Bağırovun məzarı haqda yanlış informasiyalar – II HİSSƏ

    9

    Mir Cəfər Bağırovun qəbri 2016-cı ildə qəbri açılmış, analizlə dəqiqləşdirildikdən sonra Yasamal qəbiristanlığında – şəhid oğlu Cahangir və həyat yoldaşının yanında torpağa tapşırılmışdır

    Mir Cəfər Bağırov barəsindəki məqalələrimdə eyni fikrin təkrar olunduğu məqamlar olub. Hörmət elədiyim tarixçilər də hərdən mənə irad tutublar, ancaq bunu bilərəkdən eləmişəm. Müstəqillik dövründə Mir Cəfər Bağırov haqqında arxiv matriallarına istinadən yazılan kitabların, onunla eyni dövrdə müxtəlif rəhbər vəzifələrdə işləmiş adlı-sanlı iş adamlarının yazdığı məqalələrin, xatirələrin dərc olunmasına baxmayaraq, yenə Əkrəm Əylislinin qondarma məhkəməyə aid yazdığı kitabı həqiqət sayanlar mövcuddur.

    (Əvvəli bu linkdə: https://www.hurriyyet.org/xeber/bagirovun_mezari_haqda_yanlis_informasiyalar)

    Mir Cəfər Bağırov daim işlərin gərgin olduğu yerlərdə olur, heç bir sahəni nəzarətdən kənarda qoymurdu. İşçilərin əmək haqqlarının ödənilməsini xüsusən diqqət mərkəzində saxlayırdı. Kütləvi iş gedən ərazilərə avtodükanlarla fəhlələrə lazım olan baş – paltar, ayaqqabı, parça, ev avadanlıqları gətirərdilər. Yəni istəyən nağdsız alver edər, istəyən həftə sonu əməkgününə düşən pulu alardı. Mir Cəfər Bağırovun gördüyü işlərin qısa siyahısına baxanda fikirləşirsən bu adam nə vaxt istirahət edib, nə vaxt yatıb…
    1. Neft fondu
    2. Hərbi – Dəniz və Təyyarəçilər məktəbi
    3. Ələt – Culfa dəmir yolu
    4. Teatr İnstitutu
    5. Daşkəsən şəhərinin əsasının qoyulması
    6. Mingəçevir SES.1947.
    7. AMEA – nın yaranması.1946
    8. Bakı Metropoliteni.1949.
    9. Sumqayıtın əsası qoyulub.1949.
    10. Politexnik İnstitutu.1950.
    11. Naxçıvan Duz Mədəni.1951.
    12. Qaradağ Sement Zavodu.1951
    13. Mingəçevir Su Ambarı.
    14. Nizaminin heykəli.
    15. Neft Daşları.
    16. Samur – Abşeron kanalı
    17. Hökumət Evi.
    18. Bağırov Körpüsü.
    19. Kəlbəcərdə İstisu Kurortu.
    20. Şollar suyuna paralel 2 – ci Xaçmaz – Bakı su xətti.
    21. Bakı Qənnadı Fabriki
    22. Bakı Toxuculuq Kombinatı
    23. Şəki İpək Kombinatı
    24. Şirvan kanalı
    25. Qarabağ kanalı
    26. Böyük Vətən Müharibəsi dövründə Krımda hərbi sursat bazası
    27. Bakı Dövlət Universiteti
    28. Azərbaycan Politexnik İnstitutu
    29. 402, 369, 223 və 416 – cı milli diviziyaları. 1942-ci il. Sonra 77, 271
    30. Müdafiə Fondu
    31. Bakının müdafiəsi üçün 101, 102 və 103 – cü xalq qoşunu diviziyaları. 21 min 259 döyüşçü Bakını möhkəmləndirilmiş şəhərə çevirmişdi.
    32. Naxçıvanda şose yolları tikintisi
    33. Qubada İkiillik Müəllimlər İnstitutu
    34. Xaçmaz Konserv Zavodu
    35. Quba Konserv Zavodu
    36. Şəhriyar adına Mədəniyyət Sarayı
    37. Respublika Stadionu
    38. Daxili İşlər Nazirliyinin binası
    39. Axundov Kitabxanası
    40. Akademik Dövlət Dram Teatrı
    41. Nizami adına Azərbaycan Ədəbiyyat Muzeyi
    42. AMEA – nın binasının tikintisi
    43. Neft – Kimya zavodları və Neft – Kimya arxivi
    44. L. Şmidt (İndiki Səttaxan) zavodunun yeni korpusları
    45. Bakıda tikiş fabriki
    46. Sumqayıtda Marten peçi
    47. Bakı Neftayırma zavodu
    49. Qubada 12 nömrəli kolxozda zavod və xəstəxana
    50. Qubada yeni növlərin yetişdirilməsi təcrübə məntəqəsi, sonra institut
    51. Sumqayıtda Boru prokatı zavodu
    52. Bakıda Neft Avadanlıqları Zavodu
    53. Bakı Elektrik Maşınqayırma zavodu
    54. Bakı Soyuducu Kombinatı
    55. Gəncə Toxuculuq Kombinatı
    56. Gəncə Yağ – Piy zavodu
    57. Bakı Biskvit fabriki
    58. Sumqayıt İstilik Elektrik stansiyası
    59. Sintetik Kauçuk zavodu
    60. Lökbatan Neft Yatağı
    61. Zığ Neft Yatağı
    62. Nazirlər Kabinetinin binası
    63. Nizami kinoteatrı
    64. Süni suvarma kanalları…
    Bunlar Mir Cəfər Bağırovun şəxsən nəzarətdə saxlaması haqqında arxiv sənədləri olan işlərdir. Arxiv sənədlərini tam araşdırıb qurtarmamışam. Bu işlərlə bərabər Mir Cəfər Bağırov kadr məsələsinə böyük diqqət verib. Xalq təsərrüfatının müxtəlif sahələri, tikinti, səhiyyə və başqa istehsal sahələri üçün kadr namizədlərini özü seçmiş, Moskva, Leninqrad, Kiyev və başqa şəhərlərdə təhsil və yaşayış yerlərini həmişə diqqət mərkəzində saxlamış, qayıdanların işlə təmin olunmasını yoxlamışdır.
    Tanınmış şair, dramaturq, jurnalist, yorulmaz arxiv tədqiqatçısı Teyyub Qurban “Bağırovun adına Bağırovun imzası ilə” kitabının 261-ci səhifəsində arxivdən götürdüyü Mir Cəfər Bağırovun SSRİ-nin təhsil naziri Sergey Vasilyeviç Kaftanova yazdığı ərizənin rus variantı var. Tərcümə belədir:
    SSRİ Ali Təhsil naziri yoldaş S.V. Kaftanova

