Azyaşlı qız Lənkəran polisi tərəfindən növbəti dəfə təcavüzə məruz qaldı – PROKURLUQ İSTİNTAQ İŞİNİ NİYƏ UZADIR?

1323

Yetkinlik yaşına çatmayan Lənkəran sakini Daina Əliyeva növbəti dəfə Lənkəran şəhər Polis İdarəsinin əməkdaşı Mirsahib Kazımov tərəfindən aldadılaraq, təcavüzə məruz qalıb.

Xatırladaq ki, ilk əvvəl 14 yaşlı qızı Diana Əliyevanın Lənkəran Şəhər Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin inspektoru olmuş, indi isə Xızı Rayon Polis Şöbəsində çalışan Orxan Araz oğlu Şahmarov tərəfindən təcavüzə məruz qaldığını iddia etmişdi. Anası Vüsalə Əliyevanın sözlərinə görə, Orxan Şahmarov xidməti vəzifəsindən sui-istifadə edərək, yetkinlik yaşına çatmayan Diana Əliyeva ilə qeyri-təbii yolla cinsi əlaqədə olub. Hurriyyet.org-da yayımlanan materiallardan sonra, Orxan Şahmarov iş yeri dəyişdirilərək, Xızı rayon Polis şöbəsinə göndərilmişdi.

İddia olunur ki, Dinana Əliyeva, növbəti dəfə Lənkəran şəhər Raron Polis Şöbəsinin əməkdaşı Mirsahib Kazımov tərəfindən aladılaraq, otelə aparılmış və orda azyaşlı olmasına baxmayaraq, təcüvüzə məruz qalıb. Anası Vüsalə Əliyeva bildirir ki, qızına təcavüz edən Mirsahib Kazımov işdən çıxrılsa da, iki ay vaxt keçməsinə baxmayaraq, hələ də azadlıqda gəzir:

“Hadisə avqustun 29-u baş verib. Sentyabrın 24-də polis əməkdaşı işdən azad edilib. Oktyabrın 5-də Lənkəran şəhər prokurorluğuna getdim. Lakin işi polis əməkdaşı aparırdı. Polisin işinə polis baxa bilməzdi. Bu baxımdan, işi prokurorluğun aparmasını istədim. Oktyabrın 5-dən işi araşdırsalar da, indiyənədək heç bir nəticə yoxdur. Cinayət məcəlləsinin 152.1 maddəsiylə cinayət işi açılıb. Amma nədənsə işi yubadırlar. İşi aparan prokuror Taryel Ələkbərovdur. Qızıma təcavüz edən şəxs işdən çıxarılsa da, hələ də azadlıqdadır. Artıq bütün sübutlar ortalıqdadır. Ekspertizanın rəyi də təsdiqini tapıb. Buna baxmayaraq, qızıma təcavüz edən şəxs azadlıqda gəzir”.

Məsələylə bağlı Lənkəran rayon Prokurorluğunun müstəntiqi Cabir Qurbanlıyla telefon əlaqəsi yaratdıq:

 – Salam, Cabir bəy. Lənkəran sakini Vüsalə Əliyeva redaksiyamıza şikayət məktubu göndərib. Məktubda bildirir ki, qızı Diana Əliyeva polis əməkdaşı tərəfindən təcavüzə məruz qalıb. Bildirir ki, iki ay vaxt keçməsinə baxmayaraq, şübhəli şəxs hələ də azadlıqdadır. Ümumiyyətlə, istintaq işi  nə yerdədir?

– Salam. Mən, özüm şikayətçiyə məlumat vermişəm. Özündən öyrənə bilərsiniz.

 – Vüsalə Əliyeva bildirir ki, iki ay vaxt keçməsinə baxmayaraq, həmin şəxs hələ də azadlıqda gəzir.

– Azadlıqda gəzir?

 – Bəli, yəni həbs olunmayıb.

