AZƏRBAYCAN İRANLA SƏRHƏDİ BAĞLASA, ÖLKƏDƏ SOSİAL GƏRGİNLİK ARTACAQ

9

Natiq Cəfərli: "Çin və İrandan gətirilən məhsullara məhdudiyyətin tədbiq edilməsi Azərbaycanda ciddi qiymət artımına səbəb ola bilər"

Şahin Cəfərli: "Ölkəmizə gələn iranlılar burada pul xərcləyir, iqtisadi aktivliyə töhfə verirlər, buna görə də hökumət bütün bu qarşılıqlı alış-verişlərin dayanmasını istəməz"

Çində aşkar edilən və artıq bir sıra ölkələrdə yayılan koronavirus hələ də can almağa davam edir. Çin Səhiyyə Komitəsinin yaydığı informasiyaya görə, adıçəkilən ölkədə koronavirusa yoluxanların sayı 77150 nəfərə çatıb. Onlardan 24734 nəfəri sağalıb, 2592 nəfəri isə dünyasını dəyişib. Bununla belə, hazırda xəstəxanalarda 49824 nəfərin koronavirusla mübarizə apardığı və onlardan 9915 nəfərinin vəziyyətinin ağır olduğu vurğulanıb. Qeyd edək ki, cənub qonşumuz İranda da vəziyyət heç də ürəkaçan deyil. Belə ki, koronavirusla mübarizənin nəticəsiz olduğu deyən İran parlamentinin Qumdan olan deputatı Əhməd Əmirabadinin sözlərinə görə, bu ölkədə koronavirusdan ölənlərin sayı 50-yə çatıb: "Qumda vəziyyət yaxşı deyil. Virusa yoluxan xəstələrlə maraqlanan tibb işçilərinin xəstəlikdən qorunmaq üçün geyinməyə özəl geyimləri yoxdur. Onlar xəstələrə qorxaraq yaxınlaşır. Apteklərin bəzilərində maska belə yoxdur".

Koronavirus təhlükəsiylə bağlı gömrük-sərhəd keçid məntəqələrində nəzarət tədbirləri daha da gücləndirilib

Onu da nəzərinizə çatdıraq ki, koronavirus təhlükəsinin artması səbəbi ilə artıq Türkiyə, İraq və Pakistan İranla sərhəd-keçid məntəqələrini bağlayıb. Türkiyə hətta İrandan Naxçıvan vasitəsilə ölkəyə girişin qarşısını almaq üçün Naxçıvan sərhəd-keçid məntəqəsini də qapadıb. Bundan başqa, Ermənistan da İranla sərhədi bağlayacağını bəyan edib, Gürcüstan isə hava əlaqəsini dayandırıb. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsindən verilən məlumatda isə deyilir ki, son vaxtlar Çin Xalq Respublikasında aşkarlanan, dünyanın bir sıra ölkələri ilə yanaşı, qonşu İran İslam Respublikasında da müşahidə olunan koronavirus epidemiyasına qarşı həyata keçirilən qabaqlayıcı tədbirlər çərçivəsində ölkəmizin gömrük-sərhəd keçid məntəqələrində nəzarət tədbirləri daha da gücləndirilib: "Belə ki, İran İslam Respublikasından ölkə ərazisinə daxil olan şəxslərin bədən hərarəti ölkə sərhədini keçən anda, inzibati binaya daxil olmadan portativ termometrlərlə yoxlanılır. Bu məqsədlə gömrük-sərhəd keçid məntəqələri əlavə 20 ədəd portativ termometrlə təchiz olunub. Eyni zamanda, təcili tibbi yardım avtomobilləri birbaşa postların ərazisinə cəlb olunub və 24 saat növbəli rejimdə fəaliyyət göstərirlər. Bundan başqa, Səhiyyə Nazirliyi və TƏBİB-in əməkdaşları gömrük-keçid məntəqələrində həyata keçirilən profilaktik tədbirlərlə əyani şəkildə tanış olublar və aşkar olunan riskli hallarda birgə fəaliyyətin koordinasiya edilməsi məsələləri müzakirə edilib".

