Bədbəxtliklərimizin kökü xarakterimizdədir

11

Biz qətiyyən nə elədiyini, nə işlə məşğul olduğunu, nə yazıb-pozduğunu bilməyən bir xalqıq

Bizim üçün bəşər dəyərlərinin zərrə qədər də əhəmiyyəti yoxdur…

Hər gün internetdə çıxış edən dünyada çox məşhur bir yəhudi jurnalistin bizə, xalqımıza aid fikirləri məni çox pərt elədi. Bu yəhudilər qəribə millətdirlər. Bəzən yaxşı münasibətdə olduqları dövlət və xalqlara qarşı da çıxış edirlər. Bizim onlara heç bir pisliyimiz olmayıb, sovet dövründə də yəhudilər bizdə, xüsusilə Bakıda yaxşı vəzifələrdə, yaxşı şəraitdə yaşayıblar. Bakının ən yaxşı yerlərində, ən gözəl binalarında.

Yada salaq ki, dünya şöhrətli, XX əsrin beş-altı nəhəng fiziklərindən biri olan akademik Lev Davidoviç Landau da 1908-ci ildə Bakıda doğulmiş və burada  orta təhsilini almışdır. Yeri gəlmişkən qeyd edim ki, Bakıda doğulan, uşaqlıq illəri burda keçən, yeniyetmə və ilk gənclik illəri də. Buna baxmayaraq Landau ömrünün sonuna kimi heç yerdə heç bir azərbaycanlının və heç bir Bakılının adını çəkmir. Belə çıxır ki, onun 17-18 yaşına kimi doğulduğu şəhərdə heç bir yaxın dostu, heç bir sinif yoldaşı, heç bir sevimli müəllimi olmamışdır.

Qayıdaq yəhudi jurnalistinə (lazım gəlsə, internetdən adını götürüb bəyan edərik. Çünki demək olar ki, hər gün çıxış edir). Bu, ağıllı, vicdanlı və cəsarətli jurnalist və siyasətçidir. İki-üç ildir ki, Rusiyadan İsrailə kömüşdür. Hər gün internetdə ilk növbədə onun çıxışına qulaq asıram. Ömrü boyu Rusiya ilə bağlı olduğu üçün ən çox da Rusiyada baş verənlərdən danışır. Həmişə də ən amansız həqiqətləri aşkar edir. Ümumiyyətlə isə bütün dünyada baş verən qalmaqallı işlərin, terror aktlarının, müdaxilə və işğalların başında Rusiyanın, Kremlin, məhz Putinin durduğunu açıq-aşkar faktlar və amansız məntiqlə ifşa edir.

Bütün bunlarla yanaşı, bu günlərdə bu adamın çıxışlarının birində yüngül desək, əslində isə çox ağır şəkildə bizə sataşdığı bir epizodu yada salıram. Jurnalist birdən-birə hansı səbəbdənsə (yəqin ki, alverçilik üçün) İsrailə gedən 28-30 yaşlarında iki azərbaycanlıya qəfildən bir sual verir. Adam lap məəttəl qalır. Necə deyərlər, heç dəxli var?! O azərbaycanlılardan soruşur:

-“Vı veqetarianets?”

Azərbaycanlı cavanlar bir ağızdan cavab verirlər:

-“Net, mı azerbaydjantsı!”

Bilmirəm, yəhudi jurnalisti onlara niyə bu sualı verdi? Onları, əslində isə Azərbaycan xalqını təhqir etmək üçünmü? Azərbaycanlıların mahiyyətcə kim və nə olduqlarını, ümumiyyətlə səviyyəsiz bir xalq olduqlarını göstərmək üçünmü?  Yəqin ki, hə. Çünki bununla söhbəti bitirən jurnalistin bu ssualı bilərəkdən, buna hazırlaşaraq verməsi şübhəsizdir.

Həmin azərbaycanlılar rusca yaxşı bilməyə də bilərlər. Amma “vegetarianets” (yəni ət yeməyənlər, əsasən göy-göyərti ilə qıdalananlar) güman ki, latın sözüdür, amma o qədər məşhur və işlənmiş bir ifadədir ki, onun mənasını bilməyən adam az olar. Əlbəttə, heç olmasa orta məktəbi bitiribsə. Məlumdur ki, hər hansı bir erməniyə bu sualı versən, lap bazarda kartofsatan olsa da (sovet dövründə mən onların Lənkəran bazarında kartof satmağını çox görmüşəm) sözsüz ki, “vegetarian” sözünün mənasını bilməmiş ola bilməz. Mümkün deyil e…  Dünyada bu sualı kimə versən, bu sözün, bu ifadənin mənasının nə demək olduğu biləcək.

Bax, bütün faciələrimizin birə əsas kökü də elə birdadır. Dünyanın demək olar ki, bütün ölkələrində – əsasən də Avropada daim ermənilərin müdafiə olunduğu göz qabağındadır. Halbuki, onların işğalçılığı, Dağlıq Qarabağdan əlavə 7 rayonumuzu işğal altında saxlamaları, bir milyondan çox əhaliyə divan tutması hamıya məlumdur. Amma daim ermənilərlə bizimkilər bir sırada saxlanılır və münasibətlər eynidir, ən pisi isə heç kim ermənilərdən Dağlıq Qarabağdan kənarda olan işğal olunmuş bölgələri azad etməyi tələb etmir. Niyə? Ona görə ki, bax, səviyyəmiz yoxdur və nə gündə yaşamağımızın da bizim üçün heç bir fərqi yoxdur.