    Hörmətli Sergey Vasilyeviç, Sizin köməyinizlə yüksək ixtisaslı xüsusi profilli kadrların hazırlığı məqsədilə azərbaycanlı tələbələr qrupu hələlik bizim respublikamızda hazırlanması mümkün olmadığına görə, 1945 və xüsusilə 1946-cı ildə Moskva, Leninqrad və SSRİ-nin digər şəhərlərindəki ali təhsil müəssisələrinə yerləşdirilib.
    Bunun bizim respublika üçün son dərəcə əhəmiyyətli olduğunu nəzərə alıb bu işi davam etdirmək lazımdır. Sergey Vasilyeviç, Sisdən artıq dərəcədə xahiş edirik ki, 300 tələbəmizi 1947/1948-ci tədris ilində Moskva, Leninqrad və SSRİ-nin digər şəhərlərindəki ali məktəblərdə yerləşdirilməsinə köməyinizi əsirgəməyəsiniz. Onlardan 140 tələbə köçürülmə qaydasında, 160 abituriyent isə Azərbaycan SSR-də orta məktəb və texnikum məzunlarıdır.
    Hal – hazırda müvəffəqiyyətlə oxuyan, rusca danışa bilənləri Moskva, Leninqrad və SSRİ-nin digər şəhərlərində ali təhsillərini davam etdirmək istəyən və ali təhsil almaq istəyənlərin seçkisi ilə məşğuluq.
    Moskva, Leninqrad və SSRİ-nin digər şəhərlərindəki ali təhsil müəssisələrində qəbul imtahanlarına abituriyentlərin göndərilməsinin çətinliyini nəzərə alaraq, xahiş edirik keçən ilki qaydada müvafiq ali məktəblərə tələbələri seçmək üçün qəbul komissiyasını avqustun 1-nə qədər Bakıya ezam edəsiniz.
    Azərbaycan K(b)P MK-nın katibi M.C. Bağırov
    12 iyun 1947-ci il

