“Azərbaycanla dostluq gürcü xalqının ictimai sifarişidir” – MAHİR DƏRZİYEV

99

“Gürcüstan-Azərbaycan dostluğu Rusiya, Ermənistan və İrana sərf etmir”

“Keşişin hədəfində Nərimanovdan daha çox, bizim gənc, bacarıqlı merimiz Zaur Darğallıdır; Nə də qədər biz varıq, o abidə orada olacaq”

Son vaxtlar Gürcüstanın dövlət təhlükəsizlik orqanları tərəfindən Azərbaycan əsilli ziyalılar, ictimai-siyasi xadimlər bir-bir idarəyə çağırılaraq dindirilir. Maraqlıdır ki, soydaşlarımızdan fərqli olaraq, təxribatçı gürcülər haqqında heç bir hüquqi ölçü götürülmədiyi halda, azərbaycanlılara qarşı bu basqıların arxasında nə dayanır? “Hurriyyət”in bu və digər suallarına cavab almaq üçün Gürcüstan parlamentinin deputatı Mahir Dərziyevlə söhbətləşdik.

(Əvvəli bu linkdə: https://www.hurriyyet.org/xeber/gurcustanda-milli-dini-zeminde-igtisaslar-yaratmaq-isteyirler/)

– Gürcüstanda Nəriman Nərimanova abidə qoyulması kimin və yaxud hansı qüvvələrin səyi ilə olub?

– Ədalət naminə onu deyim ki, Nərimanovun reabilitasiyası, onun haqqının özünə qaytarılması,  adına abidənin qoyulması keçən əsrin 60-cı illərin sonu, 70-ci illərində əvvəllərində Heydər Əliyevin çox böyük səyləri nəticəsində mümkün olub. Mən 1972-ci ildə Bakı Dövlət Universitetinin tarix fakültəsinə qəbul olunmuşdum.  Xatırlayırsınızsa, o dövrdə Dağüstü parkda – Şəhidlər Xiyabanında Kirovun abidəsi ucaldılırdı. Nərimanovun abidəsi də heç ondan geri qalmırdı. Biz hələ tələbə vaxtı Nərimanovla fəxr edirdik. Bolşeviklər Nərimanovun adını 50 il yasaqladı, onun adını çəkməyə belə, imkan vermirdilər. 50 ildən sonra Heydər Əliyevin səyləri nəticəsində onun adı özünə qayıtdı.

– Sizcə, nəyə görə, bolşeviklər Nərimanova bu qədər nifrət edirdi?

– Çünki Nərimanov öz xalqına, dövlətinə sadiq adam idi. O, bolşevik ideologiyasına heç vaxt uymadı. O adamın da tarixi faciəsi idi, belə hesab edirdi ki, nəhəng “rus ayısı”nın qarşısında Azərbaycanın müstəqilliyini qorumaq üçün onların cildinə, yəni bolşevik cildinə girmək lazımdır. Nərimanovun ölkəsinə nələr etdiyini unutmaq olmaz, türklərə xitab etdi ki, qardaş-qardaşa borc verməz. Mən tarixçi kimi deyirəm, o dövr tək Nərimanovun yox, Nərimanov kimi neçələrinin də tarixi faciəsi idi. Çünki onlar belə hesab edirdilər ki, Lenin, 11-ci “qızıl ordu” Azərbaycandan keçib birbaşa Anadoluya yürüyəcək ki, orada türklərə xarici müdaxiləçilərə qarşı müharibə aparmağa kömək etsin. Bəli, müəyyən ziddiyyətli dövr olub. Amma mən yenə deyirəm, Nərimanov Azərbaycan xalqı üçün böyük, dahi şəxsiyyətdir və onun Marneulidəki abidəsi də məhz ona görə orada duracaq. Nə qədər azad, müstəqil Gürcüstan var, nə də qədər biz varıq, o abidə orada olacaq.

Bir məqamı da deyim ki, mənim qənaətimcə, bu gün həmin keşişin hədəfində Nəriman Nərimanovdan daha çox, bizim gənc, bacarıqlı merimiz Zaur Darğallıdır. Bilirsiniz, neçə müddətdir orada spekulyasiya var idi ki, abidə söküləcək, müxalifət də bundan bəhrələnmək, dividentlər əldə etmək istəyirdi. Onda da mən demişdim ki, bunlar hamısı şaiyədir. Görürsünüz ki, Zaur Darğallı qısa bir müddətdə onu gözəl bir şəkildə təmir etdirdi.  Düzdür, bu nəcib işi gənc merimiz həyata keçirdi, amma əslində, bu, bizim “Gürcü arzusu” Partiyasının mövqeyi, iqtidarın əməyinin bəhrəsi idi. Bilirsiniz ki, bu il seçki ilidir və bu seçki ili ilə bağlı müəyyən çoxlu məqamlar var. Mən bu haqda ətraflı danışmaq istəmirəm və heykəli əldə əsas tutaraq Zaur Darğallıya da hücumlar var. Bu, müəyyən proseslər seçki ilə bağlıdır.