Bir millət kimi mənəvi sərvətlərimizin bolluğuna, zənginliyimə, emosional qüdrətinə və həyat həqiqətlərinə görə nəinki qonşularımızdan, nəinki nisbətən gənc Avropa xalqlarından və hətta çox qocaman çinlilər hindlilər kimi Asiya xalqlarından da üstünük.

Bizim muğamlarımızın, təsniflərimizin, rənglərimizin misli-bərabəri

yoxdur. Hərçənd ki, böyük Üzeyir Hacıbəyovdan sonra bu zəngin xəzinəni araşdıran və qiymətləndirən də olmadı. Və özümüz də sanki atamızdan qiymətli miras qalan bir xəzinənin nə olduğnu sanki bilmirik. Hələ folklorumuz! Vaxtilə bəsirətli Qılman İlkinin (Musayevin) çap etdirdiyi Azərbaycan dastanlarının eposlarımızın sayı onlarla deyil, lap bəlkə də yüzlərlədir. Almanların  “Nibelunq”, fransızların  “Roland” dastanları, ingilislərin “Robin Qud”u var və Avropada onları əzbər bilməyən yoxdur. Biz isə bu cür dastanlarımızın heç sayını bilmirik, nəinki məzmun və mənasını. Çünki 30-40 ildir ki, partiya liderlərimiz, universitet müəllimlərimiz, akademiklərimiz, AMEA-nın Nizami adına ədəbiyyat institutunun profzırları pədərlə xələfin çoxcildlik külliyatını yazmaq və nəşr etdirməklə məşğuldurlar. Arvadlar demişkən: Kül belə professorların başına!

Hələ nağıllarımızı demirəm. Bu nağllarda nə qədər gözəl fantastik filmlər və obrazlar yatır ki, dünyanın kino ekranlarını bəzəyərdi.  Hələ dörd misrada neçə min misralıq Nizami poemalarının məzmunu əks olunan zərif, qüssəli, sevgi-məhəbbət alovu ilə dolu bayatılarımız…

Elmləri Akademiyasının institutlarında, eləcə də Bakı Dövlət Universiteti və çoxlu sayda özəl institutlarda gənc dilçilər və ədəbiyyatçılar hansı mövzularda dissertasiya yazırlar? Bir dəfə elmi işlərin siyahısı çap olunmuş məcmuəyə baxanda məəttəl qaldım. Dilçilik üzrə bütün dissertasiylar rus dilində  “X” səsinin və əhəmiyyəti, və ya fransız leksikonunda “gəlmək”  sözünün çoxşaxəli izahları, eləcə də Səməd Vurğun və ya Mayakovskinin artıq otuz ildən bəri ölmüş yaradıcılıqlarındakı ədəbi xüsusiyyətlərin ənənəvi ifadəsinə aiddirlər. Əşi, bu yazıq S.Vurğun özü yazıb ki:

Mənim də otuz il yazdığım şeir

    Stalin demişdir, Stalin deyir.

    Stalin eşqiylə nə qədər sağam,

    Stalin eşqiylə yaradacağam.

Bu yazıq və bəsit şair özü-öz yaradıcılığının qiymətini verib. Amma minlərlə ədəbiyyat mütəxəssislərimiz hələ də onun vağzalda ucalan heykəlinə baxıb XX əsrin ən qüdrətli şairi kimi tədqiq və tərənnüm etməkdədir.

Beləliklə biz qətiyyən nə elədiyini, nə işlə məşğul olduğunu, nə yazıb-pozduğunu bilməyən bir xalqıq. Bizim üçün bəşər dəyərlərinin zərrə qədər də əhəmiyyəti yoxdur. Və bu dəyərlərin ən birincisi AZADLIQ və ƏYİLMƏZLİKDİR. Azadlıq nədir, heç vecimizə deyil. Şəxsiyyətimiz isə özümüzdən zəiflər üçün, özümüzdən qat-qat aşağılar üçün mövcuddur. Və bədbəxtlik də ondadır ki, quzeydə on milyon, güneydə qırx milyonluq xalq içində bir nəfər adam da, bir nəfər zəka və mənəviyyat çırağı yoxdur ki, onun sözü bütün xalq üçün hərəkətverici əmrə bərabər olsun. Yoxdur və elə bədbəxtliyimizin kökü də bundadır.

Sonda bir məsələ barədə: Cənab akademik Ramiz Mehdiyev mənim tanıdığım çox peşəkar və vicdanlı fəlsəfə mütəxəssisi olan Əli Abbasovu nəyə görəsə 30-40 ildən bəri zəhmət çəkdiyi institutdan işdən çıxarır. Harda bu hadisə baş versəydi, bütün institut, hətta akademiya etiraz edərdi. Amma bizdə əksinə, əksəriyyət sevinir. Çünki qanımız, genlərimiz, neyronlarımız həmkarlarımızın uğursuzluğuna toy-bayram edir. Bax, bütün dünyada heç bir hörmət və nüfuza sahib olmamağımızın səbəbi də budur. Səbəb budur ki, ölkəmizin az qala yarısını özgələrin köməyi ilə özünün ərazisinə çevirən, dədəsinin torpağı kimi istifadə eləyən erməniyə özünü ədalət carçısı sayan heç bir Avropa ölkəsində güldən ağır söz deyən  yoxdur.

Əlisa  NİCAT