AZƏRBAYCANLI POLİTOLOQDAN RUSİYALI HƏMKARINA CAVAB

    3

    Natiq Miri: “Naxçıvanda bir Azərbaycan əsgərini öldürmək ABŞ-a nə verəcək?”

    “Kuznetsovun açıqlaması şişirdilmiş formada təqdim olunub”.

    Naxçıvan ərazisində Azərbaycan ordusunun hərbi qulluqçusunun qətlə yetirilməsi ilə bağlı axar.az-a danışan tanınmış rusiyalı analitik və tarixçi O. Kuznetsov deyib ki, bu insident Cənubi Qafqaz regionundakı vəziyyətə ən böyük təhdid faktı yaradır: “Belə ki, bu ərazidə cəbhə xətti Azərbaycanla Ermənistan arasında dövlət sərhədidir. Bu insidentə dövlət sərhədlərini tənzimləyən 1921-ci il Moskva və Qars müqavilələrinə söykənən beynəlxalq sistemdən baxılır. Məhz bu səbəbdən yeni – Rusiya və Türkiyənin bu münaqişəyə biləvasitə cəlb olunması təhlükəsi gündəmə gəlir. Bu halda adı çəkilən ölkələrin münaqişə tərəflərinə dəstək verəcəkləri qaçılmaz hala çevriləcək. Müvafiq olaraq Türkiyə Azərbaycan tərəfinə, Rusiya isə Ermənistana keçəcək. İlin əvvəlindən mən arxasında ABŞ siyasi elitasının dayandığı rəsmi İrəvanın buna cidd-cəhd və səylər etdiyi barədə daim çıxışlar etmişəm. Onların əsas məqsədi Rusiya ilə Türkiyənin yaxınlaşmasına mane olmaq, Türkiyəni NATO-da saxlamaq və Rusiyanın beynəlxalq təcridini dərinləşdirməkdir. Bu gün Ermənistan ABŞ tərəfindən Rusiyaya qarşı çıxış edir, lakin çox təəssüf ki, Moskva bunu başa düşmür”.

    O.Kuznetsovun açıqlamasından göründüyü kimi, Ermənistanın Naxçıvana atəş açması ABŞ-ın istəyi ilə həyata keçirilməsi ehtimalını artırır. Çünki rusiyalı ekpert Qərbyönümlü Paşinyan hakimiyyətinin Rusiyaya qarşı çıxdığını iddia edir.

    “Bu təxribatın arxasında ABŞ-nın durduğunu iddia etmək çətindir”

    “ABŞ BU MƏSƏLƏDƏ İTİRMƏYƏ MƏHKUMDUR”

    O.Kuznetsovun açıqlamasını şərh edən Azərbaycan Milli Strateji Tədqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri “Hürriyyət”ə dedi ki, Ermənistan indiki zəif durumunda Rusiyaya qarşı çıxa biləcək gücdə deyil: “O baxımdan, Naxçıvanda baş verən təxribatın ABŞ-ın təhriki ilə olduğu qənaətinə gəlmək çətindir. Bu açıqlamanı verən rusiyalı ekpsert öz dövlət maraqlarını nəzərdə tutaraq bu cür açıqlama verə bilər. Baxmayaraq ki, o, Azərbaycanyönlü bir siyasətşünasdır. Ancaq hər bir halda bu təxribatın arxasında ABŞ-nın durduğunu iddia etmək çətindir. Çünki Naxçıvanda bir Azərbaycan əsgərini öldürmək ABŞ-a nə verəcək və yaxud bir əsgərin ölməsi Türkiyə-Rusiya münasibətlərinə nə səviyyədə təsir edə bilər? Bilirsiniz ki, bu gün həm Naxçıvan, həm də Qarabağ cəbhəsində insan ölümü adi bir hadisəyə çevrilib. Belə olduğu təqdirdə bir əsgərin snayperlə vurulub öldürülməsi hadisəsini Türkiyə-Rusiya münasibətlərinə xələl gətirə biləcəyinə qədər böyütmək absurd olduğu qədər də, həqiqəti əks etdirmir. Sadəcə, bu, Paşinyanın təyin etdiyi yeni müdafiə nazirinin Naxçıvanla sərhəd bölgəyə səfərinin bir növ nümayiş etdirilməsi idi ki, guya, Ermənistan ordusu Sərkisyanın dönəmindəki ordu deyil. Bundan sonra, ordu daha güclü olacaq və Azərbaycanda buna yönəlik ən azından hesablarını düzəltməlidir. Düşünürəm ki, o yalnız bu yöndə Azərbyacana verilmiş bir mesajdır. Hətta bu cür düşünülürsə, bu, çox cılız bir addımdır. Çünki çox keçmədi ki, bunun dəfələrlə artıq nisbətini Azərbaycan Ermənistan ordusundan aldı və bir neçə erməni əsgəri öldürüldü və dünən də Naxçıvanala sərhəddə növbəti dəfə erməni əsgərinin meyidi tapılıb. Emənistan ordusu Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdiyi təqdirdə bu proses davam edəcək. O baxımdan, mənə elə gəlir ki, bu yöndə Rusiya siyasətşünasının açıqlaması daha çox Rusiya dövlətinin maraqları kontekstində verilən və ABŞ-ı hədəfə alan bir açıqlamadır”.

