Əli Kərimlinin müavininə 3 il iş verildi

    6

    Prokuror Məmməd İbrahimin 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi

    Bu gün Nərimanov Rayon Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Sədrinin müşaviri Məmməd İbrahimin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
    Hurriyyet.az xəbər verir ki, hakim Turqay Hüseynovun sədirliyi ilə keçirilən prosesdə Məmməd İbrahim 3 il müddətinə azadlıqdan məhrum edilib.
    Qeyd edək ki, dünən keçirilən məhkəmə prosesində dövlət ittihamçısı çıxış edərək təqsirləndirilən şəxsin 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
    Xatırladaq ki, Məmməd İbrahim 2014-cü ildə AXCP-dən ayrılan Mikayıl Quliyevin şikayət ərizəsi əsasında başlamış cinayət işi üzrə 2015-ci il sentiyabırın 30-da həbs olunub. Əvvəlcə ona qarşı Cinayət Məcəlləsinin (CM) 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud sürətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi ilə, habelə özgənin əmlakını məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddəsiylə ittiham irəli sürülüb. Əlavə olaraq hadisədən bir ay sonra daha iki nəfər – Məmməd Qurbanov və Oruc Vəliyev də şikayət verərək bildiriblər ki, insident zamanı Məmməd İbrahim onları da vurub. Bundan sonra Məmməd İbrahimə qarşı ittiham irəli sürülən maddə ağırlaşdırılaraq CM-nin 221.2.2-ci (xuliqanlıq, ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimayi qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə) maddəsinə tövsif olunub.

    Ülviyyə Həsənova, Hurriyyet.az