Bağça və Uşaq evləri BŞİH-yə niyə birləşdirildi? -Təhsil Nazirliyi “uşaqların əqli-tərbiyəsi” ilə məşğul olacaq?

144

Bu gün Azərbaycanda ən acınacaqlı durumda olan sahələrdən biri, bəlkə də elə birincisi təhsil sistemidir desək, yəqin ki, yanılmarıq. Əksər təhsil ocaqlarında, xüsusən də orta məktəblərdə özbaşınalıq, intizamsızlıq, rüşvətxorluq, kütləvi dərsdən yayınmalar və s. neqativ hallar geniş yer alıb.

Mütəmadi olaraq, KİV-lərdə hansısa məktəbdə bıçaqlanma və ya cinsi təcavüzlə bağlı xəbərlərə rast gəlirik. Bütün bunlar təbii ki, bu sahəyə cavabdeh olan şəxslərin hansı səviyyədə fəaliyyət göstərməsinin nəticəsidir.

Ölkə ictimayyətinə bəllidir ki,təhsil sistemini bərbad vəziyyətə salan bəzi qüvvələr indi də Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsini geri tələb etməklə  nəzarəti ələ keçirməyə çalışırlar. Bu məqsədlə uşaq bağçaları və körpələr evlərinin Bakı şəhər İcra Hakimiyyətinin balansından çıxarılaraq,Təhsil Nazirliyinin tabeliyinə verilməsinə cəhdlər göstərilir.

Hələ Faktinfo.az saytının mart ayının əvvəlində əldə etdiyi məlumatda bildirilirdi ki, bu məsələnin Təhsil Nazirliyinə bağlı bir millət vəkili tərəfindən qaldırılacaq,Milli Məclisdə müzakirəyə çıxarılacaq.Gözlənilən kimi də oldu.Həmçininmaraqlı qüvvələr sonrakı günlərdə bəzi saytlar, ekspertlər vasitəsilə məsələnin necə  ictimailəşdirilməsinə qədər hər şeyi planlaşdırmışdılar.Bunu da plan üzrə həyata keçirə bildilər.

Bəs nə baş verdi ki,Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi Təhsil Nazirliyindən alınıb,Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyinə verildi və ya bu mövzuya niyə  toxunuruq? 

Qeyd edək ki, Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi vaxtilə Təhsil Nazirliyinin balansında olub.Sabiq nazir Misir Mərdanovun zamanında Bakı Baş Təhsil İdarəsi tərəfindən idarə olunan bağça və körpələr evləri qeyri-qənaətbəxş vəziyyətinə görə, nazirlikdən alınaraq, Bakı şəhər İcra Hakimiyyətinin tabeliyinə verilib.Zamanla bağçalarda baş verən korrupsiya halları,körpələrin döyülməsi,bu qruma körpələrin və tərbiyyəçi müəllimlərin rüşvət qarşılığında götürülməsi və s. hadisələr  heç də uzaq olmayan keçmişimizdir.

Xatırlayanlar bilir ki,əksər binaları təmirsiz və rütubətli olan bağça və uşaq evləri ilə bağlı hələ o zaman kütləvi tənqidlər yazıldı, körpələrə verilən yeməklərlə bağlı uzun müddətli müzakirələr başladıldı. Məlum oldu ki,bağça və körpələr evlərinin xanım müdirləri ərzaq almadan fakturaları imzalayırlarmış.İmzalanmış boş fakturaların qarşılığında isə bağça müdirlərinə  ay ərzində təhvil verilməli olan ümumi ərzağın 20% miqdarında nəğd pul verilirmiş.Bağça müdirələri isə ərzaq əvəzinə  aldıqları nəğd puldan körpələrə qəpik-quruş  xərcləməklə gün keçirirlərmiş.Bu faktları bir neçə bağça müdirəsi etiraf etdikdən sonra yazılı mətbuatda  müzakirələr təkrar başlandı.Sonra, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərəncamla Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsini Təhsil Nazirliyindən alıb, Bakı Şəhər İcra Hakimiyyətinə birləşdirdi.

Beləliklə, bağça və uşaq evlərinə aid binaların 95%-i təmir olundu,körpələrin ağzı yeməyə çatdı,döyülmə,söyülmə hadisələri demək olar ki,yox səviyyəsinə endi.Tərbiyyəçi müəllimlər işə pulsuz götürüldü,valideyinlərdən rüşvət almaq və uşaqlara evdən yemək tədarükü söhbəti yığışdırıldı, körpələrə yataq dəstləri,mələfələr verildi və s. Bir müddət sonra Hesablama Palatasının auditinin nəticələri də,bu qrumla bağlı müsbət tendensiyaları özündə ehtiva etdi. Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunduqdan sonra isə nəzarət tədbirləri daha da ciddiləşdirildi,bağçaların Təhsil Nazirliyindən alınmasının müsbət tərəfləri hiss olunmağa başlanıldı.

