Bakı Apellyasiya və Ali məhkəmələrinin qanunsuz qərarlarının izi ilə..

132

 

Gəmisi oğurlandıqdan sonra saxta müqavilə ilə “Mərdəkan-Broyler”in mülkiyyətinə keçirilən Qənbər Səfərov nədən ASC-yə 344 min 388 manat ödəməlidir?

Aydın Əhmədov 17 il ərzində “Yunıy moryak”ın kirayəsindən külli miqdarda vəsait əldə edib

Ötən saylarımızın birində Qənbər Səfər oğlu Səfərovun Rusiya vətəndaşı Musatov Mixail Nikolayeviç adlı şəxsdən 20 fevral 2003-cü il tarixli alqı-satqı müqaviləsi əsasında aldığı “Yunıy moryak” adlı daşıntı gəmisinin oğurlandığını və daha sonra saxta müqavilə ilə Aydın Əhmədovun direktoru olduğu “Mərdəkan-Broyler” ASC-nin mülkiyyətinə keçirildiyini qeyd etmişdik. Bu barədə redaksiyamıza məlumat verən şikayətçinin sözlərinə görə, Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi Bəylər Eyyubovun adamı olduğunu iddia edən “Mərdəkan-Broyler” ASC-nin direktoru bu məsələdə Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanovun yardımdına baş vurub. Nəticədə Qüdrət Qurbanov tərəfindən adıçəkilən gəminin guya “Mərdəkan broyler”ə aid olması haqda mülkiyyət hüququ haqqında şəhadətnamə verilib.

Daha dəqiq desək, gəmi oğurlandıqdan sonra Qənbər Səfərovun adından saxta müqavilə düzəldilib ki, guya, “Mərdəkan-Broyler”lə onun arasında bağlanılan müqavilə əsasında gəmini satıb. Bu müqavilədə göstərilib ki, guya, onlar arasında anlaşma 2003-cü il, yanvarın 9-da bağlanıb. Halbuki, gəmi həmin il fevralın 28-də Həştərxandan alınıb, 26 iyulda isə Bakıda olub. Məhz bu faktın özü “Yunıy moryak” adlı daşıntı gəmisinin saxta yollarla ələ keçirildiyini təsdiqləyir. Bundan başqa, “Mərdəkan-Broyler”lə Qənbər Səfərov arasında bağlanıldığı iddia olunan müqavilənin möhürünün və onun imzasının saxta olduğu sonradan ekspertiza tərəfindən də təsdiqlənib. Lakin buna baxmayaraq, şikayətçi 17 ildir ki, halal yolla aldığı gəmisini və ona dəymiş maddi ziyanı əldə edə bilmir. Bildirilir ki, sözügedən gəmi bu illər ərzində “Mərdəkan-Broyler”in istismarında olub və ASC “Yunıy moryak”ın kirayəsindən külli miqdarda vəsait əldə edib.

Məsələnin ən acınacaqlı tərəfi isə ondadır ki, şikayətçi ona məxsus gəminin qanunsuz yollarla, saxta sənədlər əsasında ələ keçirilməsi ilə bağlı aidiyyəti qurumlara müraciət etsə də, hələlik bunun heç bir müsbət nəticəsi olmayıb. Qeyd edək ki, Qənbər Səfərov gəmisinin “Mərdəkan-Broyler” ASC tərəfindən mənimsənilməsinə, alqı-satqı müqaviləsinin, mülkiyyət hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və gəmiyə onun adına mülkiyyət hüququ haqqında şəhadətnamə verilməsi haqqında Səbail Rayon Məhkəməsində iddia qaldırıb. Məhkəmə isə öz növbəsində, 1 iyun 2012-ci il tarixli, iş № 2(009)-950/2012 saylı qətnaməsi ilə Qənbər Səfərovun mülkiyyət hüququnu tanıyıb.

Beləliklə, hakim Famil Nəsibovun imzası və Səbail Rayon Məhkəməsinin möhürü ilə təsdiqlənmiş qətnamədə deyilir ki, Qənbər Səfərov və “Mərdəkan-Broyler” ASC arasında “Yunıy moryak” adlı gəmiyə dair bağlanmış 9 yanvar 2003-cü il tarixli 018/2003 nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilsin.

Qərarda həmçinin, o da öz əksini tapıb ki, Dövlət Dəniz Administrasiyası tərəfindən verilmiş 30 iyul 2003-cü il tarixli qeydiyyat nömrəsi DGR-0169 olan “Gəmiyə mülkiyyət hüququ haqqında” şəhadətnamə də etibarsız hesab edilsin: “Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının üzərinə 20 fevral 2003-cü il tarixli alqı-satqı müqaviləsi əsasında iddiaçı Səfərov Qənbər Səfər oğlunun aldığı “Yunıy moryak” adlı gəmiyə dair ona “Gəmiyə mülkiyyət hüququ haqqında” və “Azərbaycan Respublikasının Dövlət Bayrağı altında üzmək haqqında” şəhadətnamələrin verilməsi tapşırılsın”. Bununla yanaşı, qərarda açıq-aydın şəkildə göstərilib ki, qətnamə rəsmi qaydada verildiyi gündən bir ay nüddətində Bakı Apellyasiya Məhkəməsinə Səbail Rayon Məhkəməsi vasitəsiylə apellyasiya şikayəti verilə bilər.