-Mahir müəllim, gürcülər və azərbaycanlılar arasında etnik qarşıdurma yaratmağa çalışan qüvvələr öz istəklərinə çata bilərmi? Ümumiyyətlə, proseslərin sonu necə ola bilər?

– Azərbaycan-Gürcüstan dostluğu gəlişi gözəl söz deyil. Mən bunu sizə tam səmimi deyirəm. Bunun alternativi yoxdur, bu, reallıqdır. Bizim opponentlərimiz, yəni bizdən əvvəlki iqtidar dövründə, ondan əvvəl Şevardnadze iqtidarı dövründə də belə olub. Bundan sonra Gürcüstana hansı iqtidar gəlsə də, bu dostluq, qardaşlıq, strateji tərəfdaşlığın, çox əsrlik yaxınlığın heç bir alternativi ola bilməz. Bu, gürcü xalqının ictimai sifarişidir. Gürcü xalqı istəyir ki, bu, olsun, iqtidarlar onların iradəsini yerinə yetirir. Bu gün hamı dərk edir ki, Azərbaycan Gürcüstana, Gürcüstan da Azərbaycana lazımdır. Bunun tarixi kökləri var. Bilirsiniz ki, qurucu Davidin dövründə müsəlmanlara hansı şərait yaradılmışdı, hətta Tiflisdə onların məhəllələrində donuz saxlamaq belə, qadağan olundu, əzan çəkilirdi. Orta əsrlərdə Tiflisdə 100-ə yaxın müsəlman alimi yaşayıb-yaradıb. 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində Tiflis ədəbi-mədəni mühiti Azərbaycan ədəbiyyatına, mədəniyyətinə nə qədər böyük simalar bəxş edibdir. Yəni Gürcüstan həmişə tolerant olub. Ona görə Gürcüstan-Azərbaycan dostluğu sarsılmazdır və yüksələn xətlə inkişaf edir. Mən bunu həmişə dərin məmuniyyət hissi ilə qeyd etmişəm, yenə də deyirəm, son dövrlər həyata keçirilən nəhəng iqtisadi layihələr bunun bariz nümunəsidir.

– Sizcə, Gürcüstan-Azərbaycan dostluğunu konkret olaraq kimlər, hansı qüvvələr istəmir?

-Cavabı bəllidr, çətin şey yoxdur. Bu, Rusiya, Ermənistan və İrana sərf etmir. Gürcüstan-Azərbaycan dostluğu Azərbaycana, Gürcüstana, Türkiyəyə sərf edir. Bu, bəllidir. Bunun üçün böyük analitik olmaq da lazım deyil. Bu qüvvələr də müxtəlif vasitələrlə, hətta bəzən ölkəmizə qarşı hibrid müharibə aparırlar. Bilirsiniz ki, azərbaycanlılar bu gün Gürcüstanın ən böyük icmasıdır, milli azlığıdır. “Mili azlıq” mənim xoşuma gəlməyən bir ifadədir. Özünü milli azlıq kimi tanıtmaq bəri başdan diskriminasiyanı qəbul etməkdir. Yəni “məni milli azlıq kimi tanı və milli azlıq olaraq mənə müəyyən  güzəştlər ver”, – deməkdir. Mən bunun tərəfdarı deyiləm. Bu, dərin mövzudur. Məni sonra ittiham edəcəklər ki, Mahir müəllim belə deyib. Mən onu da məmuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, bu gün Gürcüstanda Azərbaycan dilində məktəblər, ana dilində təhsil mövcuddur. Bu, çox böyük nemətdir. Azərbaycan dilində mətbuat orqanlarımz, radio, televiziya var.

