“Bəlkə daha yaxşı çıxış edə bilərdik”

114
Tərlan Əhmədovla Canni  De Byazili millimizə baxış

Milli komandamız üçün UEFA Millətlər Liqasında növbəti sınaq da başa çatdı, 2020-ci il də. İtaliyalı Canni de Byazinin baş məşqçiliyi dövründə olan bu 3 aya baxış keçirmək, qiymət vermək üçün millidə ən çox oyun keçirən futbolçulardan, liderlərdən, sabiq kapitanlarından biri olan Tərlan Əhmədovla söhbətləşdik. 49 yaşlı mütəxəssis Sport24.az-a müsahibəsinə C liqasında qrupunda 3-cü yeri tutan millimizin çıxışıyla bağlı ümumi fikirlərini bildirməklə başladı.

– Açığı, püşkatma olan vaxtda hamımız düşünürdük ki, bu rəqiblərlə rahat oynamaq olar. Çünki qüvvələr nisbəti demək olar bərabər idi. Amma gedişat onu göstərdi ki, bu turnirə hələ ki hazır deyilik. Açıq deyim ki, ilk turda evdə Lüksemburqa 1:2 hesabıyla uduzandan artıq şansımızın çox hissəsini itirdik. Baxmayaraq ki, bundan sonra səfərdə Kiprə qalib gəldik. Son 3 matçda qolsuz bərabərlik oynadıq. Hələ Sloveniya yığmasıyla yoldaşlıq görüşündə də həmin nəticənin qeydə alındığını nəzərə almıram. Qrupda 6 oyuna 6 xal – 1 qalibiyyət, 3 heç-heçə və 2 qol vurulub. Hər halda, bu nəticə öz-özlüyündə onu göstərir ki, bu turnirə hazır deyilik. Bəlkə daha yaxşı çıxış edə bilərdik, daha yaxşı nəticə əldə etmək olardı.

– Niyə olmadı?

– Hazırkı çıxışın, nəticənin səbəbləri çoxdu və bunu baş məşqçi, məşqçilər korpusu daha yaxşı bilir. Amma ümumilikdə götürsək, heyətdə çox dəyişiklik oldu. Demək olar çox matçda eksperiment aparılırdı. Həmişə deyirdim ki, Ağabala Ramazanov niyə milliyə dəvət almır? Son oyunlarda “Zirə”də yaxşı çıxışı göz qabağındadı. Eləcə də Rauf Əliyevin “Səbail”də. Bizə nəticə lazım idisə, bu futbolçuları cəlb etmək olardı. Yox, ümumi fikirləşirdiksə, Millətlər Liqası bizim üçün ciddi turnir deyil, yeni komanda qururuq, əvvəldən bunlar hamısı plan üzrə olmalı idi. İstənilən halda, düşünürəm ki, istər Monteneqro, istər, Lüksemburq, istər də Kpr rahat oynanılası yığmalar idi və nəticə vermək olardı. Artıq bu şansı da itirdik.

– Yəni, nəticəni qənaətbəxş saymırsınız?

– 3-cü pilləni tutduq, bundan əvvəlki Millətlər Liqasında isə qrupda 2-ci olmuşduq. Fərq göz önündədi.

– Amma liqaların da başqa olduğunu nəzərə alaq – onda D, indi C…

– Olsun. Belə götürsək, eyni gücdə olan komandalardı. Onda da belə idi, indi də. Qurban Qurbanovun baş məşqçiliyi dövründə həmin sistem idi ki, onu, öz fəlsəfəsini futbolçulara aşılayırdı, yavaş-yavaş komandasını qururdu və 9 xal topladı. Ancaq indi 6 xal toplamışıq. Şərt o deyil ki, fərqli liqalardı. Yuxarı pilləyə qalxmışdıqsa, C liqasında sınağa da hazır olmalı idik. Fikirləşməməli idik ki, o dövrdə komandalar zəif idi, indi ondan güclü. Xeyr, belə düşüncə olmamalı idi.  İndi C liqasına Türkiyə də düşüb, Slovakiya da. Onda necə olacaq? Hansı liqada yer alırsansa, deməli, o komandaların gücü eynidi və sərfəli nəticə vermək üçün daha yaxşı çıxış etmək lazımdı. Ümumi götürəndə, çox oyuna 5-6 müdafiəçiylə çıxırdıq və bu zaman istər-istəməz hücumda problemlər yaranırdı. Son oyunlar da onu göstərir ki, müdafiə xəttinə üstünlük verdiyimiz üçün qolsuz bərabərliklərə daha çox rast gəldik.

