Azyaşlı övladına spirtli içki içirən valideynləri hansı cəza gözləyir? – Ekspertlərdən AÇIQLAMA

54

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Azərbaycanda valideynlərin azyaşlı övladına spirtli içki verərkən lentə alınan və sosial şəbəkələrdə yayılan videosu müzakirələrə səbəb olmuşdu. Maraqlısı odur ki, bu hadisədə valideynlərə haqq qazandıran tərəflər də az olmayıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov məsələ ilə bağlı araşdırma aparıldığını bildirib:

“Yerli icra hakimiyyəti də məsələnin araşdırılması ilə bağlı quruma müraciət edib. Odur ki, faktla bağlı müvafiq dövlət qurumları ilə tədqiqat işləri hazırlanır. Eyni zamanda uşaq hüquqları müdafiəsi ilə bağlı qəyyumluq komissiyalarına müraciət edilib. Əgər fakt təsdiqini taparsa, valideynlərə qarşı məsuliyyətə cəlbetmə və digər tədbirlər yönəldilə bilər. Daxili İşlər Nazirliyi də hazırda bu məsələ ətrafında araşdırmanın davam etdiyinə dair məlumatı təqdim edib”.

Məsələnin hüquqi tərəfləri barədə Strasburq Vəkillər Kollegiyasının üzvü, Fransada ilk azərbaycanlı vəkillərdən biri Dilbadi Qasımov danışıb. Ekspert qeyd edib ki, Fransada uşaq hüquqları çox ciddi şəkildə tənzimlənir və bu kimi hallarda valideynlərə qarşı ciddi tədbirlər həyata keçirilir. Bu halda heç bir güzəştdən söhbət gedə bilməz:

“Fransa qanunlarına görə, 16 yaşdan aşağı uşaqlara alkoqollu içkilər içirmək cinayət hesab olunur. Cinayət məsuliyyətlərinə: valideynlik hüququndan məhrumetmə, cərimələnmə, yaxud da həbs cəzası daxildir. Uşaq valideynindən alınaraq başqa ailəyə və dövlət nəzdində olan quruma həvalə oluna bilər. Bunlar ictimai sağlamlıq məcəlləsinin L 33 55 – 4 maddəsində nəzərdə tutulub”.

D.Qasımov bildirib ki, sözügedən görüntülər həm insan, hüquqşünas, həm də valideyn kimi onun üçün qəbuledilməz haldır:

“Fransa mütəxəssisləri hesab edir ki, azyaşlı uşağı hətta az miqdarda spirtli içki ilə tanış etmək gələcəkdə ciddi asılılıq yarada bilər. Fransada zəhərlənmələrə qarşı xüsusi mərkəz var. Hər hansı şəxs zəhərli maddə içərsə və ya udarsa, o mərkəzdə müalicə olunur. O da qeyd olunur ki, əgər uşaq səhvən və bilmədən spirtli içki içərsə, həmin mərkəzə müraciət etmək lazımdır. Bu o deməkdir ki, spirtli içkilər Fransada uşaqlar üçün zəhər hesab olunur. Uşağın alkoqol içməsi təhlükəli maddə qəbul etməsi kimi nəzərə alınır”.

Mütəxəssisin sözlərinə görə, Fransada uşaqlara 16 yaşdan etibarən spirtli içki içməyə icazə verilir. Amma pivə, çaxır, viski və araq istisnadır. 277-17 maddəsinə əsasən 16-18 yaş arası yeniyetmələrin həddən artıq spirtli içki içməyə təhrik edilməsi bir il həbs və 5 min avro cərimə ilə cəzalandırılır.

