Putinin Suriyadan çıxmaq qərarı təqdir olunmalıdır?

    15

    Bu yöndə ən gözəl bənzətməni İngiltərənin Xİ naziri Filipp Hammond söyləyib

    Rusiyanın davranışları o qədər qeyri xətti, anlaşılmaz və qeyri stabildir ki, hələ də bu ölkənin dövlət siyasəti bir həftə sonraya belə proqnozlaşdırıla bilmir. Məhz bu baxımdan Rusiya hələ də dünyanın bir nömrəli gündəmi olmaqda davam edir. İndi də bütün dünya mediasının gündəmini məşğul edən əsas sorğu Rusiyanın prezidenti Vladimir Putinin Suriyadan qoşunların çıxarılması ilə bağlı qəflətən verdiyi göstərişdir.
    Putini buna vadar edən müxtəlif səbəblər göstərilir. Bu səbəblər içərisində geosiyasi şərtlərin dəyişməsindən tutmuş iqtisadi durumun pisləşməsinədək müxtəlif versiyalar ortaya atılır. Bu versiyalardan biri də qərar qəbul olunan gecə Putinin çox məhdud sayda məmur və hərbçilərin iştirakı ilə Suriyadakı vəziyyəti və Rusiyadakı iqtisadi durumu təhlil edəndən sonra bu qərara gəldiyi bildirilir. Ukrayna mediasının Mərkəzi Kəşfiyyat İdarəsinin bir əməkdaşının dediklərinə dayanaraq verdiyi məlumata görə, gecə vaxtı təcili qaydada baş tutan toplantıda Rusiya xüsusi xidmət orqanları dövlət başçısı Putinə qarşı saray çevrilişinə hazırlıqla bağlı dövlət başçısına məlumat verildiyi bildirilir.
    Hərbi Əks Kəşfiyyat idarəsinin məlumatında Türkiyənin xüsusi təyinatlı qüvvələrinin artıq Suriyaya sızdığı, Əsəd rejiminə müxalifətdə olan üsyançı güclərə isə Rusiyanın T-90 tanklarını asanlıqla dələn, eyni zamanda reaktiv təyyarələri vura bilən yeni model havadan müdafiə sistemlərinin verildiyi bildirilib. Son həftələrdə Əsəd ordusuna məxsus 2, Rusiyanın isə 1 təyyarəsinin vurulub, salınmasını da məhz həmin yeni silahların vasitəsilə edildiyini dəlil kimi göstəriblər.
    Bu isə o anlama gəlir ki, artıq bundan sonra Rusiya üçün maneəsiz hava hücumları mümkün olmayacaq və havadakı üstünlüyünü itirəcək.
    Ayrıca Suriyadakı atəşkəsin çox kövrək olduğunu bilən Rusiya atəşkəs pozularsa, bütün bədəlin Moskvaya ödətdiriləcəyini də anlayır. Çünki fevralın 27 atəşkəs elan olunanda ABŞ Dövlət katibi Kerrinin belə bir açıqlaması vardı ki, “əgər atəşkəs pozularsa bütün məsuliyyət Rusiyanın üzərinə düşəcək”. Bu isə Rusiyanı çökdürəcək yeni sektoral samksiyalar deməkdir. Artıq bu yöndə həm ABŞ, həm də Avropa Birliyi rəhbərliyinin xəbərdarlıqları da mövcuddur.
    Məlumata əsasən həmin toplantıda Suriyadan qoşunların çıxarılması qərarını almaq o qədər də asan olmayıb. Müharibə tərəfdarları bu qərarın əleyhinə çıxıblar və bunu Rusiyanın Yaxın Şərqdə mövqelərinin zəifləyəcəyi ilə əlaqələndiriblər.
    Əslində müharibə tərəfdarları olan hərbi bossları anlamaq olar. Çünki hərbi əməliyyatların dayandırılması insan ölümləri, silah satışı, narkotik, insan orqanlarının alveri, qaçalmalçılıq və insanların Avropaya köçündən “qazanılan” yüz milyonların kəsilməsi anlamına gəlir.
    Ancaq müharibə tərəfdarlarının qarşı qoymasına baxmayaraq dövlət maraqlarının üstün gəldiyi və zərərin yarısından qayıtmaq üçün qoşunların çıxarılması qərarının veridlyi bildirilir. Təbii ki, burada prezident Putinin özünü qoruma instinktinin də müəyyən rol aldığını demək olar. Çünki Putin Suriyadakı hərbi əməliyyatların uzun müddət davam edə bilməyəcəini anlamamış deyil. Bu kontekstdə hətta dəfələrlə Rusiya Federasiya Şurasında müzakirələrin getdiyi də deyilir.
    Ancaq hər bir halda Putinin bu addımını strateji olaraq doğru saymaq olar. Çünki Suriya bundan sonrakı proseslərdə Rusiya üçün ciddi mənada ikinci Əfqanıstan sindromu yaşadacaqdı ki, bunun da sonunda Rusiyanın parçalanması və çöküşü qaçılmaz olacaqdı.
    Doğrudur, Rusiya üçün hələ heç nə bitməyib, müəyyən hərbi kontingent Suriyadakı Xmeymim və Tartus hərbi bazalarında qalmaqda davam edir. Amma Rusiya ən azından bu qərarı verməklə bir növ gələcək vəziyyətlə bağlı məsuliyyəti öz üzərindən atmış oldu və bundan sonra olacaqlara görə bədəlin Rusiyaya ödətdirilməsinin qarşısını aldı.
    Onu da etiraf etmək lazımdır ki, BMT, Avropa Birliyi və bir çox dövlətlər Rusiyanın bu addımını nə qədər gözlənilməz olsa da təqdir etdi. Hansı ki, ortada təqdir ediləcək heç bir müsbət nəticə yoxdur. Çünki Rusiya Suriyaya terrorla mübarizə adı altında müdaxilə etsə də, prosesə daha da artıq şiddət gətirmək və Əsədin mövqelərini möhkəmləndirməkdən başqa bir işə yaramadı. Rusiyanın məhv etmək istədiyi İŞİD terror qruplaşması öz mövqelərini saxlamaqda davam edir. Yəni Rusiyanı Suriyaya müdaxiləyə vadar edən səbəb ortada cağbacağ varkən və terror bitirilmədən Rusiyanın öz qoşunlarını hövlnak çıxarmaq qərarı alması təqdir ediləcək deyil. Bu fikirdə biz tək deyilik. Məsələn Rusiyanın təqdir olunmasını doğru saymayan İngiltərənin Xİ naziri Filipp Hammond da var ki, bu barədə ən gözəl bənzətməni də o söyləyib: “Putini bu addımına görə tərifləmək lazım deyil. Çünki Rusiyanın öz qoşunlarını Suriyadan çıxarması öz arvadını döyən kişinin bu vərdişdən imtina etməsinə bənzər”.
    Məncə də cənab Hammondun bənzətməsi Rusiyanın Suriyadakı varlığına və çıxmasına verilən ən gözəl qiymətdir.