İndi bəzi maraqlı qruplar məsələ qaldırararaq ictimailəşdirirlər  ki,Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi Təhsil Nazirliyinin idarəçiliyinə qaytarılmalıdır.Sözün qısası, Prezident İlham Əliyevin sərəncamı ilə həll olunan  hadisəni qabaqlamaq istəyirlər.

Təhsil Nazirliyi ilə bağlı fikirlər birmənalıdırmı,indi vəziyyət necədir,nə dəyişib? 

Azərbaycanın elmi ictimayyətinə məlumdur ki,sabiq nazir Misir Mərdanovun Təhsil naziri olduğu illərdə həm orta məktəblərdə,həm də Ali və Orta İxtisas Təhsil Müəssisələrində rüşvət var idi.O cümlədən, rüşvətlə bərabər bu nazirlikdə tanışlıq və dostluq münasibətlərinə də yer verilirdi, bəzi şəxslər tapşırıqla problemini həll edə bilirdi.Pulu və adamı olmayanlar da nazirin,nazirlikdəki vəzifəli şəxslərin qəbuluna yazılmaqla problemlərini həll edirdilər.

Habelə,şağirdlər yüksək faizlə repetitor yanına getmədən ali məktəblərə qəbul oluna bilirdilər.(Qeyd edək ki,indi repetitor yanına getmədən abuturiyentlərin yüksək bal toplaması mümkünsüz hesab edilir.) Nazir və müavinləri efirlərə çıxır, diskusiyalara qoşulur,suallara cavab verirdilər.Təhsil Nazirliyində çalışanlar da,qeyri-ixtisas sahibləri deyildilər,qəbul günləri vətəndaşların 1-ci mərtəbəyə qəbuluna da gəlirdilər.Məktəblərdə ilin müxtəlif aylarında pul yığılsa da,kasıb bir valdeyinin uşağı “8 MART”  hədiyyəsi üçün müəlliməsinə gül təqdim edəndə başına çırpılmırdı.”Bu nədir gətirmisən? ” deyib, şagirdi məktəbli yoldaşlarının qarşısında təhqir etmirdilər,növbəti günlərdə pisikdirmirdilər.Hər şey alver predmetinə çevrilməmişdi,KİV-lərdə də orta məktəblərlə bağlı bu qədər tənqidi materiallar yer almırdı.

Bəlkə, məktəblərdə pul yığılmır? Müəllimlər,direktorlar,direktor müavinləri,eləcə də məktəbin xidmətçisi,qapçısı rüşvət qarşılığında işə götürülmür ? Şagirdlərin 70-85 faizi sıfır bal yığmırlar?!

Bəlkə nazirliyin şöbə müdirləri “naşı və ədabaz” adlandırılmır, “direktor  yuxarılara çatdırmaq üçün pul yığır” deyən, müəllimlər KİV-lərə məlumat göndərmirlər? 

Məgər təhsil sistemində son 7 ildə hər şey düzəlib ki,Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi Təhsil Nazirliyinə qaytarılması üçün təşviqat aparılır? Düzdür indi də bağça və körpələr evində problemlər mövcuddur.Amma hazırkı vəziyyəti 9 il bundan əvvəlki tarixlə müqayisə etdikdə müqayisə olunmayacaq şəkildə bağçalarda vəziyyət yaxşılığa doğru dəyişib.

Bəlkə, orta məktəblərdə əvvəlki illərdə olduğu rüşvət hallarına hazırda  özbaşınalıq, intizamsızlıq, hansısa məktəbdə bıçaqlanma və ya cinsi təcavüzlə bağlı hadisələr də əlavə edilməyib,ölkə KİV-ləri bunları yayımlamır?

