Bakı: Dağlıq Qarabağdan məcburi köçkünlərin qayıdış arzuları

354
Le Monde, Fransa
23.11.2020

Müəllif: Pol Tavinyo

Bu gün 600 min azərbaycanlı əcdadlarının torpaqlarına qayıtmaq arzusu ilə yaşayır. Lakin bu arzunun gerçəkləşməsi üçün 26 ildən bəri viran qoyulmuş, tərk edilmiş həmin ərazilərin minadan təmizlənməsinə, bölgəyə ciddi investisiya qoyuluşuna ehtiyac var. Bu isə həqiqətən böyük səylər tələb edir.

Qarabağ qayıdış deməkdir. Azərbaycan 26 il ərzində qərb ərazilərinin itirilməsinin yaratdığı gərginlik içərisində yaşayıb. Bütün ötən dövr ərzində bu ərazilərin geri qaytarılması dövlətin davamlı siyasətinin tərkib hissəsi, xalqın isə əsas arzusu olub.

1990-cı illərin əvvəllərində ermənilərin azərbaycanlılara qarşı Ermənistanla yanaşı, həm də Azərbaycanın bu bölgəsində apardığı etnik təmizləmə nəticəsində azı 600 min insan Qarabağdan qovulub. İki ölkə arasında baş vermiş son döyüşlərdən sonra Bakı bölgənin böyük bir hissəsini azad edib. Noyabrın 10-da tərəflər Moskvanın himayəsilə atəşkəs razılaşması imzalayıb. İndi bu insanların çoxu, nəhayət, öz ev-eşiyinə qayıtmağa hazırlaşır.

Köçkünlərin böyük əksəriyyəti 1993-cü ildə Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağ və ətraf 7 rayonu işğal etməsi nəticəsində oradan qaçmaq məcburiyyətində qalmış insanlardır. O zaman çox kiçik qrup evlərini Azərbaycanı tərk etmək məcburiyyətində qalmış ermənilərlə dəyişib.

Bu gün insanlardakı intiqam, eyni zamanda geri dönmək istəyini onların həmin torpaqları hansı şəraitdə tərk etdiklərini bildikdə asanlıqla başa düşürsən. 78 yaşlı Ülkər Allahverdiyeva həmin günləri belə xatırlayır: “Ermənilər avqustun 13-ü, saat 18:00 radələrində kəndimizə girdilər. Evlərimiz tanklardan atəşə tutulurdu. Qorxudan titrəyirdim. Dəhşətli idi. Dərhal çölə qaçmalı olduq və sadəcə, özümüzü maşına atmağa vaxt tapdıq. Zinət əşyaları və ya pasportları götürməyə belə, vaxtımız olmadı. Təkcə döşəmədə gördüyünüz bu kiçik xalçanı götürə bildim. Evimizin qapısını açarla bağladığımı xatırlayıram, başqa heç nə. Avtomobilimiz də xarab oldu, üç gün piyada getməli olduq”.

Bu gün xanım Allahverdiyeva ailəsinin dörd üzvü ilə birlikdə Bakı ətrafındakı ikiotaqlı gecəqonduda yaşayır. “Evimizi 2006-cı ildə özümüz tikmişik”, – deyə o, qürurla bildirir.

Evin gəlini ənənəyə uyğun olaraq, bizə çay gətirir. Ülkər Allahverdiyeva isə əlindəki şəkilləri yerə qoymur. “Həyat yoldaşım, oğlum və qardaşım oğludur”, – deyə bildirir: “Silah götürüb döyüşdülər və həlak olublar. Onlar şəhiddirlər”.

Ülkər Allahverdiyeva daim doğma evini yenidən görmək xəyalı ilə yaşayıb. Amma Qarabağdakı yüzlərlə Azərbaycan kəndi kimi, onun yaşadığı Horovlu kəndi də tamamilə dağıdılıb. Bununla yanaşı, o, əcdadlarının torpağına nə vaxtsa qayıdacağına heç zaman şübhə etməyib: “Hökumətimizə həmişə etibar edirdim və bu gün də edirəm. Qələbəyə görə Prezident İlham Əliyevə təşəkkür edirik. Torpaqlarımıza qayıtmamız üçün icazə gözləyirik”.

Qarabağa qayıtmaq arzusu asan görünür, lakin qayıdışın forması hələ müəyyənləşdirilməyib. Ülkər Allahverdiyeva deyir: “Bizim evimizi yenidən tikmək üçün heç nəyimiz yoxdur. O qədər pulumuz da yoxdur. Prezident hər şeyi yenidən qurduqdan sonra oralara qayıdacağıq”. Bəs kəndin tezliklə bərpası mümkün olmasa? Yaşlı qadın quru səslə deyir: “Gözləyəcəyik, biz səbirliyik”.

“Onlar həyat yoldaşımı və oğlumu öldürüblər”

Qarabağda ermənilərlə birgə yaşamaq? Ülkər Allahverdiyeva buna etiraz edir. Gəlini Pənarə də başını yelləyir.

