Babək prospertində həyata keçirilən yenidənqurma işləri neçəyə başa gələcək?

    9

    Saleh Məmmədovun nəzarəti ilə salınan yollar Ziya Məmmədovun təhvil verdiyi yollardan elə də ciddi fərqlənməyəcək

    İstidafəyə verildikdən qısa müddət sonra Babək prospektində də çatlar, dərin çalalar, asfalt laylarının qopması halları müşahidə oluna bilər

    Prospektdə hökm sürən mənzərə sürücülərin, sakinlərin və ticarətlə məşğul olan şəxslərin ciddi narazılığına səbəb olur

    Ötən ilin dekabr ayının sonlarında Babək prospektində start verilən yenidənqurma işləri hələ də tamamlanmayıb. Yəni geridə qoyduğumuz 5 ay ərzində uzunluğu 9 km, eni isə 30 metr olan prospektdə elə də ciddi təmir işi görülməyib. Halbuki bu müddət ərzində 3 gediş, 3 gəliş olmaqla 6 hərəkət zolaqlı Babək prospektində yenidənqurma işləri yekunlaşdırıla bilərdi. Beynəlxalq təcrübə də göstərir ki, sözügedən müddət ərzində nəinki 9 km-lik, hətta daha uzun yolları təmir edib istifadəyə vermək mümkündür. Lakin buna baxmayaraq, hələ də istifadəyə verilməyən prospektdə bu gün avtonəqliyyat vasitələrinin hərəkəti demək olar ki, məhdudlaşdırılıb. Bu isə öz növbəsində, həm sürücülərin, həm yaxınlıqda yaşayan sakinlərin, həm də Babək prospektində ticarətlə məşğul olan şəxslərin ciddi narazılığına səbəb olur.

    Mövzu ilə bağlı əldə etdiyimiz bilgilərdə qeyd olunur ki, Babək prospektində aparılan yenidənqurma işləri bir neçə şirkətə həvalə olunub ki, onlardan birinə də sabiq millət vəkillərindən birinin qardaşı rəhbərlik edir. Həmin iş adamı isə görülən abadlıq işlərində daha çox gəlir, az xərc prinsipi ilə fəaliyyət göstərir. Yəqin elə buna görədir ki, 9 km-lik bir prospektin təmiri 5 aydır ki, yekunlaşmaq bilmir. Belə ki, prospektin köhnə asfalt-beton örtüyünün üst qatının frezlənərək kənara daşınması, zəruri yerlərdə əsasın deformasiyaya uğramış hissələrinin qazılaraq kənarlaşdırılması, o cümlədən yol yatağının yararsız qruntunun qazılaraq çıxarılması, bunun əvəzinə yararlı material tökülərək yenidən kipləşdirmə işlərinin aparılması və digər işlər olduqca ləng aparılır. Bu isə sürücülərin həmin yoldan istifadəsinin qarşısını almaqla yanaşı, yaxınlıqda yaşayan sakinlərin qışda palçıq, yayda isə tozun əlindən normal yaşayışına mane olur, Babək prospektində fəaliyyət göstərən obyektlərin isə müştərilərinin kəskin azalmasına, hətta bəzilərini iflasın eşiyinə gətirib çıxarıb. Bütün bunlar onu deməyə əsas verir ki, adıçəkilən prospektdə yenidənqurma işlərini həyata keçirən qurum və şirkətlər üzərinə düşən vəzifələri layiqincə icra etmək iqtidarında deyillər. Halbuki təmirdən öncə aidiyyatı qurumlar prospektin bağlanmayacağını, yenidənqurma işlərinin beynəlxalq standartlar çərçivəsində aparılacağını bəyan etmişdilər. Təəssüf ki, bu gün bunun tam əksi müşahidə olunmaqdadır.

    Bu arada, onu da qeyd etmək lazımdır ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və digər müvafiq qurumlar Babək prospertində həyata keçirilən yenidənqurma işlərinin ümumi dəyəri ilə bağlı ictimaiyyətə heç bir məlumat verməyib. Bu isə öz növbəsində, məsələ ilə əlaqədar bəzi xoşagəlməz fikirlərin formalaşmasına rəvac verir. Çünki artıq hər kəsə bəllidir ki, sabiq nəqliyyat naziri Ziya Məmmədovun zamanından üzü bu yana yol tikintisi ən çox yeyintiyə məruz qalan sahələrdən biri və bəlkə də elə birincisidir. Məsələn, hələ bir neçə il bundan əvvəl beynəlxalq araşdırma şirkəti tərəfindən aparılan araşdırma zamanı bəlli olub ki, Rusiyada 1 kilometr yeni yolun çəkilməsi 17.6 milyon dollara, ABŞ-da 5.9 milyon, Avropa Birliyi ölkələrində 6.9 milyon, Çində isə cəmi 2.2 milyon dollara başa gəlir. Azərbaycanda isə hər 1 kilometr yolun tikintisi üçün 11 milyon dollar, bəzi hallarda isə 18 və 24 milyon dollar vəsait xərclənir. Bundan başqa, məsələ ilə bağlı aparılan araşdırmaların nəticəsi olaraq deyə bilərik ki, Azərbaycanda tikilən yolların hamısı olmasa da, əksəriyyəti beynəlxalq standartların tələblərinə cavab vermir. Ekspertlər hesab edirlər ki, əsasən paytaxtda şəhər daxili yollar çəkilərkən şirkətlər ucuz asfalta qaçırlar və belə asfaltda parafinin səviyyəsi yüksək olur. Şirkətlər asfaltın tərkibindəki parafini təmizləmirlər. Ona görə ki, bu, ayrıca prosesdir və son nəticədə asfaltın qiymətini artırır. Elə buna görə də ucuz asfaltdan istifadə etməyə üstünlük verilir. Məhz bunun nəticəsində də az xərc çəkməklə daha çox qazanc əldə olunur. Halbuki mütəxəssislər bəyan edirlər ki, yola tökülən asfaltın keyfiyyəti onda işlədilən bitumun tərkibindəki parafindən asılıdır. Adətən, bitumun tərkibində parafin çox olduqda asfaltın keyfiyyəti aşağı düşür. Aşağı temperaturlarda parafini yüksək olan bitum əsasında çəkilmiş asfaltda kristallaşma prosesi baş vermiş yollarda çatlar yaranır, bu isə daha sonra dərinləşərək bəzi yerlərdən asfalt laylarının qopmasına və çalalar yaranmasına səbəb olur. Düzdür, Babək prospektində aparılan yenidənqurma işləri hələ tamamlanmasa da, işin gedişindən, müşahidə olunan mənzərədən sonra belə qənaətə gəlmək olar ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədovun nəzarəti ilə salınan yollar sabiq nəqliyyat naziri Ziya Məmmədovun təhvil verdiyi yollardan elə də ciddi fərqlənməyəcək. Odur ki, istidafəyə verildikdən qısa müddət sonra Babək prospektində də çatlar, dərin çalalar, asfalt laylarının qopması halları müşahidə oluna bilər.

    Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

    Valeh TÜRKSOY, Hurriyyet.org