    “Bu məsələ bu gün Türkiyənin geosiyasi marağında deyil”

    N. Miri qeyd etdi ki, Qars müqaviləsinə görə, Türkiyə-Ermənistan qarşıdurmasının baş vermə ehtimalı nəzəri cəhətdən mümkündür: “Ancaq praktiki cəhətdən bu məsələ bu gün Türkiyənin geosiyasi marağında deyil. Bu gün Türkiyənin daha uzağa gedən strategiyası vardır. Bilirsiniz ki, AKP hakimiyyətinin 2023, 2053 və hətta 2073-cü illəri nəzərdə tutan bir strategiyası vardır ki, bugünkü fəaliyyəti də təxminən ona yönəlib. O baxımdan, hələlik bu yöndə Ermənistanın tamamilə “oyundan” çıxarlması, bütövlükdə bir dövlət olaraq ləğv olunması Türkyəinin prioritet siyasəti deyil. Türkiyə-Rusiya yaxın münasibətlərini də nəzərə alanda Türkiyə bu məsələdə Rusiya ilə Ermənistan müttəfiqliyini də nəzərə almamış deyil. O baxımdan, Kuznetsovun verdiyi bu açıqlama mənə elə gəlir ki, həddindən artıq şişirdilmiş formada təqdim olunub”.

    “Rusiyanı qarşısına almaq Türkiyəyə nə qazandıracaq ki”

    “Bu məsələ niyə Türkiyənin geosiyasi marağında deyil ki” sualına isə N. Miri belə cavab verdi: “Bildiyiniz kimi, “Qars” müqaviləsinin əsas qarantor ölkələrindən biri Rusiyadır. Ermənsitan bu gün Rusiyanın Cənubi Qafqazda ən böyük strateji müttəfiqi olan ölkədir. Bu gün Türkiyə Ermənistana qarşı hər hansı bir müdaxiə edərsə, bu, Rusiya ilə Türkiyənin qarşı-qarşıya gəlməsi anlamına gəlir. İndki şəraitdə Türkiyənin daha uzağa gedən strategiyası olduğu təqdirdə Rusiyanı qarşısına almaq Türkiyəyə nə qazandıracaq ki. Ondan əlavə, bu gün Rusiyanın Türkiyənin yanında olması Türkiyəyə təzyiq edən ABŞ başda olmaqla Qərb dünyasına qarşı durma imkanları verir. Yəni Rusiyanın müəyyən mənada dəstək verməsi, yaxın münasibətlərdə olması geosiyasi cəhətdən Türkiyənin mövqelərini gücləndirir. Belə olduğu şəraitdə düşünmürəm ki, bu gün Ermənistan məsələsi Türkiyə üçün prioritet olsun. Ola bilsin gələcəkdə bu perspektivlər mümkündür. Ancaq bu, bu gün Türkiyənin prioriteti deyil. Düşünürəm ki, bu, Türkyə acısından doğrudur”.

    Şamo EMİN, Hurriyyet.org