Azərbaycanlıları Rusiyaya aparıb işlətdi, pullarını vermədi

30

Nəzir Cəfərov: “Rasim Hüseynov “müqavilə verəcəm” deyə-deyə bizi aldatdı”

“O, mənə hazırda 170 min rubl borcludur”

Məlum olduğu kimi, hər il yüz minlərlə Azərbaycan vətəndaşı Rusiyaya çörək dalınca işləməyə gedir. Ancaq bəzən bu insanlar işlədiyi  halal əməkhaqqını tam şəkildə ala bilmir, bununla da hüquqları pozulur. Əslində, məhz buna görə işə götürənlə işçi arasında rəsmi müqavilənin olması vacib şərtdir.

Lakin bəzən işə götürənlər işçilərə “müqavilə bağlayacağıq” deyib, sonradan bu müqaviləni bağlamaqdan yayınırlar ki, gələcəkdə işçi ilə hər hansı mübahisəli məsələ olanda məhkəmədə uduzan tərəf qismində tanınmasın. Amma müqavilə məsələnin hüquqi tərəfidirsə, bunun bir də mənəvi tərəfi var. Çünki işçini işlədib, sonra onun əməkhaqqını verməmək qul haqqına girməkdir.

Haqqına girilən, Mingəçevir şəhəri Cəmil Əliyev küçəsi, ev 3 A, mənzil 31-də yaşayan Cəfərov Nəzir Əziz oğlu “Hürriyyət”ə dedi ki, Mingəçevir şəhər sakini Mahmudov Mahir və o, 2019-cu il fevral ayının 19-da Rusiyanın Samara vilayətində, Nijni Novqorod şəhərində Hüseynov Rasimlə ofisində tanış olublar: “ Rasim bizi işə götürdü və söz verdi ki, “sizi müqavilə ilə təmin edəcəm. Həmçinin sizi kirayə evlə, qeydiyyatla, naharla təmin edəcəm”. Yəni hamısını öz boynuna götürdü ki, mənim hesabımadır. Çünki biz ondan aylıq 45 min rubl maaş istədik. O isə dedi ki, “mən sizə  aylıq 45 min ödəməyəcəm, onun əvəzinə təmiz 35 min rubl ödəyəcəm”. Biz də işləməyə başladıq.  Rasim bizi işə qəbul etdi, amma o bizim yanımızda olmayıb. Bizim yanımızda Kürdəmir rayonunun Karlar kənd sakini Abid olub. O, sex rəisi idi. Bir də bizim yanımızda Hüseynov Samir Rasim oğlu olub. Onun oğludur, Azərbaycan vətəndaşıdır, amma Rasimin özü Rusiya vətəndaşıdır. Oğlu hazırda Sumqayıt şəhərində 9-cu mikrorayonda “Mətanət”  sarayının qarşısında olan binada yaşayır, evin nömrəsini bilmirəm”.

“90 min  rubl almışam, onu da hissə-hissə verib”

N. Cəfərov qeyd etdi ki, Rasim ona aylıq 35 min rubl ödəməli olsa da, indi boyun qaçırır: “Rasim bizə aylıq 35 min rubl ödəməyə boyun olub, o, indi bunu necə dana bilər? Gəlsin, o da Qurana and içsin, mən də and içirəm. Mən də Allaha inanıram, amma onu kim yox. Qurana and içsin ki, mən sizə söz verməmişəm. Mahmudov Mahir mənim şahidimdir. Mən o adamın yanında, Yeni Kuybışev neftayırma zavodunda 7 ay 10 gün işləmişəm. O, mənə hazırda 170 min rubl borcludur. 90 min  rubl almışam, onu da hissə-hissə verib”.

“Əgər mənim pulumu verməsə, dövlət orqanlarından kömək istəyəcəm”

N. Cəfərovun sözlərinə görə,  Rasim “müqavilə verəcəm” deyə-deyə onları aldadıb: “Biz də işə gedirdik, gəlirdik, amma elə axıra kimi müqaviləni vermədi. Dedi, mən namaz qılıram, oruc tuturam, Allah adamıyam. Bax, bizi elə aldatdı. Biz də inandıq, dedik müsəlmandı, kişi deyir, and içirəm. Kişi kişiyə də yalan danışarmı?! Amma o, bizi aldatdı. Əgər sizə müraciətimi nəzərə almasa, mən məcburam ki, internetə çıxam, dövlət orqanlarına müraciət edəm, bu işi ictimailəşdirəm. Mən istəyirəm ki, xoşluqla iş düzəlsin, maaşımı versin. Əgər mənim pulumu verməsə, dövlət orqanlarından kömək istəyəcəm. Kişi Allahdan danışır, Allahın bəndələrində də yalan danışır. O, mənə Azərbaycan manatı ilə 4 mindən çox pul verməlidir”.

“Zəif işləyəni axıra kimi işdə saxlayırlarmı? Zəif işləyəndə deyirlər, qardaş, zəif işləyirsən, çıx, get. Bir də mən zəif işləməmişəm. Hamıdan da çox işləmişəm. O, yalan danışır.  Yeni Kuybışevdə Azərbaycan diasporunun sədri Adil Həsənov var, onu da aldadıb, onun da 600 min rubl pulunu yeyib”,-deyə şikayətçi əlavə etdi.

Qeyd edək ki, Hüseynov Rasimlə əlaqə saxladıqda o, Nəzir Cəfərovun aylıq maaşının 35 min rubl deyil, 25 min rubl olduğunu, onun və yoldaşlarının 50 min kommunal borcu qaldığını, həmçinin Cəfərovun zəif işçi olduğunu bildirmişdi. R. Hüseynov onların kommunal borclarının, Cəfərova verilən pulların qəbzlərini göndərəcəyini söz versə də, hələ də göndərməyib.

Onu da vurğulayaq ki, 7 ay 10 gün aylıq 25 min rublla 183 min rubl edir.  Amma təəssüf ki, soydaşımız Rusiyada həmyerlisinə o pulun belə, yarısını verib, yola salıb.

Şamo EMİN, Hurriyyet.org