Məgər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin təkrar Təhsil Nazirliyinə qaytarılması üçün artıq zəmin yaranıb,təminatverici neqativ hallar nazirlik tərəfindən  ortadan yığışdırılıb? Məsələ burasındadır ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi belə boşa buraxılmadı,Bakı şəhərinin orta məktəblərindən Heydər Əliyev adına İdman-Konsert Kompleksində yubiley tədbirinə və ardınca keçirilən konsertə topladıqları 8 min şagirdə dəyəri 0.50 qəpik olan rəngli şərfləri 4 manatdan sataraq 32 min AZN pul qazanıldı.( Bir çox məktəb direktorları 4 manatdan satılan şərflərin pulunu özləri verdilər,yubiley tədbirinə apardıqları şagirdlərdən almadılar.) İndi hansı müsbət meyyarlardan danışılır? Belə olan təqdirdə, təhsili idarə edənlərdən yaxşı nə gözləmək olar.Hələ bir deyilə ki,Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi Təhsil Nazirliyinə birləşdirilməlidir.

Siniflərdə yeni tədris sisteminə görə 20-25 şagird olmalıdır.Tədris ili başlayandan bir qədər sonra “yağışdan sonra çıxan göbələk” kimi şagirdlərin sayı artaraq  siniflərdə 35-40 nəfərə çatdırılır. Yəni, şagirdin ərazi qeydiyyat prinsipi nəzərə alınmır,500-1000 manat rüşvət müqabilində  sinifə qəbul edilir,dərsin keyfiyyəti aşağı salınır.Bütün ictimayyət bilir ki, fond pulu və s. onlarla müxtəlif  ad altında məktəb valideyn komitələrinin əliylə pul yığılır,məktəblərdə sinif çatışmazlığı adı altında valideyn komitələri mesajlaşma aparır.

Həmçinin, hər ilin avqust ayında məktəblərdə valideynlər təşvişə salınır,onların uşaqlarına hansısa bir savadsız müəllimin dərs deyə biləcəyi təsvir edilir və bunun baş verməməsi səbəbilə  məktəb direktoruna 300-500 manat civarında pul yığılıb verilir. Bunları bilənlər nədən Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin təkrar Təhsil Nazirliyinə qaytarılmasından danışırlar?! 

Sakit həyat tərzi yaşayan,öz xəyal dünyalarını quran körpələrin  üzərində siyasət oynayanlar bilmirlərmi ki,artıq bağça və uşaq evlərinə ərzağı 7 ildir başqa təşkilat verir, Bakı Şəhər İcra Hakimiyyəti tender keçirmək hüququna malik deyil? Bakı Şəhər İcra Hakimiyyətinin bağça və uşaq evlərini ərzaqla təmin etməsinə dair yazılar,çıxışlar istehza doğurur?

Birdəki,Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin təkrar Təhsil Nazirliyinə qaytarılmasını istəyənlər və ya bu prosesə cəlb olunanlar görəsən, fikirləşirlərmi nazirlikdə “Məktəbəqədər pedaqogika” nı bilən mütəxəsislər var,ya yox?

Yəni,həqiqətənmi məktəbəqədər pedaqogikanın nəzəri-metodoloji məsələlərini mükəmməl bilən ixtisaslı kadırlar var ki,bağça və uşaq evlərini Təhsil Nazirliyinə birləşdirən kimi, “uşaqların əqli-tərbiyəsi”,”bağçalarda təlimin prinsip və metodları”nın tətbiqi ilə məşğul olunacaqdır.Həmçinin, dünyaca məşhur pedaqoqlar-Uşinski, Ferbel, Şlegerin nəzəri prinsipləri yada düşəcək ,uşaq bağçalarında bunların tətbiqinə başlanılacaqdır.Kimi aldatmaq istəyirlər? Yəni, gələcəyin gəncliyini düzgün tərbiyə edilməsi mümkünləşəcək,tərbiyəçi-müəllimlər körpələrə pedaqoji elmlər üzrə alim Ağahüseyn Həsənovun dərs vəsaitindən oxuyub,öyrədəcəklər?!

Heç fikirləşirlərmi ki,orta məktəblərdə dərslik problemini hələ də həll edə bilməyən Təhsil Nazirliyinin rəhbər şəxsləri bu işin öhtəsindən necə gələcək?

Kiçik xatırlatma

Bir sözlə,bağça və körpələr evlərinin də orta məktəblərdəkitək özbaşnalıqlarla müşayət olunmağını istəmiriksə,Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin Bakı Şəhər İcra Hakimiyyətinin tabeçiliyindən çıxarılaraq Azərbaycan Respubilkasının Təhsil Nazirliyinə birləşdirilməsi məsələsinə korperativ maraqlardan deyil,zəruri dövlət məsələsi mövqeyindən yanaşılmalıdır.

Fuad İsgəndərov 

Faktinfo.az saytının baş redaktoru