“Bəzən bəzi mövqelərə futolçu milliləşdirməyi də anlayışla qarşılamalıyıq”

114

Bugünlərdə ölkənin futbol gündəmini məşğul edən mövzulardan biri də milliləşdirilən türkiyəli futbolçulardır. Əmrə Yıldırım və Serhan Üres U-19 yığmasına çağırılıb. İctimaiyyət yenə narazıdır və bu tendensiyanın səngiməsini, yerli futbolçuların üzə çıxarılmasını tələb edirlər. AFFA-nın vitse-prezidenti Vaqif Sadıqov bu mövzularda hansı fikirdədir:
– Narazılıqları anlayışla qarşılayırıq. Ancaq getdikcə milliləşdirmə prosesi səngiyir. Son cəhdlər böyük ehtimalla sırf bəzi boşluqların doldurulması məqsədiylə edilib. Həm də milliləşdirilənlər kimlərdir – türkiyəli yetirmələr. Qardaş ölkə, mədəni yaxınlıq, mentalitet oxşarlığı və s. Əlbəttə ki, bu halın mütəmadi olmasını qəbul etmək olmaz və təkrar qeyd etməliyəm ki, əvvəlki illərə baxanda milliləşdirmə prosesi xeyli azalıb.
– Yerli imkanlarımız niyə tam formada təmin edə bilmir?
– Bilirsiz, Azəraycan futbolunda iqtisadi sıçrayış dövrü elə də uzun çəkmədi. Ən çox 10 il davam edən bu vəziyyət artıq yenə də enişə doğru getməkdədir. Belədə futolçu yetişdirmək, ümumiyyətlə, futbolçu “bazarında” bolluğun olması çətindir. Ən imkanlı klublarımız ya iflasa uğrayıb, ya da əvvəlki əzəmətindən uzaqdır. Akademiya xərcləri isə çoxdur. Hər klub buna təşəbbüs etmir. İstəməzdim neqativ yüklü danışım, ancaq proses əvvələ nisbətən zəif də olsa, əsas odur ki, davam edir. Məncə, biz pis dönəmə getmirik. Bəzən bəzi mövqelərə futolçu milliləşdirməyi də anlayışla qarşılamalıyıq. Mən də bir futbol adamı kimi bunun tam tərəfdarı ola bilmərəm, lakin bəzən məşqçilərin istəyi, ümumi ehtiyac üzündən bunu etməli oluruq.
– “Sumqayıt”da 3 tura 3 qol vuran Əli Qurbaninin milliləşdirilməsi də gündəmin müzakirəsindədir. Sizcə, əsas milli üçün milliləşdirməyə ehtiyac varmı?
– Bu, sırf millinin baş məşqçisinin ixtiyarında olan məsələdir. Şəxsi fikrimə gəlincə, Əli keyfiyyətli futolçudur və komandası üçün necə faydalı olduğunu ilk cəhdlərdən lazımınca göstərə bilib. Lakin milli komanda üçün hələ çox tezdir. Çempionat yeni başlayıb. Baxmaq lazımdır ki, futolçu gələcəkdə özünü necə göstərəcək, uzun marafona nə dərəcədə hazırdır və s. Amma ümumən, yüksək keyfiyyətli futbolçudur və milliizin qol duyumu və bacarığı yüksək olan hücumçuya ehtiyaı da var. Təkrar qeyd edim, bu məsələlərdə qəti tələsmək olmaz.