AZƏRBAYCANDA TİBBİ LƏVAZİMATLAR NIYƏ İSTEHSAL OLUNMUR? – “İdxaldan asılılıq ciddi problem yarada bilər”

9

Azərbaycan koronavirus təhlükəsinə qarşı mübarizədə istifadə etdiyi tibbi ləvazimatların, dizenfeksiya məhlullarının, habelə digər tibbi pereparatların demək olar ki, hamısını xarici ölkələrdən idxal edir. Nazirlər Kabinetinin bu məqsədlə ayırdığı 10 milyon manat vəsaitin əsas hissəsi də idxal məhsullarının alınmasına sərf olunacaq.

Azərbaycanda tibbi ləvazimatlar istehsal olunmur. Ölkədə kifayət qədər imkanlar olsa da, adi qoruyucu maskaların, tibbi spirtin, şprisin, sarğıların və sairin hələ də xaricdən gətirilməsi təəccüblüdür… Bu sahədə Azərbaycanın əsas ticarət partnyorları Hindistan, Pakistan, Türkiyə və bəzi Avropa şirkətləridir. Müharibə şəraitində olan ölkə üçün bu sahədə tamamilə idxaldan asılı olmaq nə dərəcədə doğrudur?

Bu günlərdə iş adamı, iqtisadçı Nazim Bəydəmirli bildirmişdi ki, tibbi maska istehsal edən bir dəzgahın Azərbaycana gətirilib quraşdırılması 40 min dollara qədər xərc aparır. Amma sahibkarlar bu işə vəsait yatırmaqda maraqlı deyillər. Çünki bu gün kornavirus təhlükəsi ilə bağlı ölkədə qoruyucu maskalara tələbat artsa da, başqa vaxtlarda satış elə də yüksək olmur.

Amma dövlət belə zəruri tibbi ləvazimatların istehsalı ilə bağlı sahibkarları stimullaşdıran addımlar ata bilər. Güzəştli kreditlərin və ya qrantların verilməsi, istehsal olunan məhsulun böyük hissəsinin dövlət tərəfindən alınması, vergi güzəştləri və sair bu kimi addımlar iş adamlarını həvəsləndirə bilər. Nəticədə kritik situasiyalarda yerli istehsal hesabına təlabatı qarşılamaq mümkündür.

Bu istiqamətdə yerli istehsalı əngəlləyən səbəbələr varmı, varsa, onları aradan qaldırmaq üçün hansı addımlar atılmalıdır?

İqtisadçı ekspert, iş adamı Nazim Bəydəmirli bildirir ki, Azərbaycan kimi neft-qaz ölkələrinin idxaldan aslı olmaları kritik situasiyalarda ağır fəsadlar tödərdir. Belə asılılığın yaranmasında yalnlz idxaldan böyük pullar qazanan inhisarçılar maraqlıdır: “Yalnız monopoliyanın, məmur sahibkarlığının yüksək olduğu ölkələrdə belə vəziyyət mövcud olur. Bu da fövqaladə vəziyyətlərdə cəmiyyət üçün xoşagəlməz situasiyalar yaradır. Hökumət bu sahədə ciddi islahatlar aparmalı, iqtisadiyyatı belə buxovlardan azad etməlidir”.

N. Bəydəmirlinin sözlərinə görə, müharibə şəraitində olan ölkələrdə tibbi ləvazimatların xaricdən alınması ümumiyyətlə düzgün hesab edilə bilməz:“Tibbi ləvazimatların və pereperatların istehsalı ciddi elmi nailiyyətlərə söykənən sahədir. Biz dünyanın qabaqcıl tibb şirkətləri ilə rəqabət apara bilmərik. Ancaq özümüzün tibbi ləvazimatlara və pereperatlara olan ehtiyacları qarşılamaq üçün, bu məhsulları – tibbi maskaları, şprisi, spirti və sairi Azərbaycanda da istehsal etmək mümkündür. Ancaq idaxalı nəzarətə götürən inhisarçı şirkətlər bunda maraqlı deyillər. Onlar daxili bazarı keyviyyətsiz tibbi ləvazimatlar və pereperatlarla dolduraraq, ölkədə bu məhsulların istehsalının qarşısını alırlar. Bu da dövlətimizin maraqlarına ziddir. Odur ki, hökumət bu sahədə ciddi addımlar atmalı, elementar tibbi vasitələrin – tibbi maskaların, şprisin, spirtin yerli istehsal hesabına ödənilməsi təmin edilməlidir.”/azpolitika.info/