– Futbolda nadir hallarda olur ki, qrupda ardıcıl 3 matçı 0:0 oynayırsan. Millimizin bu nəticəsi nəyin göstəricisidi? Müdafiə yaxşıdı, qol buraxmırıq, hücum isə…

– Müdafiə yaxşıdı deyəndə ki, 5-6 arxa xətt üzvüylə oynayanda, əlbəttə ki, hücumda kəsər, aqressivlik olmayacaq. Daha çox müdafiəyə fikir verirsən ki, əks-hücumlarda 1 qol vuraraq nəticə qazanasan. Ancaq istər-istəməz rəqib də səni analiz edir axı…Beş müdafiəçiylə oynayanda hücumda çoxluq təşkil edə bilmirsən. Bu nöqteyi-nəzərdən də çox az qol epizodları yaradırıq. Belə olanda da qol vurmaq ehtimalın aşağı düşür, sıfra enir. Ancaq hücumda çoxluq təşkil edəndə, qol epiziodları daha çox olur, qol vurmaq ehtimalın da artır. Azsaylı qol vəziyyətlərində də istifadə etməyəndə, əlbəttə, hücumdakı o psixoloji komponentlər, aqressivlik aşağı düşür. Hər halda, hesab edirəm ki, biz də daha çox hücumu düşünməli, qurmalı idik. Dünən axşam evdə oturub analiz etmişəm avqustdan bəri klublarımızın avrokuboklarda çıxışını, 3 təmsilçimizin ilk təsnifat mərhələsindən mübarizədən kənarda qalmasını, “Qarabağ”ın qrupa düşsə də, hələ də qalib gəlməməsini, xal qazanmamasını.

– Hansı qənaətə gəldiniz?

– İstər-istəməz o nöqtəyə gəlib çıxırsan ki, klublarımızın hücum xəttində böyük problemlər var. Avropa üçün bu, hələ ki problem olaraq qalır. Çempionatda son 2 turda 6:1, 6:0 hesablarının olmasına baxmayaraq, ümumilikdə orta xətt oyunçularının vurduğu qollardı. Hücumda isə məhsuldarlıq keyfiyyəti azdı və bu da onu göstərir ki, ön xəttə fikir vermirik. Müdafiəyə daha çox fikir verirsənsə, əlbəttə, hücumda passivlik olacaq, ev tapşırığın, sürətli, kəsərli hücumun olmayacaq. Bunlar hamısı şərtdi. Hücumameylli futbolçuların daha çox olmalıdı ki, ön xətdə aktivlik görək. Hətta 5 müdafiəçiylə oynasan da, cinah müdafiəçilərin hücumda daha çox iştirak etməlidi. Bizdə isə əksinədi – fikriləşirik ki, meydana daha çox müdafiəçi buraxaq, 1 qol vuraq, qalib gələk. Belə bir tendensiyalarla hücumun kəsəri alınmır, daha maraqlı, keyfiyyətli hücum görə bilmirik. Nəticədə azsaylı qol epizodları da qaçırılacaq.

– Fikrimizcə, Ramil Şeydayevin cinahda yox, hücumun mərkəzində, Mahir Emreliylə bağlı isə əksinə yerdəyişmənin edilməsi daha effektiv olardı. Hər halda, ötən tsikldə bunun yaxşı alındığını görmüşük. Maraqlıdı, buna necə yanaşırsınız?

– Məşqçilərin öz baxışı, taktikası var. Futbolçular hansı mövqedə daha keyfiyyətli, rəqibi analiz edəndən sonra kim harda oynasa, daha yaxşı olar – bunlarla bağlı baxışları var. Mahir “Qarabağ”da da cinahda çox oynayıb. Solaxay futbolçu kimi sağda çıxış edib, içəri girib qapıya zərbəsi var. Yəni, Emreli cinahda daha çox keyfiyyətlidi. Ramilin isə taran tipli, boyunun, cüssəsinin olmasına görə hücumun mərkəzində oynaması daha keyfiyyətli olar, nəinki cinahda. Ramil klubunda da daha çox cinahda çıxış edir və kölgədə qalır, qol epizodları orda da yoxdu. Bunlar hamısı istər-istəməz yığmaya da təsir edir. Bu üzdən dediklərinizlə razıyam.

– De Byazi debüt matçını çıxsaq, sonrakı 5 matçın hamısında 5 müdafiəçiylə oynadı. İtalyan mütəxəssisin oyun dəst-xətti kimi nələr diqqətinizi çəkdi?