– Qardaş, biz burda qanuni şəkildə işimizi görürük. Arşdırma aparılır. Sübutlar toplandıqdan sonra, cinayət işi açılacaq.

 – İki ay vaxt keçməsinə baxmayaraq, cinayət işi hələ də başladılmayıb?

– Müəllim, mən vətəndaşa məlumat vermişəm. İşim var, sonra danışarıq.

 – Biz media nümayəndəsi kimi sizdən münasibət öyrənmək istəyirik…

– Şikayətçiyə məlumatı vermişik. Mətbuata mən məlumat vermirəm axı…

 – Siz istintaq işini araşdırdığınıza görə, informasiya əldə etmək istəyirdik.

– Mən hər şikayətçiyə hər şeyi demişəm.

 – Cabir bəy, şikayətçi özü bizə müraciət edib. O baxımdan, sizdən işin nə yerdə olduğunu öyrənmək istəyirik.

– Bu şikayətçinin hüququdur. Amma bizdə iş obyektiv şəkildə aparılır. Qanuni şəkildə işimizi görürük.

 – Ümumiyyətlə, ekspertizanın cavabı təsdiqini tapıb?

– Bəli, cavablar da gəlib. Hazırda ekspertizanın cavabları əsasında cinayət işi başlayacaq.

– Cinayət işi bundan sonrakı mərhələdə başlayacaq?

– Bəli, başlayacaq. Bütün istintaq hərəkətləri aparılıacaq. Buna görə də hüquqi qiymət veriləcək.

Lənkəranda növbəti dəfə məhz Lənkəran polisi tərəfindən azyaşlı qıza təcavüz hadisəsinin baş verməsi həqiqətən də rəzalətdir. Prokurluğun işə göz yumması və işin bilərəkdən uzanaraq, hələ də şübhəli şəxsin azadlıqda gəzməsi təəccüb doğurur. Çünki azyaşlını təcavüzə məruz qoyan polis əməkdaşı Orxan Şahmarovun mükafat olaraq, Xızıya iş göndərilməsi heç də təsadüfü deyildir…

Digər polis əməkdaşı Mirsahib Kazımovun da eyni əməli törətməsi və istintaq işindən iki ay vaxt keçməsinə baxmayaraq hələ də azadlıqda gəzməsi Lənkəran prokurluğunun hansısa maraq güddüyündən xəbər verir.

Bildiririk ki, sözügedən təcavüz olayında yetərincə dəlillər var. Taksi sürücüsü, otelin kameraları və azyaşlının telefonuna qeydə aldıqları görüntülər  məsələnin tezliklə araşdırılıb sübuta yetirilməsinə  əsas yaradır.  Maraqlısı budur ki, əvvəlki hadisədə də prokurorluq hadisənin ört-basdır edilməsinə ( rüşvət və tapşırıq faktoru) çalışmışdı. Ehtimal etmək olar ki, Lənkəran prokuroru olmuş, hazırda isə Baş Prokuror müavini vəzifəsini icra edən Elçin Məmmədovun “işini” xələfi davam etdirir. Belə olmasaydı, bütün sübut və faktların olmasına baxmayaraq, polis əməkdaşı olan Mirsahib Kazımov hələ də azadlıq da rahat gəzməzdi.

Qeyd etmək istəyirik ki, burda təkcə təcavüz (Azərbaycan Cinayət Məcəlləsinin 152-ci maddəsi – 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər ) etmə hadisəsi deyil, eyni zamanda  vəzifə səlahiyyətlərindən sui-istifadə (308.2-ci ) maddələri təsbitini tapır.  Ümid edirik ki, tezliklə vəzifəsindən sui-istifadə edərək azyaşlıyla cinsi əlaqədə olan polis əməkdaşı qeyd edilən maddələrlə cinayət məsuliyyətinə cəlb ediləcək.

YƏHYA

Redaksiyadan: Aidiyyəti qurumların mövqeyini dərc etməyə hazırıq.