“Əgər bu hadisə Fransada baş versə, uşaq valideynlərin əlindən alınır. Prokuror məhkəməyə müraciət edir və qərar verilir ki, müvəqqəti olaraq uşaq valideynlərindən alınsın və dövlətin uşaqları qoruyan mərkəzinə verilsin. Sonra sosial xidmətlər bu hadisə ətrafında araşdırma aparır, səbəblərini öyrənir, valideynin məsuliyyəti olub-olmadığını və s. bir neçə gün ərzində aydınlaşdırılır. Valideynin günahı olmadığı məlum olarsa, məhkəmənin qərarı geri çəkilir və uşaq yenidən valideynlərinə qaytarılır. Yox, əgər valideynin məsuliyyəti olduğu, uşağı içməyə təhrik etdiyi, hətta içdiyini gördüyü halda mane olmadığı üzə çıxarsa, məhkəmə qərar verir ki, uşaq bir il ərzində dövlət sosial servislərinə tapşırılsın, valideyn də cinayət məhkəməsinin qarşısına çağrılır. Məhkəmənin qərarından asılı olaraq yuxarıdakı qaydalarda cəzalandırıla bilər.

Uşaq sosial xidmətlərin nəzarətində qaldığı üçün valideynin onu iki həftədən bir görmək hüququ olur. Bir ildən sonra məhkəmə işə yenidən baxır, valideynlərin həyat tərzi öyrənilir. Əldə olunan cavablardan asılı olaraq məhkəmə uşağın sosial xidmətlərdə qalmasına və ya valideynlərə qaytarılmasına qərar verir. Kompleks prosedurdur”, – deyə vəkil qeyd edib.

Tanınmış pediatr Elşən Tağıyevsə bildirib ki, erkən yaşda alkoqol qəbul etmək həm uşağın fiziki sağlamlığına təsir edir, həm də alkoqol psixoloji təsirini uzun müddətli saxlamış olur:

“Ümumiyyətlə alkoqol qəbulu uşaqlara yolverilməzdir. Alkoqol uşaq orqanizminə iki istiqamətdə təsir göstərir. Birinci, birbaşa sağlamlığa təsiridir və bu təsir alkoqolun dozasından asılı olmaya bilər. Hətta az miqdarda spirtli içki belə uşağın sağlamlığına çox ciddi təsir göstərə bilər. Bu, alkoqolun birbaşa mədə-bağırsaq sistemində, qida borusunda, mədədə erroziyalar və qastrit kimi problemlərin yaranmasına gətirib çıxara bilər.

İkincisi, alkoqolun toksik təsiridir. Kiçik doza belə uşaqlarda alkoqol zəhərlənməsinə səbəb ola bilər, sinir sisteminin fəaliyyətini zəiflədir, şəkəri aşağı salır, hətta ölümə səbəb ola bilər. Odur ki, alkoqolun qəbulu yolverilməzdir. Təbii ki, kiçik yaşlarında alkoqolu uşaqlar böyüklərin nəzarəti altında və iştirakı ilə qəbul edirlər. Sərbəst şəkildə və valideynlərdən gizli olaraq içki qəbulu uşaqlarda 12-13 yaşdan sonra başlayır. Amma istənilən dozada və kiçik yaşda qəbul edilən alkoqol uşaq psixologiyasına təsirsiz ötüşmür. Buffolo Universtitetlərdə aparılan araşdırmalar göstərir ki, hətta erkən yaşlarda alkoqolun dadı ilə tanış olan uşaqlarda yetkinlik dövründə alkoqola aludəçilik artmış olur və spirtli içkilərdən daha çox asılı olurlar. Bu da alkoqolizm xəstəliyinin yaranmasına gətirib çıxarır. Odur ki, uşağın bu görüntülərini xüsusilə müqəddəs Ramazan ayında sosial şəbəkələrdə yaymaq təbii ki, cəmiyyət tərəfindən birmənalı olaraq qınanılmalıdır”.

Xatırladaq ki, sözügedən hadisəni Uşaq İctimai Birliyinin sədri Kəmalə Ağazadə ictimailəşdirib. Onun sözlərinə görə, video sosial şəbəkələrdə yayıldıqdan sonra uşağın valideynləri ona zəng edərək təhdid edib. Babası uşağa içki deyil, qazlı su verdiklərini iddia edib./publika.az/