AzTV-dən şəhid ailələri və qazilərə müraciət: “Qəhrəmanlarımızı tanıtmağa kömək edin”

369

Azərbaycan Televiziyası Vətən müharibəsinin şəhidlərinin, qazilərin ailələrinə və onların yaxınlarına müraciət edib.

AzTV-nin Sosial Media və İctimaiyyətlə Əlaqələr Şöbəsindən Hurriyyet.org-a verilən məlumata görə, kanal Vətən müharibəsi qəhrəmanlarından heç birinin diqqətdənkənar qalmamasına çalışır. Bunun üçün isə onların ailə və yaxınlarının köməyinə ehtiyac var: “AzTV müharibə şəhidlərinin olduğu ilk günlərdən onlarla bağlı materiallar dərc edir, qəhrəmanların və ailələrinin cəmiyyətdə tanıdılması istiqamətində fəaliyyət göstərir. Həmçinin qazilərimizi də diqqətsiz qoymamışıq. Onların yatdığı xəstəxanalardan dəfələrlə reportajlar vermiş, özləri və ailələri ilə bağlı süjetlər yayımlamışıq.

AzTV hər bir şəhid və qazimizlə bağlı süjet hazırlamağı başlıca vəzifə hesab edir. İstər “AzTV Xəbər”də, istərsə də, ictimai-siyasi, sosial, hərbi verilişlərdə onlarla bağlı bir neçə reportaj yayımlanır.

Əziz şəhid ailələri! Qəhrəman övladınızı bütün Azərbaycan xalqının tanımasını istəyirsinizsə, bizə müraciət edin. Komandamız ailənizdən, həmçinin şəhidimizin həyatından bəhs edən süjetlər hazırlasın, Vətən müharibəsi qəhrəmanlarını hamıya birlikdə tanıdaq.

44 günlük müharibənin qaziləri, sizi də unutmamışıq! Özünüz, müharibədə göstərdiyiniz qəhrəmanlıq, şücaətdən hər kəsin xəbərdar olmağını istəyirsinizsə, siz də AzTV-yə müraciət edin.

Müraciət üçün təqdim etdiyimiz nömrəyə mesaj yazmağınızı xahiş edirik: (+994 50) 408-83-90. Mesajda  şəhidin və ya qazinin adı, soyadı, çəkiliş olunacaq ünvan və əlaqə nömrəsi qeyd etməyiniz xahiş olunur”.

YƏHYA