“Bizə etdiklərindən sonra mümkün deyil. Onlar mənim həyat yoldaşımı və oğlumu öldürüblər”, – deyə Allahverdiyeva bildirir. Qadın deyir ki, onun yaşadığı Horovlu kəndində heç zaman erməni olmayıb. Ermənilər ətrafdakı 12 kənddə yaşayırlarmış: “Ermənilər bizimlə birlikdə işləyirdilər. Heç bir gərginlik yox idi. Bizimlə yaşayanlar normal idilər. Toylarımıza gəlirdilər, biz də onların toylarına dəvət olunurduq”.

Bu yerdə söhbətə qızı Mehriban Quliyeva qoşulur. O, emosiyasını gizlədə bilmir: “Hər kəs orada iş tapacaq. Yeni həyata başlayacağıq”. Mehbarə Quliyeva hökumətin 2016-cı ildə 150 fərdi evdən ibarət Cocuq Mərcanlı kəndini bərpa etdiyini xatırladır. Bu, qarabağlı köçkünlərdə inam yaradıb.

Müzakirə gənclərin Bakıdan Qarabağa qayıtmaq istəyib-istəməyəcəyindən düşür. Bu an qadının nəvələrindən 25 yaşlı Günay əyləşdiyimiz kiçik mətbəxə daxil olur. O, tibb bacısı təhsili alır və nənəsinin fikrini bölüşür: “Bakını sevirəm, amma tibb bacısı işləyəcəyim Horovluya mütləq gedəcəyəm”.

Qəfildən mətbəxdə təxminən 60 yaşında kişi daxil olur. O, Allahverdiyevlər ailəsinin qonşusu və qohumudur. Kişi əsəbi halda deyir: “Atamın cəsədini məzarından çıxarıblar! Qəbir daşlarını sındırıblar, bu öz yerində. Bəs qəbirləri buldozerlə qazmağa, cəsəd qalıqlarını çıxarmağa nə ehtiyac?”.

Rəhmanın sakitləşməsi üçün bir qədər zamana ehtiyac olur. Bu dəfə o, Azərbaycan Ordusunda xidmət çəkən qardaşı oğlu haqda danışır. Bir neçə dəqiqə əvvəl ondan zəng gəlibmiş. Əsgər elə Horovluda imiş. Kəndin vəziyyətini əmisinə o danışıb.

Əvvəllər elektromexanik işləmiş Rəhman ruhdan düşməyib və kəndinə qayıdacağı anı gözləyir. Üstəlik, ikimərtəbəli evini yenidən tikəcəyini də bildirir. Buradakı evini də o, özü tikib. O bizə Allahverdiyevlərin evindən bir qədər geniş olan daxmasını göstərir.

Qarşıdakı binadan bir qonşu gəlir. Qəbiristanlığın dağıdıldığını öyrənən 39 yaşlı Elçin Hüseynov da çox qəzəblənir.

“Ermənilər 30 il idi torpaqlarımızı talan edirdilər. İndi də evləri yandırıb gedirlər. Məhv etdikləri hər şeyin əvəzini ödəməlidirlər”, – deyə o, bildirir.

Yeri gəlmişkən, döyüş əməliyyatlarının dayandırılmasının səhəri gün Azərbaycan Prezidenti İlham Əliyev Qarabağda azad edilmiş ərazilərin az qala 99%-nin məhv edildiyini söyləyib. O, buna görə Ermənistanı beynəlxalq məhkəməyə verəcəklərini bildirib. Söhbət 50 milyard dollarlıq zərərdən gedir.

Azərbaycan uzun müddətdir ki, həmin ərazilərdə aparılacaq yenidənqurma işləri haqda düşünür. Hökumətin sifarişilə 2015-ci ildə aparılmış araşdırma zamanı dəymiş ziyanın təxminən 30 milyard dollar olduğu müəyyənləşmişdi. Həmin vaxtdan media bu rəqəmə istinad edirdi.

“Bu, iqtisadiyyat üçün çox böyük yükdür”, – deyə Humanitar Tədqiqatlar Cəmiyyətinin sədri və sahə üzrə ekspert Əvəz Həsənov bildirib: “Son 10 ildə biz məcburi köçkünlərin yalnız yarısı üçün rahat mənzillər inşa edə bilmişik”.

Ehtiyatlarımız azalır

Həsənovun fikrincə, bu işlərin görülməsi üçün beynəlxalq donorlar koalisiyası yaradılmalı, daha çox ermənilərin yaşadığı Dağlıq Qarabağı da əhatə edəcək yenidənqurma planına zəmanət verilməlidir. O, hesab edir ki, bu işdə iki riskli məqam var: “Birincisi, Qarabağda atəşkəs razılaşmasında əksini tapan, “dondurulmuş münaqişə” ilə eyni anlama gələn durum. Orada Rusiya sülhməramlılarının olması Qərb fondlarını qaçıra bilər. Digər tərəfdən, neft gəlirlərimiz də azalır. Axı təbii ehtiyatlar tükənir”.

İstanbul Kadir Has Universitetinin konfliktoloqu Nəzrin Qədimova Akbulut isə fərqli düşünür: “Burada əsas problem vaxtdır. Çünki Qarabağ ərazisinin əksər hissəsi minalanıb. İnsanların orada tam təhlükəsiz yaşaması üçün nə qədər vaxt lazım olacağını bilinmir. Mütləq ehtiyatlı olmaq lazımdır”.

(Fransız dilindən tərcümə – WorldMedia.Az)

Mənbə: Le Monde