****

Mövcud durum sövq-təbii bölgədə müharibə riskini artırır. Bu mənada Azərbaycanın regionda və dünyada Türkiyə ilə sinxron şəkildə çevik diplomatiya aparmaqla yanaşı, “kürəyini” tam olaraq qardaş dövlətə “söykəmək” istəməsi məntiqlidir. Ən azından, bu, sərt gerçəyin tələbi və diktəsidir.

“Ruslar daima Ermənistanı silahlandırıb və indikindən də çox silah veriblər. Sadəcə, yeni vəziyyət – Azərbaycanın artıq buna açıq reaksiya verməsidir. Daha doğrusu, Türkiyə-Azərbaycan münasibətlərinin yeni müstəviyə qalxmasıdır”.

Kimlər "KQB"nin agenti olub? – Sülhəddin Əkbər açıqlayır

“Yeni Müsavat”ın məlumatına görə, bunu Teleqraf.com-a müsahibəsində Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər deyib. 

Onun sözlərinə görə, hazırda Rusiya Bakı ilə Ankara arasında gedən intensiv müzakirələri, hərbi-siyasi dialoqu yaxından izləyir və narahatdır ki, Azərbaycanla Türkiyə arasında hərbi-siyasi müttəfiqlik sazişi imzalanar, iki ölkə strateji müttəfiqliyə gedər: “Yəni Kreml narahatdır ki, bütün sahələr üzrə Azərbaycan-Türkiyə münasibətləri müttəfiqlik sahəsinə daxil ola bilər. Məsələn, iqtisadi sahədə gömrük ittifaqı haqqında saziş imzalana, vahid iqtisadi zona yaradılması, vizaların ləğvi, qarşılıqlı olaraq vətəndaşlara oturma izni və işləmə imkanları verilməsi və sair mümkün ola bilər. Rusiyanın çəkindiyi və qorxduğu bu məqamdır. Odur ki, Azərbaycana təzyiq göstərir. Nümayiş etdirir ki, əgər siz, bu yoldan vaz keçməsəniz, mən Ermənistanı açıq şəkildə müdafiə edəcəyəm. Əslində yeni müharibə ilə bizi təhdid edir. Azərbaycan bu vəziyyətə hazır olmalıdır”.

Bakı müharibə hazırlığı içində - 10 min hərbçi, yüzlərlə zirehli texnika...

Siyasətçi Türkiyə-Azərbaycan münasibətlərinin yeni müstəviyə keçmə ehtimalının Rusiya baxımından riskli olmasına da diqqət yönəldib: “Rusiya bu riski nəzərə alaraq belə addımlar atır ki, Azərbaycanı çəkindirsin. Türkiyə-Azərbaycan arasında hərbi əməkdaşlıq sazişi imzalanmasının ardınca burada türk hərbi bazasının yerləşdirilməsi, silah depolarının yaradılması, eləcə də iqtisadi, sosial əlaqələrin genişləndirməsi baş verəcək. Biz eyni millətdən, mədəniyyətdən, toplumdan danışırıq. Bilirlər ki, belə bir şey baş versə, proses nə dərəcədə sürətli gedəcək və nəticədə Rusiya Azərbaycanı itirəcək. Məsələnin mahiyyətində bu durur”.

S.Əkbərə görə, Rusiya Azərbaycanı çəkindirmək üçün Ermənistandan istifadə edəcək. “Mən müharibə ehtimalını gözləyirəm. Tovuz istiqamətində hərbi təxribat ola bilsin ki, yoxlama məqsədi güdürdü, yoxlama və kəşfiyyat xarakterli bir hücum idi. Geniş miqyaslı müharibədə Rusiyanın maraqlı olacağını düşünmürəm, ancaq ruslar hesab edir ki, Ermənistan tərəfindən məhdud uğurlu əməliyyat olarsa, bu, Azərbaycan tərəfindən ciddi mesaj kimi qəbul edilər. Məhz bu təhlükələri nəzərə alaraq Azərbaycan və Türkiyə arasında əlaqələr inkişaf etdirilməli, hərbi müttəfiqlik haqqında sazişin imzalanması sürətləndirilməlidir. Biz anlamalıyıq ki, bu məsələdə gözləmə mövqeyində durduqca müharibə ehtimalı artır. Ancaq hərbi ittifaq sazişini bağladıqdan sonra Rusiya bu müharibənin bədəlinin ağır olacağını anlayacaq. Çünki bir var NATO üzvü Türkiyə ilə heç bir sazişi olmayan Azərbaycana hücum, bir də var Türkiyənin hərbi müttəfiqi olan Azərbaycana hücum… elə durum yaradılmalıdır ki, Rusiya şirnikləşməsin, çəkinsin”, – deyə o qeyd edib.

*****

Beləcə, Bakı “səngər” diplomatiyasından artıq çıxıb, qardaş Türkiyə ilə siyasi-hərbi ittifaqda işğalçı Ermənistan və onun havadarına qarşı birgə güc formalaşdırmaq yolunu tutub. Moskva isə belə görünür,  bölgədə son patronlarını atmağa qərar verib…

Analitik xidmət,
“Yeni Müsavat”