Bu arada, koronavirus təhlükəsi ilə bağlı Azərbaycanın İranla sərhədləri bağlaması ehtimalına münasibət bildirən Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev qeyd edib ki, koronavirus məsələsi beynəlxalq gündəlikdə olan məsələdir. Hikmət Hacıyev əlavə edib ki, Azərbaycan bununla əlaqədar Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrini ciddi şəkildə araşdırır, öyrənir, lazımi tədbirlər görülür: "Nazirlər Kabineti koronavirusla bağlı ilkin mərhələdə müzakirələr aparıb, tədbirlər planı hazırlanıb. Ölkəmiz tərəfindən də bu istiqamətdə lazımi tədbirlər görülməkdədir. Azərbaycan vətəndaşlarının səfərlərinin məhdudlaşdırılması ilə bağlı da Xarici İşlər Nazirliyi tərəfindən müraciətlər olub".

Gördüyünüz kimi, İranın Azərbaycanla olan sərhədində yoxlamalar gücləndirilsə də, gediş-gəlişə tam məhdudiyyət qoyulmayıb. Bu barədə, daha dəqiq desək, dövlət sərhədinin hansı hallarda bağlanmalı olduğuna dair araşdırma aparan axar.az xəbər verir ki, "Azərbaycan Respublikasının dövlət sərhədi haqqında" Qanunun 19-cu maddəsinə görə, yoluxucu xəstəliklərin yayılması təhlükəsi olduqda Azərbaycan Respublikasının dövlət sərhədindən keçid müvəqqəti dayandırılmalıdır. Belə ki, Azərbaycan Respublikasının və ya xarici dövlətin ərazisində xüsusilə qorxulu yoluxucu xəstəliklərin yayılması təhlükəsi olduqda təhlükəli sahələrdə müvafiq icra hakimiyyəti orqanının qərarı ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçid müvəqqəti məhdudlaşdırıla və ya dayandırıla bilər. Həmçinin Azərbaycan Respublikasının dövlət sərhədindən keçən adamlar, heyvanlar, yüklər, toxum, əkin materialları, heyvan və bitki mənşəli digər məhsullar üçün karantin qoyula bilər. Azərbaycan Respublikasının ərazisini yoluxucu heyvan xəstəliklərinin yayılmasından qorumaq üçün Azərbaycan Respublikasının dövlət sərhədi boyunca mal-qara saxlanması və otarılması qadağan edilən profilaktika zolağı müəyyən olunur. Bu zolağın enini və baytarlıq sanitariya rejimini müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

"Neftin qiymət 50 dollar və daha aşağı düşüb bir neçə ay həmin səviyyədə qalsa, ölkədə devalvasiya, ciddi qiymət artımı, insanların növbəti dəfə kasıblaması baş verəcək"

Картинки по запросу "Natiq Cəfərli"

Beləliklə, "Hürriyyət" xəbər verir ki, koronavirus təhlükəsi ilə bağlı fikirlərini bölüşən Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, iqtisadçı ekspert Natiq Cəfərlinin sözlərinə görə, Çin və İrandan gətirilən məhsullara məhdudiyyətin tədbiq edilməsi Azərbaycanda ciddi qiymət artımına səbəb ola bilər: "Azərbaycana 2019-cu ildə idxal 13 mlrd. 667 mln. dollar təşkil edib. Çindən təqribən 1,5 mlrd, İrandan isə 500 mln. dollara yaxın mal-məhsul idxal etmişik. İrandan sərhədyanı rayonların əl çantaları ilə daşıdıqları ərzaq, dərman bu statistikaya daxil deyil, amma sərhədyanı rayonlarımızın əhalisinin dolanışığına təsir edən əsas amillərdən biridir. Çin və İrandan ölkəyə əsasən elektrotexnika, paltar, ərzaq, aksesuarlar, tikinti materialları idxal olunur. Dəyər olaraq hər iki ölkədən idxal olunan məhsullar 2 mlrd. dollar olsa da, çeşidi çox və bazar payı yüksəkdir. Koronavirusla bağlı hər iki ölkədən gətirilən məhsullara məhdudiyyət tədbiq edilib, virusun nə zaman nəzarət altına alınacağı da məlum deyil. Deməli, hər iki ölkədən gətirilən malların bazarda azalmasını, nəticə olaraq da ölkəmizdə ciddi qiymət artımını gözləmək olar".

