“Bakı Naxçıvana dəhliz açacaq…” – Moskvadan İrəvana ilginc hədə

42

Ermənistanda Kreml əleyhinə yeni demarşlar; Paşinyan Putinin əsəbləri ilə oynayır?; Rusiyalı politoloq: “Ermənilər işğal altındakı Azərbaycan torpaqlarına dərhal ”əlvida” deyəcəklər, əgər…”

Son vaxtlar Ermənistanda 1 nömrəli müttəfiq Rusiyaya qarşı baş qaldıran narazılıq dalğası həm də “əsəb savaşı” xarakteri almaqdadır. Ermənistanda anti-rusizm o həddə çatıb ki, artıq baş nazir Nikol Paşinyana bağlı media Rusiyanı Beynəlxalq Məhkəməyə verməklə hədələyir. Belə ki, Largir.am saytında gedən məqalələrin birində Moskva ilə İrəvanın qaz mübahisəsi ilə bağlı Paşinyan hökumətinə məhz  belə bir təklif edilir.

Ermənistandakı antirusiya isteriyası fonunda isə Rusiyanın AzadlıqRadiosunun erməni xidmətinin Moskvadakı reportyoru Roza Azatyanı deportasiya etməyə hazırlaşması barədə xəbər yayılıb. Axar.az-ın məlumatına görə, bu barədə Politik.am saytı yazıb. Sayt öz mənbələrinə istinadən bildirir ki, Rusiya xüsusi xidmət orqanları müxbirə Ermənistan Xarici İşlər Nazirliyinin diplomatik pasport verdiyini müəyyən edib.

“Diplomatik pasporta malik Roza Azatyan Rusiyanın maraqlarına qarşı hərəkətə keçib. Bunun sayəsində yaxın zamanlarda Ermənistanla Rusiya arasında güclü diplomatik qalmaqal yaşanacaq ki, bu da təkcə Ermənistanın Rusiyadakı səfirinin istefası ilə yox, həm də Mnatsakanyanın (xarici işlər naziri – red.) istefası ilə nəticələnəcək”, – deyə məlumatda qeyd edilir.

Bu da hamısı deyil. Düşmən ölkədən gələn xəbərlərdə həmçinin Rusiyanın Gümrüdəki 102 saylı hərbi bazasının Ermənistandan çıxarılması yönündə tələblər səslənməyə başladığı bildirilir. Həmin tələblər Rusiya ilə Ermənistan arasında hərbi müqaviləyə təzədən baxılması çağırışları fonunda edilməkdədir. Ermənilərin fikrincə, bazaya görə Moskva İrəvana təzminat ödəməlidir, nəinki əksinə.

*****

Ermənistan polisi 102-ci hərbi bazanın ərazisinə daxil olmağı və ...

Hələ ki belə çağırışlara Moskvadan rəsmi reaksiya yoxdur. Görünür, Nikol Paşinyanın məsələdə mövqe bildirməməsi Kremli təmkinli mövqe tutmağa vadar edir. Hərçənd gün kimi aydındır ki, işğalçı ölkədə anti-Rusiya ovqatı müstəsna olaraq, Paşinyanın özü və komandası tərəfindən körüklənir. Siyasi təhlilçilərə görə, bununla o, öz sələflərinin yolunu təkrarlamaq və şantaj yolu ilə Moskvadan əlavə güzəştlər qoparmaq istəyir. Çünki Ermənistanda Rusiya hərbi mövcudluğu, o cümlədən 102 saylı bazanın varlığı elə “Ermənistan” adlı qondarma dövlətin varlığı anlamına gəlir.

Gözlənildiyi kimi, Paşinyan iqtidarına qarşı müxalifətdə olan qüvvələr bu çağırışları dərhal onun əleyhinə istifadə eləməyə başlayıblar. Məsələn, rusiyayönlü oliqarx-siyasətçi, haqqında cinayət işi açılmış Qagik Tsarukyan deyib ki, Gümrüdən Rusiya bazasının çıxarılması erməni dövlətçiliyinin itirilməsinə gətirə bilər.

