“AZƏRBAYCAN 30 İLDİR NİHİLİZM DÖVRÜNÜ YAŞAYIR” – SƏRDAR CƏLALOĞLU

    3

    “Hətta biz iqtisadiyyatda belə, o nihilizmi yaşadıq”

    “Azərbaycan iqtidarı keçmiş kommunist rejiminin siyasətini aparır”

    “İqtidar müxalifəti zəiflətdiyi qədər özü də zəifləyir”

    “Azərbaycan cəmiyyətində siyasi ideologiya yoxdur. Cəmiyyət total şəkildə nə demokratiyaya meyllənir, əksinə kommunist rejiminin təqdir etdiyi materializimə meyllidir”

    (Əvvəli bu linkdə: https://www.hurriyyet.org/xeber/son_5_ilde_muxalifet_partiyalarina_uz_tutan_adamlarin_sayini_barmaqla_gostermek_olar_-_srdar_clalolu)

    – Belə başa düşürü ki, bizim dünyəvi maraqlara istiqamətlənməyimizdə Sövet hökumətinin ciddi rolunu görürsünüz…

    – Doğrudur. Bizim ən böyük faciəmiz o idi ki, 70 il Rusiyada materialist bir rejim oldu. Əgər Rusiyada çar dövrü ilə Sovet Rusiyası dövründə azərbaycanlıların vəziyyətini müqayisə etsək, görərik ki, nəinki Sovet dövründə, çar dövründə Azərbaycanda yaşayan insanlar daha azad idi. Çünki çar dövründə materializim yox idi. Heç olmasa, Allah, peyğəmbər, insanların Qurana inamı var idi. O inam insanları müəyyən qədər azad saxlayırdı. O dövrdə Rusiyada müəyyən qədər təhkimçilik olduğu halda Azərbaycanda təhkimçilik olmayıb. Təhkimçilik də kölələyin ən rəzil bir formasıdır. İslam dini insanları kölə etməyi qadağan etdiyinə görə bizdə kəndli, insanlarımız azad olub. Buna görə bizdə çox geniş qabaqçıllıq hərəkatı yaranıb. İnsanlar hökumətdən narazı olan kimi dağlara çıxıblar. Amma Sovet dövründə materialist bir ideologiya hakim olduğuna görə insanlar allahsızlaşdırılmışdı, insan yalnız bu dünya maraqlarına istiqamətləndirilmişdi. Əslində, bu gün də Azərbaycan iqtidarı keçmiş kommunist rejiminin apardığı siyasəti aparır. Birincisi, dövləti təmsil edənlərin hamısı Kommunist Partiyasının funksionerləridir. Hətta eləsi var, deyir ki, azan məni narahat edir, azanı qadağan edirlər, məscidə getməyə avam kimi baxırlar. Namaz qılmağa Sovet Rusiyasında necə lağ-lağı baxırdılar, indi də bu cür baxırlar. Sadəcə, formal olaraq özlərini guya, vicdan azadlığına hörmət edən bir qüvvə kimi göstərirlər. Yəni faktiki olaraq həm vətəndaşlarımızın şüurunda materializim çox güclüdür, həm də idarə edənlərin hamısı materialistdir. Korrupsiya niyə baş verir? Halal-haramı başa düşən adam korrupsiya ilə məşğul ola bilər? Deməli, bu adam halal-haramın nə olduğunu bilmir. Və yaxud da etiraf etmirsə ki, doğurdan da halal-haram var, Allah belə buyurub, o, niyə korrupsiya ilə məşğul olmasın ki? Və yaxud cəmiyyətdə cinayəkarlıq niyə artır? Çünki insanlar günahlardan çəkinmir, heç kəs bunu ciddi qəbul etmir. Bu baxımdan, Azərbaycan cəmiyyətinin bir çox probemlərinin səbəbi həm də siyasi ideologiya ilə bağlıdır.