– Çətindi birmənalı cavab vermək. Görünür, özünün fəlsəfəsi var ki, indi müdafəni qursun. Müqaviləsi növbəti seçmə mərhələsinin sonunadəkdirsə, gələcəyi, həmin DÇ-2022-nin qrup mərhələsinə uyğun rəqibləri fikirləşir. Hər halda, orda Millətlər Liqasından daha güclü yığmalar, Top milli komandalar gələcək. Onda tam fərqli sınaq olacaq. Bu zaman istər-istəməz daha çox müdafiəni fikirləşməli olacağımızdan, indidən bu addımı atır. Ona görə hücuma yox, müdafiəyə daha çox diqqət yetirir. Fikirləşir ki, gələn tsikldə rəqiblərin hücum xəttini daha güclü, aqressiv olacaq.

– Bir keçmiş mərkəz müdafiəçisi olaraq arxada etibarlı qapıçının nə demək olduğunu daha yaxşı bilərsiniz. Belə demək olarmı ki, millidə “1 nömrə”ylə bağlı Emil Balayev dönəmi bitdi, artıq Şahrudin Məhəmmədəliyev dövrü başlayır?

– Açıq deyim ki, Şahrudin neçə ildi Azərbaycandadı, həmişə ona böyük marağım olub, simpatiyam var. Çünki “çərçivə”də çox güclüdü, reaksiyaları həddən artıq yüksəkdi. 6-ci ildir bir klubdadı – “Qarabağ”dadı. Öz zamanını gözlədi, klubunu dəyişmədi, klubuna sadiq qaldı və şansına yiyələnir bu gün. Emil Balayevin isə Avropada legioner həyatı əldən getdi. Norveçdən təklifi vardı, gərək qəbul edib o tramplini keçməli idi. Bu gün Azərbaycanda “1 nömrə”li qapıçı Şahruddindi. Bu, qaçılmazdı, danılmazdı. Məhəmmədəliyev öz vaxtını gözlədi, rəqabətini apardı və yekunda qalib gəldi. Bu gün də bir daha sübut edir ki, “1 nömrə”di. Emilə isə yenə zaman, uzun müddət lazım olacaq ki, klubda rəqabət aparsın, çıxışıyla yenidən özünü sübut etsin, başqa qapıçıyla rəqabətdən qalib çıxsın  – bunların hamsı şərtdi. Mənim üçün hazırda “1 nömrə” Şahrudindi.

– Yaxşı tanıdığınız, “Keşlə”yə gətirdiyiniz, parlayan Vüsal İsgəndərli. Millidən kənarda qalması çox müzakirə olundu, de Byazi son matçlara onu da çağırdı. Ancaq millidə meydanda olarkən it-bat olur, həmin “Keşlə”dəki Vüsaldan əsər-əlamət görmürük. Keçmiş baş məşqçisi kimi buna necə izah verərdiniz?

– Futbolçular fərqli-fərqli psixolojiyaya sahibdi. Görürsən ki, futbolçu var klubunda “1 nömrə”di. Ancaq yığmaya gələndə, görürsən ki, hansısa proseslərdə bir az “axsayır”. Fikrimcə, Vüsal milliyə mütəmadi dəvət olunmadığı üçün o psixoloji problem, o həyəcan onda hiss olunur. Bəlkə uzun müddət, mütəmadi dəvət olunsa, onda tamam başqa Vüsalı görə bilərik. Necə ki klubunda canfəşanlıq edir, lider kimi oynayır, yığmaya da bu cür xeyri dəyə bilər. Xatırlayıram, bizdə SSRİ yığmasında bir futbolçu vardı, məşqlərdə super, ideal idi. Hamı deyirdi ki, “1 nömrə”di. Ancaq oyuna gələndə tamam itirdi. Bir-iki təlim-məşq toplanışından sonra onu uzaqlaşdırdılar. Bəli, çox elə futbolçu da var ki, həm klubunda, həm də yığmada liderlik etməyi bacarır. Məşq futbolçusu var, klub futbolçusu, bir də yığma futbolçusu. Vüsal mütəmadi çağırılmadı, dəvət alanda da matçın iştirak ərizəsinə düşmədi – bunlar şərtdi və futbolçuya psixoloji planda mənfi təsir göstərə bilər. Bəlkə İsgəndərli mütəmadi milliyə çağırılsa, getdikcə daha çox oynadılsa, özünəinamı artacaq və dediyiniz problem zamanla həllini tapacaq.