“Azyaşlı qıza təcavüz edənlər himayə olunur…”

1287

“Hürriyyət”in Baş redaktoru Prezidentə və Baş prokurora müraciət etdi

“Hürriyyət” qəzetinin Baş redaktoru Vüqar Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Baş prokuror Kamran Əliyevə müraciət edib. Həmin müraciəti olduğu kimi dərc edirik:

“Cənab Prezident!

Hörmətli Baş prokuror!

Lənkəran sakini, 14 yaşlı Diana Əliyevanın rayon polis şöbəsinin əməkdaşı Orxan Şahmarov tərəfindən qeyri-təbii yolla cinsi təcavüzə məruz qoyulmasıyla bağlı istər rəhbərlik etdiyim qəzet və saytda, istər də digər çoxsaylı media orqanlarında informasiyalar dərc olunub. Bu məlumat ilk dəfə “Hürriyyət” qəzetində işıq üzü gördüyündən, DİN rəhbərliyi “deyilənlər hamısı uydurmadır. Baş Prokurorluqdan tutmuş, Daxili İşlər Nazirliyinə kimi bütün dövlət qurumları işi araşdırıb, fakt təsdiqini tapmır”, – deyə açıqlama verərək, bizi qərəzli olmaqda ittiham etmişdi. Lakin sonradan “Hürriyyət”in informasiyası təkzibolunmaz faktlar əsasında öz təsdiqini tapdığından, azyaşlı qıza təcavüz edən polis əməkdaşı – Orxan Şahmarov guya cəzalandırlaraq, Lənkəran Polis İdarəsindəki vəzifəsindən azad olunub, Xızı rayon Polis İdarəsinə təyin edildi.

Bununla belə, yetkinlik yaşına çatmayan Diana Əliyevaya qarşı cinsi təcavüzdə ittiham olunan polis əməkdaşı barəsində heç bir hüquqi tədbir görülmədi. Doğrudur, azyaşlı qızın anası, 1989-cu il təvəllüdlü Vüsalı Əliyevanın baş verən olayla bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğuna ünvanladığı 31 mart 2020-ci il tarixli müraciət əsasında Lənkəran Rayon Prokurorluğunda “araşdırma” aparıldı. Lakin prokuror köməkçisi Əliyev Ariz Sənham oğlunun 26 may 2020-ci il tarixli qərarı ilə, “cinayət tərkibi olmaması” əsas götürülərək, Orxan Şahmarovun barəsində cinayət işinin başlanması rədd edildi.

Maraqlıdır ki, sonradan Orxan Şahmarovun iş yoldaşı, Lənkəran rayon Polis İdarəsinin əməkdaşı Mirsahib Kazımzadə azyaşlı qıza zəng vuraraq, guya onun şikayəti ilə bağlı araşdırma aparıldığını deyib və Diana Əliyevanı görüşə çağırıb. Amma bu görüş polis idarəsində deyil, deputatlardan birinə məxsus olduğu bildirilən və Lənəkəran şəhərində yerləşən “Palıdlı Sahil” adlı oteldə baş tutub. Daha dəqiq desək, qızın azyaşlı olmasından istifadə edən polis əməkdaşı guya onda Orxan Şahmarovla bağlı hansısa məxfi materialların olduğunu bildirir və bu haqda polis idarəsində deyil, kimsənin olmadığı sakit bir yerdə söhbət etməyin vacibliyini qarşı tərəfə çatdırır. Üstəlik, D.Əliyevaya tapşırır ki, bu görüş haqda hələ anasına da xəbər verməsin…

Çox təəssüf ki, polis əməkdaşı Mirsahib Kazımzadənin ya keçmiş iş yoldaşı Orxan Şahmarovun “qisasını” almaq, ya da Diana Əliyeva barəsində mənfi rəy formalaşdırmaq niyyəti ilə qurduğu çirkin plan baş tutur. Belə ki, azyaşlı olmasına rəğmən, qızı əvvəlcədən oteldə ayırdığı otağa apararaq, orda D.Əliyevaya qarşı cinsi təcavüz göstərir. Güman olunur ki, bu görüş zamanı qızın ya içkisinə, ya da yeməyinə narkotik tərkibli dərman qatılıb. Çünki o, gecəni səhərədək oteldə qalıb və həmin gün qızının telefonuna zəng çatmadığını görən anası DİN-in 102 xidmətinə zəng vursa da, polis Diana Əliyevanı tapmayıb. Azyaşlı qız səhər evə qayıtdıqda anasına bildirib ki, polis əməkdaşı Mirsahib Kazımzadə onu aldadaraq otelə aparıb və orada qeyri-təbii yolla cinsi əlaqədə olub.

Azyaşlı qızın həmin otelə aparıldığını şahidlər – taksi sürücüsü və otelin əməkdaşı da öz ifadələrində təsdiq edir. Həmçinin, bunu təsdiq edən video-görüntülər də mövcuddur. Hansı ki, bu görüntülər ortaya çıxandan cəmi bir neçə saat sonra Mirsahib Kazımzadə DİN rəhbərliyi tərəfindən dərhal polis orqanlarından uzaqlaşdırılıb.

Cənab Prezident!

Hörmətli Baş prokuror!

Bir daha təəssüflə qeyd edirəm ki, polis əməkdaşı Mirsahib Kazımzadənin azyaşlı qıza qarşı cinsi təcavüzü ilə bağlı oktyabrın 5-dən cinayət işi açıldığı bildirilsə də, hələ də vəzifədən çıxarılması xaricində, ona heç bir cəza verilməyib. Zərəçəkən tərəf müstəntiq Cabir Qurbanlının bu işdə polis əməkdaşını müdafiə etdiyini və ortada olan cinayət faktını ört-basdır etməyə çalışdığını iddia edir. Üstəlik, qarşı tərəf gah qızın anasını şikayətlərini dayandırmayacağı tədirdə öldürəcəyi ilə hədələyir, gah da bunun qarşılığında ona külli miqdarda pul təklif edir. Vüsalə Əliyeva bu puldan imtina etdikdə isə ona bildirilib ki, həmin vəsaitlə Mirsahib Kazımzadəni ölkədən çıxarda da bilərik…

Bu səbəbdən, Sizdən xahiş edirəm ki, Azərbaycanda heç kimsənin qanunlardan üstün olmadığının sübutu olaraq, azyaşlı qıza qarşı cinsi təcavüz edən polis əməkdaşları barəsində ciddi hüquqi tədrbir görülməsinə və ədalətin bərpa olunmasına göstəriş verəsiniz.

Hörmətlə: V.Məmmədov”.