Rusiyanı Suriyadan çıxmağa ABŞ məcbur edib – TƏHLİL

    21

    ABŞ Rusiyanı bu qərara addım-addım təhrik edirdi, həm hərbi-siyasi, həm də iqtisadi basqılarla

    Bir çox ekspertlər hesab edir ki, Rusiya prezidenti Putinin Suriyadan qoşunları çıxarma qərarı ABŞ üçün gözlənilməz olub. Ancaq proseslərə diqqət etdikdə bunun heç də belə olmadığı anlaşılır. Əvvəla, ABŞ-ın Suriyadakı proseslərdən uzaq olduğunu heç cür demək olmaz. Çünki Suriyadakı hər bir daşın altından çıxan məhz ABŞ-dır. İkincisi, Rusiyanın başını çəkdiyi qruplaşmanın əks tərəfində duran ən böyük güc məhz ABŞ-ın rəhbərlik etdiyi koalisiyadır. Üçüncüsü, ABŞ-ın bunu təəccüblə qarşılaması guya xəbəri yoxmuş kimi davranması, sadəcə diplomatik bir fənddən başqa bir şey deyil.
    Bunu isbat etmək etmək üçün Putinin qərarınadək baş verən hadisələri xronoloji olaraq izləmək yetər.
    Xatirinizdədirsə, ABŞ-la Rusiya arasında Suriyada atəşkəslə bağlı məsələlər danışılırkən 25 fevralda Dövlət katibi Con Kerri atəşkəsin pozulduğu təqdirdə B planının işə düşəcəyi ilə bağlı xəbərdarlıq etdi. Maraqlıdır ki, Rusiya Xİ naziri Lavrov bu xəbərdarlığın hara hədəfləndiyini anladığı üçün dərhal isterik və aqressiv şəkildə B planını təkzib etdi. Danışıqlarda B planının müzakirə olunmadığını, ümumiyyətlə belə bir planının olmadığını bəyan etdi. Halbuki Kerrinin B planı adı altında dediyi şey Rusiyanı basqı altında tutmaq və bütün məsuliyyəti onun üstünə yükləmək üçün nəzərdə tutulmuşdu.
    Lavrov bunun fərqindəydi və anlayırdı ki, atəşkəsin pozulmasının alternativi Suriyada ABŞ koalisiyasının quru əməliyyatlarına başlaması demək idi. Hansı ki, bunu koalisiya üzvü olan regional ölkələr ABŞ-dan xeyli zamandır ki, tələb edirdilər. Lavrovun aqressiv təpki verməsi də bundan dolayı idi. Çünki atəşkəs razılaşmasının nə qədər kövrək olduğunu bilir və belə bir məsuliyətin altına girəndən sonra burada heç bir oyuna yer qalmayacağını anlayırdı.
    Kerrinin xəbərdarlığından sonra Böyük Britaniyanın baş naziri Putinlə telefonla danışır və atəşkəsin pozulması halında hər şeyin Rusiya üçün çox pis olacağını ultimativ şəkildə bildirir.
    Bunun ardınca Əsəd rejiminin 2, Rusiyanın isə 1 Su reaktiv təyyarəsi vurulur. Və ardınca da Putin 15 martda rus qoşunlarının Suriyadan çıxarılmasını elan edir.
    Sizcə burada bir əlaqə yoxdurmu ki, Putinin bu qərarına ABŞ-ın ağzı açıq qalıb? Hansı ki, ABŞ Rusiyanı bu qərara addım-addım təhrik edirdi, həm hərbi-siyasi, həm də iqtisadi basqılarla.
    Hələ bu da son deyil. Bir də düşünün görək, Suriyalı müxalif güclər Əsədin və Rusiyanın Su reaktiv təyyarələrini və müasir T-90 tankını nəylə dəlmə-deşik elədi?!
    Bu sualın cavabı da bəsitdir. Bu silahları müxalif güclərə təbii ki, ərəb şeyxləri ötürdülər, özü də əhəmiyyətli miqdarda, həm də ABŞ-ın baş razılığıyla. Bu dəfə müxaliflərə verilən PZRK qurğuları yeni modifikasiyada olan silahlardı ki, ilk sınağı da məhz Rusiyanın öyündüyü T-90 tankının üzərində sınadılar. Hətta bu eksperimenti müxalif güclər videoya çəkərək sosial şəbəkələrdə yaydılar.
    İndi siz deyin, ABŞ-ın təəccübünə yer varmı? Yoxdursa, onda deyin, təəccübdən açdığı ağzını yumsun. Çünki azacıq da olsa, geosiyasətdən başı çıxan varsa, bu oyunları dərhal anlaması lazımdır.