Ən adi məhsullarda belə, xaricdən asılı vəziyyətə düşdüyümüzü vurğulayan iqtisadçı ekspert bildirib ki, Azərbaycanda yerli istehsal yox dərəcəsindədir: "Məişət texnikası, mobil telefon istehsalı çətindir. Bunu bildik, hərçənd ağıllı hökumət və normal biznes şəraiti olsaydı, o məhsulların da istehsalını təşkil etmək olardı. Hökumət adi alt paltarı, adı geyim məhsulları istehsalını belə, təşkil edə bilmədi, buna şərait yaratmağı bacarmadı. Çünki məmur biznesi, korrupsiya, inhisarçılıq, məhkəmələrin sözə-ələ baxan olması, bütün bunlar ölkənin inkişafının qarşısını kəsən əsas amillərdir və bunun günahı 27 ildir ölkəni idarə edən YAP hökumətinin üzərindədir. Koronavirusun ölkəmizə daha bir təsiri isə neft qiymətləri üzərində olur. Məmləkət Nigeriyadan da betər neftdən asılıdır, qiymət 50 dollar və daha aşağı düşüb bir neçə ay həmin səviyyədə qalsa, ölkədə devalvasiya, ciddi qiymət artımı, insanların növbəti dəfə kasıblaması baş verəcək. Çünki bu hökumət son 16 ildə ölkənin neftdən asılılığını azalda bilmədi, faiz olaraq hələ də büdcədə, xarici ticarətdə neftin payı 15-16 il necə idisə, indi də eyni qalıb".

"Yəqin ki, Azərbaycan hökuməti də analoji qərar qəbul etmək məcburiyyətində qalacaq, amma Bakı bu cür radikal qərar vermək istəmir"

Картинки по запросу "Şahin Cəfərli"

"Hürriyyət"in məlumatına görə, Türkiyənin İranla sərhəd qapılarını bağladığını, uçuşları dayandırdığını qeyd edən politoloq Şahin Cəfərli bu qənaətdədir ki, əgər Ankara ölkəyə zərəri olacaq bu cür qərar qəbul etməyə məcbur olubsa, deməli, İranda vəziyyət doğrudan da ağırdır: "Türkiyə turizmində və sərhəd bölgələrinin iqtisadi həyatında iranlıların xüsusi rolu var. Ötən il Türkiyəyə 5 milyon civarında İran vətəndaşı səfər edib. İranlılar Türkiyənin ən yoxsul vilayətlərindən olan Vanda, eləcə də ətraf vilayətlərdə iqtisadi canlılığa ciddi töhfə verirlər, bu isə yerli əhalinin dövlətdən və mərkəzi hökumətdən narazılığının azalmasında rol oynayır. Novruzda yüz minlərlə iranlı Türkiyəyə axışır, otelləri, tətil və ticarət mərkəzlərini doldururlar. Əgər sərhəd qapıları xeyli müddət bağlı qalarsa, Türkiyə iqtisadiyyatı bundan ciddi zərər görəcək. Yəqin ki, Azərbaycan hökuməti də analoji qərar qəbul etmək məcburiyyətində qalacaq". Amma Bakının bu cür radikal qərar vermək istəmədiyini deyən politoloq hesab edir ki, bunun sosial-iqtisadi səbəbləri var: "İran Azərbaycan vətəndaşlarının ən çox səfər etdiyi ölkədir. Ötən il ölkə xaricinə çıxan 5 milyon 567 min Azərbaycan vətəndaşının 36,7 faizi məhz İrana gedib. Bu, çox yüksək rəqəmdir. İranda ucuzluqdur, 100 dollar aparıb orada dəyişəndə bir torba yerli pul verirlər. Azərbaycanlıların önəmli qismi əsasən alver məqsədilə qonşu ölkəyə gedir, işsiz və yoxsul insanlarımız oradan mal gətirib, burada satır və ailələrini saxlayırlar. Ziyarət və müalicə üçün gedənlər də az deyil. Sərhəd bağlansa, xeyli insan narazı qalacaq və sosial gərginlik artacaq. Eyni zamanda, ölkəmizə gələn iranlıların da sayı ildən-ilə artır. Onlar burada pul xərcləyirlər, iqtisadi aktivliyə töhfə verirlər, otellər, ticarət obyektləri qazanır. Hökumət bütün bu qarşılıqlı alış-verişlərin dayanmasını istəməz".

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org