Yəni məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir və mütləq icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsində də deyilir ki, apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məcəllənin 396-cı maddəsində isə bildirilir ki, birinci instansiya məhkəmələrinin qərardadlarından şikayət birinci instansiya məhkəməsinin qərardadı rəsmi qaydada verildikdən sonra 10 gün müddətində birinci instansiya məhkəməsinə verilə bilər. Əgər qərardad tərəflərin iştirakı ilə elan edilirsə, şikayət vermə müddəti qərardadın elan edildiyi vaxtdan hesablanır.

“İcra haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində isə göstərilib ki, bu qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Lakin buna baxmayaraq, Səbail rayon İcra və probasiya şöbəsi və Dövlət Dəniz Administrasiyasının əməkdaşları hər dəfə bir bəhanə ilə məhkəmənin qanuni qətnaməsini icra etməkdən boyun qaçırıblar. Bu isə məhkəmə sisteminə, o cümlədən ölkə qanunlarına hörmətsizlikdən başqa bir şey deyil.

Beləliklə, yuxarıda qeyd etdiyimiz qanunlara rəğmən, “Mərdəkan-Broyler” ASC Səbail Rayon Məhkəməsinin 1 iyun 2012-ci il tarixli qətnaməsinin rəsmən icraya yönəlməsindən 6 ay sonra qanunsuz olaraq apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi isə şikayət vermə müddətinin bitməsinə əhəmiyyət vermədən işi icraata götürüb. Hələ bu da azmış kimi, adıçəkilən məhkəmənin hakimi Məmməd Məmmədov 27 noyabr 2013-cü il tarixdə qəbul etdiyi qətnamə ilə “Mərdəkan-Broyler” ASC-nin apellyasiya şikayətini qismən təmin edib. Qərarda deyilir ki, Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 1 iyun 2012-ci il tarixli qətnamə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin.

Yeni qətnaməyə əsasən Qənbər Səfərovun “Mərdəkan-Broyler” ASC-yə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və və sair tələbləri barədə” iddiası təmin edilsin: “Qənbər Səfərov ilə “Mərdəkan-Broyler” ASC arasında “Yunıy moryak” adlı (hazırkı adı “Ramin”) daşıntı gəmisinə dair bağlanmış 09.01.2003-cü il tarixli “alqı-satqı müqaviləsi” etibarsız hesab edilsin. Qeyd edilən tarixli “alqı-satqı müqaviləsi” əsasında iş üzrə üçüncü şəxs Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası tərəfindən mübahisəli gəmiyə dair “Mərdəkan-Broyler” ASC-nin adına verilmiş 30.07.2003-cü il tarixli Gəmiyə mülkiyyət hüququ haqqında şəhadətnamə” etibarsız hesab edilsin”.

Qərarda o da göstərilib ki, sözügedən gəmiyə dair Qənbər Səfərova “Gəmiyə mülkiyyət hüququ haqqında şəhadətnamə”nin və “Azərbaycan Respublikasının Dövlət Bayrağı altında üzmək haqqında şəhadətnamə”nin verilməsi vəzifəsi Dövlət Dəniz Administrasiyasının üzərinə qoyulsun və gəmi “Mərdəkan-Broyler” ASC-dən alınaraq Qənbər Səfərova verilsin. Dananın quyruğunun qopduğu məqamı isə indi diqqətinizə çatdıracağıq. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin hakimi Məmməd Məmmədov belə qərara gəlib ki, “Mərdəkan-Broyler” ASC-nin Qənbər Səfərova qarşı “mübahisəli gəminin təmiri və bərpasına çəkilmiş xərclərin əvəzinin ödənilməsi tələbi barədə” iddiası qismən təmin olunmalıdır.

Yəni, halal yolla gəmi əldə edən, lakin sonradan oğurlanan və Dövlət Dəniz Administrasiyasının iştirakıyla saxta müqavilə ilə “Mərdəkan-Broyler”in mülkiyyətinə keçirilən, bununla da müflis olma həddinə çatan Qənbər Səfərov bu qədər həngamədən sonra Aydın Əhmədovun direktoru olduğu ASC-yə 344 min 388 manat ödəməlidir. Təəssüflər olsun ki, bundan sonra ədalət axtarışı, tapdanmış hüquqlarının bərpası ümidiylə Ali Məhkəməyə kassasiya şikayəti verən Qənbər Səfərov burda da hüquq və ədalətin simvolu olan Femidanın tərəzisinin əyildiyini görüb. Çünki Ali Məhkəmənin hakimi İslam Əliyev Qənbər Səfərovun kassasiya şikayətini təmin etməyib və Bakı Apellyasiya Məhkəməsinin məlum qətnaməsini qüvvədə saxlayıb.

(Ardı var)

Valeh TÜRKSOY

P.S. Növbəti sayımızda Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən tərtib olunan ekspertiza rəyində edilən saxtakarlıq, Bakı Apellyasiya və Ali məhkəmələrin nəyə görə Qənbər Səfərovun “Mərdəkan-Broyler” ASC-yə 344 min 388 manat ödəməli olduğuna dair qərar vermələrinə və digər önəmli məqamlara toxunacağıq.