    Erməni millətçilərinin şovinist siyasəti bütün XIX – XX əsrlər boyu mərhələ – mərhələ davam etdirilmiş, deportasiyalar və soyqırımlar nəticəsində minlərlə dinc azərbaycanlı amansız formada məhv edilmişdir. Mərhum prezident Heydər Əliyevin 1997-ci il dekabrın 18-də “1948 – 1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi – etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” keçirilmiş tədbirdə demişdir:
    – “Son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırım siyasəti nəticəsində azərbaycanlılar ağır məhrumiyyətlərə və məşəqqətlərə məruz qalmışdır. Mərhələ – mərhələ gerçəkləşdirilən belə qeyri – insani siyasət nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən – min illər boyu yaşadıqları öz doğma tarixi – etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi – mədəni abidə və yaşayış məskəni dağıdılıb viran edilmişdir”.
    Sirr deyil ki, tarixçilərin çoxu Mir Cəfər Bağırovun Azərbaycana rəhbərlik etdiyi dövrü (1933 – 1953) ziddiyyətli dövr kimi təqdim edirlər. Qeyri – məlum ziddiyyətləri əldə rəhbər tutan məmurlar hələ sovet vaxtı kitabxanalardan Mir Cəfər Bağırova aid kitabları və məqalələr olan qəzetləri məhv etdirmişlər. Demək olar bütün tədqiqatçıların gəldiyi qənaətə görə, hansı qəzetlərdə vacib məlumatlar olubsa, Mir Cəfər Bağırova aid hissə kəsilib götürülmüşdür. Hətta Mir Cəfər Bağırov rəhbərlikdə olan dövrdə, 1934-cü ildən 1952-ci ilə qədər keçirilmiş qurultayların materiallarında da onun adına rast gəlmək olmur, halbuki, bu 8 qurulatayda (1934, 1937, 1938, 1939, 1940, 1949, 1951, 1952) hesabat məruzəsi ilə çıxış etmişdir.
    Azərbaycanlı alim və tələbələrə 1920-ci illərdən 1956-cı ilə, yəni Mir Cəfər Bağırovun ölümünə qədər olan dövrün tarixi sənədlərini tədqiq etməyə icazə verilmirdi.
    1976-cı ildə nəşr olunmuş “Azərbaycan Sovet Ensiklopediyası”nın 1-ci cildində 13 nəfər Bağırov soyadlı şəxs haqqında, o cümlədən Bağırov Ruben Xristoforoviç haqqında məlumat verilsə də, Mir Cəfər Bağırovun adı belə çəkilməmişdi.
    Müstəqillik dövründə Mir Cəfər Bağırov haqqında kitablar yazılmağa başlayanda əfsanələrə, yaddaşlarda qalan xatirələ əsaslanan məlumatlar da mətbuatda yer almışdır, ancaq əsas yeri arxiv materiallarına əsaslanan yazılar tutur.
    Təzə nəşr olunmuş Azərbaycanın Milli Ensiklopediyasında Mir Cəfər Bağırov haqqında bu qədər məlumat verilib:
    Bağırov Mir Cəfər Mir Abbas oğlu (17.9.1896, Quba – 26.5.1956, Bakı) (əslində 05.5.1956 olmalıdır – F.B.) Azərb. siyasi və dövlət xadimi. 11-ci Qırmızı ordunun hərbi – inqilabi şurasının sərəncamında olan B. 2-ci briqadanın komandiri, 1-ci atıcı diviziyanın hərbi tribunalının,11 -ci Qırmızı ordu hərbi tribunalının səyyar sessiyasının sədri, Azərb. diviziyasının hərbi komissarı Azərb.Fövqəladə Komissiyasının sədri vəzifələrində (1920 – 1921) çalışmışdır. Tiflisdə Zaqafqaziya Su Təsərrüfatı İdarəsinin (1927 – 1928) və Zaqafqaziya Kənd Təsərrüfatı İdarəsinin sədri (1928 – 1929) olmuşdur. 1929 – 30 illərdə Azərb. Dövlət Siyasi İdarəsinin sədri, 1930 – 1933 illərdə Azərb. Xalq Komissarları Sovetinin sədri, 1933 – 1953 illərdə Azərb. KP MK-nın birinci katibi işləmişdir. 1953-cü ildə bu vəzifədən azad olunaraq Azərb. SSR Nazirlər Sovetinin sədri təyin edilmişdir. 1953 – 1955 illərdə Kuybışev şıhırində neft idarəsi rəisinin müavini işləmişdir. 1955-ildə həbs edilmiş, (əslində 1954-cü ildə həbs edilmişdir – F.B.) 1956 ildə məhkəmənin qərarı ilə haqqında ölüm hökmü çıxarılmışdır. 5 dəfə Lenin ordeni, 2 dəfə Qırmızı Bayraq, 1-ci dərəcəli Vətən müharibəsi, Qırmızı Əmək Bayrağı, Azərb.-ın Qırmızı Əmək Bayrağı ordenləri ilə təltif olunmuşdur.
    Təkrar edim ki, Mir Cəfər Bağırov haqqında çox kitablar yazılıb və yazılmaqda davam edir. Oxumaq istəyənlərə Teyyub Qurban, Əlisa Nicat, Ramiz Əhmədov, Fazil Məmmədov, Adıgözəl Məmmədov, Sadıq Murtuzayev, Mehrəli Qulu, Zülfüqar Qalaxudatlının kitablarını məsləhət görürəm.

    Füzuli Baratov, AJB üzvü