    Mən bu yaxınlarda bir televiziyada demişəm, Azərbaycanda siyasət yalnız hakimiyyətə gəlmək fəaliyyəti çərçivəsinə salınıb. Ona görə, mən deyəndə ki, mən prezident olmaq istəyirəm, deyirlər sən niyə siyasətlə məşğulsan? Ona görə, bir çox liderlərin yeganə bir şüarı var: “Mən hakimiyyətə gələcəm. Gəlin, məni dəstəkləyin. Mən gəlib sizi xoşbəxt edəcəm”. Halbuki, siyasətçinin əsas vəzifəsi cəmiyyətdə siyasi ideologiyanı formalaşdırmaqdır. Bilirsiniz ki, Sovet hökuməti məhz Marksist ideologiyası üzərində quruldu. İranda İslam ideologiyası və yaxud Amerikada demokratiya siyasi ideologiyaya çevrilib. Azərbaycan cəmiyyətində isə siyasi ideologiya yoxdur. Cəmiyyət total şəkildə nə demokratiyaya meyllənir, əksinə kommunist rejiminin təqdir etdiyi materializimə meyllidir. Yəni natamam bir vəziyyətdir. Bunu Nitşe nihilizm adlandırır. Bir dəyərlər sistemindən imtina edib, başqa bir dəyərlər sisteminə keçməyən vəziyyət nihilizmdir. Azərbaycan 30 ildir həmin nihilistik dövrdədir. Hətta biz iqtisadiyyatda belə o nihilizmi yaşadıq. Axır ki, birtəhər özəlləşdirmə oldu, qurtardı. 15-20 il özəlləşdirməni uzatdılar ki, Sovet iqtisadi sistemi dağılmasın, bəlkə təzədən Rusiya bərpa olundu. Yəni bu gün Azərbaycanda vəziyyət budur. Bunun da siyasi partiayalarla heç bir əlaqəsi yoxdur. Siyasi partiyalar mövcud durumda öz resurslarına uyğun maksimal şəkildə fəaliyyət göstərirlər. Heç bir Azərbaycan vətəndaşı deyə bilməz ki, mən hansısa bir partiyaya gedib maddi, mənəvi dəstək verirəm, əksinə küçədə istənilən vətəndaş partiyalar haqqında söyüş söyür. Hakimiyyətin istismarına, ədalətsizliyinə məruz qalan sadə vətəndaş müxalifəti söyür. Niyə söyür, bilinmir. Belə insanı sən necə azad edə bilərsən? Məsələn, sən məni söyürsən, özün də deyirsən, məni azad elə. Mən səni necə azad edim? Axı, sən məndən qaçırsan. Hətta partiya üzvləri var ki, partiya üzvü olduğunu gizlətməyə məcburdur. Cəmiyyətdə elə bir murdar ab-hava yaradılıb ki, insanlar siyasi kimliyini, ideyalarını gizlədir. Adamlar aşkar azadlıq ideyalarını müdafiə etdiklərini, istəklərini gizlədirlər. Televizyalara, qəzetlərimizə, ədəbiyyata baxın, “ədalət” sözünün gündə neçə dəfə eşidərsiniz? Heç neçə dəfə, yoxdur. Bəs, ədalət haqqında bir cəmiyyət danışımırsa, ədalət uğrunda mübarizə aparmırsa, necə ədalətli cəmiyyətdə yaşaya bilərlər?! Azərbaycan liderləri, müxalif partiyaları necə bu xalqa ədaləti verə bilər ki, bu xalq heç qonşusuna, bir-birinə münasibətdə ədalətli deyil. Yəni o dəyərlər cəmiyyətdə olmalıdır ki, siyasi partiyalar o dəyərlər üzərində iş aparsın.

    Bu dəyərlərin formalaşdırılmasının biri dindir. Allah-Təala Qurani-Kərimdə buyurur ki, Alla özünə ədaləti əta elədi. Bizdən də ədalətli olmaq tələb olunur. Görün, Azərbaycan dindarları ədalətlə bağlı təbliğat aparırlar, vətəndaşları, dövləti ədalətli olmağa çağırırlar? Bu, dinin funksiyasdır. Eləcə də hakimiyyətin funksiyasıdır. Eyni zamanda hakimiyyət vətəndaşlardan icitmai maraqlara istiqamətlənən düzgün şüur formalaşdırmalıdır. Gecə-gündüz çürük, boş-boş verilişlərlə insanların zövqünü aşağı səviyyəyə salmaqla, sən vətəndaş yetişdirə bilməzsən ki.

    – Bəs siyasi partiyaların güclü olması üçün nə tələb olunur?