“Nikol Paşinyan hakimiyyətə gələndən bəri Ermənistanda 102-ci Rusiya hərbi bazasının çıxarılmasının zəruriliyi ilə bağlı söhbətlər gedir, hərçənd belə tələblər əvvəllər də səslənib”.

Bu fikri tanınmış rusiyalı politoloq Vitali Arkov söyləyib. O, eks-prezident Serj Sarkisyan və yaxınlarının da kredit adı ilə Moskvadan əlavə səxavətli maliyyələşdirmə almaq üçün etirazlardan şantaj vasitəsi kimi istifadə elədiyini xatırladıb.

“Aydındır ki, 102-ci Rusiya hərbi bazasını Ermənistandan çıxartmaqla bağlı Qərb tərəfindən vəzifə qoyulub. O məqsədlə ki, NATO-nun, daha dəqiqi, ABŞ-ın birləşməsi onun yerini tutsun” – deyən ekspert bunu da qeyd etməyi vacib hesab edir ki, hələ ki, Paşinyanın özü Rusiya ordusunun getməsi ilə bağlı fikirlərə açıq şəkildə dəstək ifadə etməyib və hətta rəsmi olaraq Gümrüdəki 102-ci bazaya baş çəkib.

Ermənilərdən Azərbaycan və Türkiyə əraziləri ilə bağlı sərsəm iddialar

“Güman eləmək olar ki, Paşinyanın özü də, İrəvandakı əksər siyasətçilər də soyuq başla anlayırlar ki, əgər Moskva ilə münasibətlərdəki vəziyyət o dərəcədə gərginləşsə və bunun nəticəsi kimi, Rusiya hərbçilərinin Gümrüdən çıxarılması gündəmə gəlsə, onda nəinki bütün işğal edilmiş Azərbaycan torpaqlarına dərhal ”əlvida” demək lazım gələcək, üstəlik, hətta Ermənistan öz formal ərazilərinin bir qismini də itirəcək. O zaman böyük yəqinliklə Bakı Naxçıvana həyati əhəmiyyətli dəhliz açacaq. İrəvanda isə vaxtilə vasitəçilərin təklif elədiyi ərazi mübadiləsi variantlarını müzakirə etməkdən qəti şəkildə imtina etdiklərinə görə dönə-dönə peşmançılıq keçirəcəklər”, – deyə Arkov vurğulayıb.

Bu xüsusda politoloq Paşinyanın Gümrüdəki hərbi baza məsələsi ətrafında vəziyyətdən Serj Sərkisyan dönəmində yaxşı sınaqdan çıxmış şantaj vasitəsi kimi istifadə edərək, Moskvadan əlavə maliyyə vəsaiti almaq istəyini daha real sayır.

Oxu.az - Paşinyan Moskvaya niyə çağırılıb? - ALTI SƏBƏB

“Heç kimə sirr deyil ki, Ermənistanın sosial-iqtisadi vəziyyəti kritikdir, əslində bu, tam bankrot olan bir dövlətdir. Qərb tərəfindən atılan ”qırıntılar” heç baş nazirin xanımı Anna Akopyanın korrupsiya sxemləri üçün belə bəs eləmir. Oliqarxlar bir-bir müxalifətə keçirlər. Paşinyanın Moskvaya qarşı ədəbsiz davranışı Ermənistan iqtisadiyyatının xilası və Paşinyanın özünün hakimiyyətdə saxlaması üçün Moskvanın pozitiv jestlərinə ümid bəsləmə imkan vermir. O səbəbdən də şantaj üsulu seçilib: ya hərbi əməkdaşlıq haqqında İrəvanın şərtləri əsasında yeni bir müqavilə bağlanır, ya da “çıxışa xoş gəldiniz” deyilir. Ancaq Serj Sərkisyana nəsib olanlar Paşinyana rəva görülməyə bilər. Paşinyan Kremlə qarşı özü üçün çox təhlükəli bir oyun qurub”, – deyə rusiyalı analitik sonda qeyd edib.

Bu oyunun nə ilə bitəcəyini yəqin ki, çox gözləmək lazım gəlməyəcək. Odur ki, Azərbaycan da ön tədbirlər görmək zorundadır. İlk növbədə Qarabağ və Naxçıvan  istiqamətlərində… /”Yeni Müsavat”/