Bakı – Moskva əlaqələrində yeni səhifə – spikerin səfərinə fərqli rəylər

93

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti sentyabrın 21-dən Rusiyada səfərdədir. Sentyabrın 23-də spikerin başçılıq etdiyi parlament nümayəndə heyəti Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşüb. Lavrov bu səfərin Rusiya-Azərbaycan münasibətlərinin daha da inkişafına dəyərli töhfə olacağına inamını bildirib. Rusiya tərəfi yeni tərkibli Milli Məclisin nümayəndə heyətinin ilk səfərlərdən birini Rusiyaya etməsini yüksək qiymətləndirib. O cümlədən Azərbaycanın yeni xarici işlər nazirinin Rusiyaya bu cür səfərləri tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparmaq baxımından çox önəmlidir.

Lavrov qeyd edib ki, Rusiya Azərbaycanla həyatın bütün sahələrində, o cümlədən diplomatik müstəvidə münasibətlərini daha da dərinləşdirmək niyyətindədir. S.Qafarova da öz növbəsində deyib ki, Rusiya ilə Azərbaycan arasında bu illər ərzində strateji tərəfdaşlıq səviyyəsinə yüksələn güclü bir əməkdaşlıq formalaşıb. Bir sözlə, tərəflər bir-birinə qarşılıqlı etimadı diqqətə çatdırıblar.

Azərbaycanın Rusiyada səfiri olmuş siyasi analitik Hikmət Hacızadənin “Yeni Müsavat”a bildirdiyinə görə, sözügedən görüş dostluq nümayişi idi, amma ciddi məsələlər müzakirə edilmədi. Politoloq hesab edir ki, Rusiyanın Qarabağ məsələsində fəaliyyəti, yaxınlaşan müharibəyə münasibəti söhbətdən kənarda qaldı: “Görünür ki, bu mövzular başqa yerlərdə danışılıb. Ona görə də Lavrovla Milli Məclisin sədrinin söhbətində mühüm məqamlardan söz açılmadı. Mənə elə gəlir ki, Lavrovun dilində yazılan 5 rayonun qaytarılması xəbəri də jurnalistlərin səhvi idi. Onlar ürəklərindən keçəni yazıblar. Amma Rusiya Xarici İşlər Nazirliyi rəsmi şəkildə təkzib etdi və məsələ qapadıldı”.

Hikmət Hacızadə: "Demokratiyanın əhəmiyyəti" on Vimeo

Hikmət Hacızadə: “Bu görüşdə yaxınlaşan müharibəyə münasibət söhbətdən kənarda qaldı”

H.Hacızadənin fikrincə, Rusiya hansısa məxfi yollarla Azərbaycana və Ermənistana hərbi əməliyyat haqda mövqeyini bildirməlidir: “Bəlkə də hər iki tərəfə Moskvanın münasibəti deyilib, sadəcə, xəbərimiz yoxdur. Rusiya taktiki manevr edir və aşkar mövqe sərgiləmir. Moskva hansısa kanallarla fikrini açıqlayır. Çünki indi açıq mövqe qoymaq çətindir.  Əvvəla, Türkiyə gəlir, ikincisi, Ankaranın və Bakının qətiyyəti var, o cümlədən Paşinyanın Qərbə yönəlik siyasəti Kremlin xoşuna gəlmir. Ona görə bu faktorlar nəzər alınır və Rusiya ehtiyatla davranır. Ümumiyyətlə, vəziyyət qəlizləşib və biz arzu edirik ki, hər şey vətənimizin xeyrinə olsun”.

Hakimiyyət-müxalifət mübarizəsi intellektual müstəviyə keçərsə…” – Qabil  Hüseynli – Yenicag.Az

Qabil Hüseynli: “Moskvanın ürəyincə olmayan məqamlar varsa belə…”

Politoloq Qabil Hüseynli “Yeni Müsavat”a bildirdi ki, Milli Məclisin spikeri ilə Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko arasında müharibə haqda fikir mübadiləsi aparıldı, savaşın real olduğu söylənildi: “Eyni zamanda danışıqlar prosesinin yenilənməsindən də söz açıldı. Amma danışıqlar prosesinin bərpası haqda ümidverici söz söylənmədi. Lavrovun isə 5 rayonun qaytarılmasını, Madrid prinsiplərinin Kazan formatında gündəmə gəlməsini xatırladıb, əvəzində bölgəyə sülhməramlı qüvvələrin yerləşdirilməsi təklifi səslənib. Amma çox çəkmədi ki, Rusiya mətbuatı Lavrovun 5 rayon söhbətini təkzib etdi. Görünür, rusların böyük dövlət olaraq sözlərimizdən xoşları gəlməyib”.

Q.Hüseynli hesab edir ki, Moskvanın ürəyincə olmayan məqamlar varsa belə, bölgədə yeni reallığın formalaşmasını qəbul etməlidirlər: “Bu reallıq Türkiyənin gəlməsindən ibarətdir. Rusiya regionda ”at oynatması”, proseslərə diktə etməsi ambisiyalarından əl çəkməlidir. Əgər müharibə olacaqsa, bu, Türkiyə – Azərbaycanın yerdə qalanlara qarşı müharibəsi kimi olacaq. O halda Rusiya üçün əlverişli imkan yaranmayacaq. Müharibə kifayət qədər realdır. Rusiya qızışdırıcı rol oynamağa davam etsə, müharibə başlayacaq. Sadəcə, BMT, ATƏT səy göstərirlər ki, döyüşlər başlamasın, danışıqlar bərpa olunsun”.

ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan keçmiş həmsədri Metyu Brayza deyib ki, Ermənistanla Azərbaycan arasında genişmiqyaslı müharibənin başlanacağını gözləmir. Onun fikrincə, bunu tərəflərin heç biri istəmir. Brayzanın  fikrincə, bunu hətta Rusiya da istəmir.

O bildirir ki, münaqişə tərəflərinin hansısa birinin belə bir müharibəni davam etdirmək gücünün olub-olmadığı aydın deyil.

Keçmiş amerikalı diplomat hesab edir ki, ATƏT-in Minsk Qrupu daha münaqişənin nizamlanmasına vasitəçilik edə bilmir.

Emil SALAMOĞLU
“Yeni Müsavat”