Bakı-Moskva-Ankara üçbucağı: Baydenin qələbəsi nə vəd edir? – siyasilərdən çarpaz fikirlər…

75

Asim Mollazadə: “Amerikanın özəl siyasi sistemi var və hansısa lobbi qruplara bağlı siyasətçinin istəklərini balanslaşdıra bilir”

Qabil Hüseynli: “Hələ prezident olmamış siyasətçinin dünyanın ağası kimi danışması siyasi liberalizmdə başadüşülən deyil”

ABŞ-da keçirilən seçkilərdə Co Baydenin qələbəsi tam təsdiqlənməsə də, artıq onun Birləşmiş Ştatların növbəti prezidenti olacağı elan edilməkdədir.

Musavat.com xəbər verir ki, Azərbaycan, Türkiyə və Rusiya üçün Demokrat namizədin prezident seçilməsi yeni situasiya yaradır.
Baydenin Bakı və Ankaraya münasibətinin necə olacağı maraqlıdır.
Eyni zamanda Moskva ilə əlaqələrin hansı istiqamətdə davam edəcəyi əhəmiyyətli məsələdir.

Onun vitse-prezident namizədi Kamala Haris də qatı erməni sevdalısıdır. Hətta ötən il Bayden erməni diaspor təşkilatı “Hay Dat ABŞ” Komitəsinə məktub göndərmişdi.
O, qondarma soyqırımın tanınmasının vacibliyindən danışır, dəridən-qabıqdan çıxırdı. Baydenin mövqeyi həm də Türkiyəyə cəbhə açmaqdır.

Seçkiqabağı çıxışında da Ankaraya təzyiqlərin gücləndirilməsini vacibliyindən danışırdı.  Bayden senator kimi ABŞ Konqresində qondarma erməni soyqırımının tanınmasına yönəlik cəhdlərin mərkəzində yer alırdı.
2019-cu ildə bu yöndə bir qanun layihəsini bəyəndi. Bu il 24 apreldə qondarma “erməni soyqırımı”nın tam olaraq tanınması üçün çağırış etmişdi və bu məsələ ilə bağlı dəstək sözü verirdi.

Obama dövründə Ermənistana göndərilən ABŞ yardımlarına və Dağlıq Qarabağa verilən humanitar yardımlara rəhbərliyi birbaşa vitse-prezident Bayden etmişdi.
Ümumiyyətlə, Bayden 1955-2007-ci illərin arasında Konqresin erməni işlər üzrə qrupunun üzvü olub.

O, Azərbaycana qarşı olan 907-ci düzəlişin qəbul olunmasının və 1992-2008-ci illərin arasında Ermənistana, o cümlədən Qarabağdakı qondarma rejimə maddi yardımın ayrılmasının lehinə səs verib.

Bütün bunlar qanqaraldan detallardır və ilk gündən ekspertlər qedy edirdilər ki, Respublikaçı namizəd Donald Trampın qələbəsi sərfəlidir.

Rusiya ilə bağlı siyasətə gəlincə, prezidentlik kampaniyası dövründə Bayden Trampı Putinə qarşı yumşaq davranmaqda günahlandırırdı.