    – O cəmiyyətlərdə siyasi partiyalar güclü olur ki, orada vətəndaş institutu, yəni insanlar siyasi cəhətdən güclü olsun. Onda mən həmin adamların qarşısına asanlıqla çıxıram, deyirəm mənim ideyam budur. Dərhal gəlib mənim ideyamı müdafiə edirlər və biz gedirik hakimiyyəti dəyişirik. Bu adam heç bir ideya daşımır, mən buna ideya versəm belə, o ideyanı qəbul etməyəcək. Mən istəyirəm buna azadlıqdan, ədalətdən, bərabərlikdən danışım, ağzını əyir. Bunun beynində 5-3 manat pul qazanmaq, əyyaşlıq, pozğunluq, haradasa istirahət etməkdir. Bundan başqa, heç nə düşünmür. Azərbaycanda şüur məişət səviyyəsinə enib. Siyasi şüur isə məişət səviyyəsindən bir neçə mərtəbə yuxarı şüurdur. Sənin gərək elmi, fəlsəfi, nəzəri şüurun ola ki, siyasi şüurun ola. İnsanlarımız məişət şüuru ilə yaşayır.

    – Bu vəziyyətdən çıxış yolunu nədə görürsünüz?

    – Biz vəziyyətdən çıxmaq üçün çabalayırıq. Bu vəziyyətdən iki cür çıxmaq var. Allah-Təala Quranda deyir ki, siz Allaha qayıdacaqsınız, amma ya könüllü, ya da zorla qayıdacaqsınız. Könüllü qayıdanlar möminlərdir. Allahın dediklərinə əməl edirlər, qayıdırlar. Zorən qayıdanlar onsuz da öləcəklər, faciələrə məruz qalacaqlar, amma ağır bir şəkildə dünyadan gedəcəklər. Eləcə də xalqlar uzun müddət bu vəziyyətdə qala bilməz. Aclıq, səfalət elə bir vəziyyətə salacaq ki, ayağa qalxacaq. Deyir, dana mıxını çıxartdı, bir özünə, iki yerə vurdu. Özünə də zərbə vurmaqla azad olacaq. Yəni çətin bir yol olacaq. Amma ikinci bir yol da var, bizim çağrışımızı eşidib, daha sivil, nizamlı bir şəkildə bu vəziyyətdən çıxaq. Sözsüz ki, Azərbaycan cəmiyyəti uzun müddət belə bir vəziyyətdə qala bilməyəcək və o materialistlər ki var, onlar material rifahın məhdudluğu, çatmamazlığından ayağa qalxacaq. Yəni bir var insan şərəf və ləyaqətini qoruyur, ancaq şərəf və ləyaqəti alçaldığına görə üsyan edir. Bir də var maddi nemətlərə istiqamətlənib, o maddi nemətlər olmayanda ayağa qalxmağa məcburdur. Yəni sosial və mənəvi inqilab var. Biz mənəvi inqilabın tərəfdarıyıq. Biz istəyirik ki, insanlar daha yüksək ideyalarla yaşasınlar və mübarizə aparsınlar. Maddi nemətlər hamısı keçicidir. Amma əhalinin 90%-i maddi nemətlərə istiqamətlənib. O maddi nemətlər sferasında baş verən proseslər də onları ayağa qaldıracaq. Yəni mən dedim, demədim, bu, baş verəcək. Amma o onda qalxacaq ki, cəmiyyət birinci növbədə özünə çox böyük ziyan vuracaq. Bir vaxtlar “ərəb inqilabı” alqışlanırdı. “Ərəb inqilabı”nın təcrübəsi göstərdi ki, mənəvi dəyərlərlə silahlanmamış bir xalqın azadlıq mübarizəsi onu daha ağır şərtlərlə köləliyə salır, cəmiyyəti xaosa aparır, dövləti məhv edir. Suriya, Liviya, Misir, Yəmən gözümüzün qabağındadır, hamısı dağılır. Harada ki, “ərəb inqilabı” olub, orada vətəndaş müharibəsidir, dağılır. Niyə? Çünki o insanlar mənəvi dəyərlər uğrunda mübarizə aparmırdılar. Baxın, Suriyadan 2-3 milyon adam ölkəni tərk edib. Sən bu rejimdən razısansa, hara qaçırsan? Gəl, rejimə qarşı mübarizə apar. Amma hamısı qaçır. Orada odun-alovun içində qalanlar kasıb, imkansız insanlardır və ölkə poliqona dönüb. Axı, sən necə azadlıq sevən adamsan ki, (red- azərbaycanlıları nəzərdə tutur) 3 milyonu Rusiyaya, 2 milyonu Avropaya qaçıb.

    – Amma elə ölkələr də var ki, müharibə olmasa belə, vətəndfaşlar kütləvi şəkildə ölkəni tərk edir…

    (Ardı var)

    Şamo EMİNOV, Hurriyyet.org