Ötən ayın əvvəlində Bayden rəqibini Rusiyanın müxalifət lideri Aleksey Navalnının zəhərlənməsinə susduğuna görə tənqid edərək, Moskvanı ittiham etmişdi.
“Kreml yenə də siyasi rəqibini susdurmaq üçün sevimli silahından – Noviçok kimyəvi maddələr agentindən istifadə etdi.
Bu, paranoyak Rusiya rejiminin heç bir tənqidə və ya müxalifətə dözmək istəmədiyinə işarədir”, – deyə Bayden bildirmişdi.
Göründüyü kimi, Bakı – Moskva – Ankara üçbucağı üçün Baydenin fəaliyyətində hər hansı pozitiv simptomlar tapmaq olmur.
Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə Musavat.com-a bildirdi ki, Bayden Azərbaycan əleyhinə olan 907-ci düzəlişin müəlliflərindən biridir.
Onun sözlərinə görə, vitse-prezidentliyə namizəd olan Kamala Hariss də Kaliforniyadandır və erməni diasporası ilə sıx əlaqələrə malikdir.
“Lakin Amerikanın özəl siyasi sistemi var və milli təhlükəsizlik maraqlarına uyğun olaraq, hansısa lobbi qruplara bağlı siyasətçinin istəklərini balanslaşdıra bilir.
Ona görə ümidvaram ki, ABŞ-Azərbaycan arasında tərəfdaşlıq, əməkdaşlıq davam edəcək. Çünki hər iki tərəfin maraqlarına uyğundur”, – deyə A.Mollazadə vurğuladı.
Deputat ABŞ-Rusiya əlaqələrinə gəlincə, qeyd etdi ki, ciddi dəyişiklik gözləmir: “Tənqidlərin tonu nisbətən yüksələ, sərtləşə bilər. Amma kəskin addımlar atılacağını hesab etmirəm”.
Politoloq Qabil Hüseynli Qərbdə demokratiyanın, siyasi liberalizmin böhran keçirdiyi qənaətindədir.
 Onun fikrincə, ikinci dəfədir Amerika seçkiləri qalmaqallı keçir və hər iki tərəf qalib gəldiyini iddia edir.

“Belə görünür ki, ABŞ seçki sistemində naqisliklər var və xalqın iradəsini tam əks etdirmir. Ona görə həm Bayden, həm Tramp zəfər çaldığını söyləyir.
Lakin Bayden çox yaşlıdır, 78 yaşı və bir neçə xəstəliyi var. Bu da analitiklərdə müəyyən təşvişlər yaradır.

Hətta debatların birində Bayden Trampa bir neçə dəfə Buş deyə müraciət etmişdi. Bu da onun yaddaşsızlıq problemindən xəbər verir.

Ümumiyyətlə, o, seçkiqabağı çıxışlarında təmkinli olmadı. Hələ prezident olmamış ayrı-ayrı ölkələri təhdid edir, ünvanına ittihamlar səsləndirirdi.

Bura Türkiyə, Rusiyanı və başqalarını aid etmək olar. Prezident olmamış siyasətçinin dünyanın ağası kimi danışması siyasi liberalizmdə başadüşülən deyil”, – deyə Q.Hüseynli qeyd etdi.

Ekspert hesab edir ki, Bayden yeri gəldi-gəlmədi erməniləri müdafiə edib, bədnam, gerçəkliyi əks etdirməyən qanunlara səs verib: “O, 505-ci düzəlişin müəllifidir.
Eyni zamanda özü və oğlu haqda Ukraynadakı korrupsiya skandalı dillərdə dolaşır. Tramp prokurorluğun bu məsələni araşdırmasını istəmişdi, amma alınmadı.
Mənə belə gəlir ki, Bayden inaqurasiyaya qədər siyasi mühiti qarışdıran bir sıra açıqlamalar verəcək.

Ümumiyyətlə, Demokratların bu namizədinin siyasi perspektivinə yüksək baxmıram. Onun vitse-prezidentliyə namizədi haqda da müsbət fikirlər gəzmir”.

Siyasi şərhçi Azərbaycanla gərginlik yaranacağını gözləmir: “ABŞ  bundan xeyir götürməz. Azərbaycan öz ərazi bütövlüyün bərpa edir və Avropanın, Amerikanın müttəfiqlərinin enerji layihələrində iştirak edir.

Həmçinin, ABŞ-ın Əfqanıstana gedən yükləri ilə bağlı logistik dəstək verir. Bundan əlavə, Azərbaycan Əfqanısandakı məhdud qoşun kontingentini 120-dən 140-a qaldırıb.

Vaşinqton bu amilləri nəzərə almamış deyil.  Ümumiyyətlə, Azərbaycan ehtirama layiq, dünya siyasətinə töhfə verən bir ölkəyə çevrilib, onunla “Sən” deyə yox, “Siz” xitabı ilə danışacaqlar”.

Emil SALAMOĞLU
Musavat.com