– Yeri gəlmişkən, indi Gürcüstanda Azərbaycan məktəblərinin tədricən gürcüləşdirilməsi iddiaları da var…

– Sizin məlumatınız səhvdir. Mən onu da deyim ki, bizdə məktəblərin sayı azalıb. Obyektiv statistikadır. Məktəblər niyə azaldı? 90-cı illərdə, 2000-ci ilin əvvələrində gedən proseslər yadınızdadır, insanlarımız obyektiv, subyektiv səbəblərdən başını götürüb xarici ölkələrə getdilər. Elə gürcülərin özləri də getdilər. Məsələn, Başkeçidin elə kəndi var idi ki, 3-5 nəfər uşaq qalmışdı. Bu halda, hansı məktəbdən söhbət gedə bilər? Ona görə, Gürcüstanda optimizasiya prosesi oldu. Özü də təkcə Azərbaycandilli məktəbləri əhatə etmədi, həm də Gürcüstanın digər rayonlarında gürcü məktəblərini də əhatə etdi, məktəbləri yeniləşdirdilər, birləşdirdilər. Əgər siz bu gün mənə desəniz ki, burada sizin bir qardaşınızın, soydaşınızın balası təhsildən kənar qalıb və dövlət buna şərait yaratmır, mən əllərimin ikisini də qaldıraram. Elə bir hal yoxdur. Amma indi məktəblər bağlanan kəndlərdə əhali artır, başqa ölkələrdən geri qayıdırlar. Ona görə, orada ya sinif otaqları açılır, ya həmin kəndlərdə xidməti avtobuslarla bizim balalarımız məktəblərə gətirilir, təhsil alırlar. Bu, ucuz bir möhtəkirlik, populizmdir ki, “Gürcüstanda Azərbaycan məktəbləri bağlanır, ana dilində təhsilə imkan vermirlər, bu, Gürcüstan dövlətinin siyasətidir” və s.

– Karantin dövründə Bolnisidə, Mareneulidə əhali məhsulunu bazarlara çıxara bimirdi. Marneulidə bazarın bağlandığı deyilirdi. Hazırda vəziyyət necədir? Əhali məhsulunu sərbəst şəkildə bazara çıxara bilir?

– Təbii ki, Azərbaycan Gürcüstanın dostu, qardaşı, strateji müttəfiqidir. Azərbaycan bizim milli dövlətimiz, canımız, qanımızdır. Bizim orada yaxınlarımız, əzizlərimiz yaşayır. Biz bu gün Azərbaycandakı epidomoloji vəziyyəti çox təlaşla izləyirik. Baxın, Gürcüstan dövləti çox vaxtında, hətta bəzi hallarda vaxtından əvvəl müəyyən önləmlər aldı, Marneulidə sərt karantin rejimi tətbiq olundu və bunlar da öz bəhrəsini verdi. Bu gün Gürcüstanda 812 nəfər virusa yoluxub, 12 nəfər ölüm halı qeydə alınıb. Bu gün cəmisi bizim stastionarda 249 xəstəmiz nəfər. Qonşu Ermənistanda bilirsiniz nə vəziyyətdir? Paşinyan saçını yolur, dəhşətli bir vəziyyətdir, fəlakətdir. Paşinyan deyir ki, “biz cəhənnəmdəyik”. Yəni bu dövlətin atdığı addımlar idi və mən çox şadam Gürcüstan vətəndaşları, o cümlədən bizim soydaşlarımız da çox anlamlı və məsuliyyətlə yanaşdılar, dövlətin qoyduğu qayda-qanunlara, karantin rejiminə əməl etdilər və nəticədə də  epidimoloji vəziyyət nəzarət altına alındı. Bilirsiniz ki, Gürcüstanda bu gün Dəllər və aşağı Gülaver kəndində sərt karantin rejimi qalıb. Orada da şükür Allaha, vəziyyət düzəlməyə doğru gedir. Bu gün Gürcüstanda epimodoloji vəziyyətin müsbət tendensiyası Gürcüstan hökumətinə imkan verdi ki, mərhələ-mərhələ yumşaldıcı tədbirlər həyata keçirilsin. Ayın 8-dən də bir sıra addımlar atıldı, ictimai iaşə obyektləri, restoranlar işləməyə başladı,  şəhərlərarası sərnişin daşımalara icazə verildi. Yəni həyat öz əvvəlki axarına qayıdıb. Ayın 15-dən də ölkədə dəmiryolu ilə sərnişin daşımlarının başlanılması gözlənilir. İyun ayının 15-də də ölkədaxili turizim açılacaq. Görün, bunun arxasında nələr durur. Artıq ölkədə daxili turizm bərpa olunur, istirahət mərkəzləri, sanatoriyalar işləyəcək, insanlar gedib istirahət edəcəklər. Düzdür, müəyyən dövr əhali yetişdirdiyi məhsulu bazara çıxara bilmədi. Amma o da qısa bir müddətdə aradan qaldırıldı. İndi əhali öz məhsulunu sata bilir, bazarlar açılıb. Bilirsiniz ki, bizim camaat zəhmətkeşdir, Allah bol etsin, alıcılar, maşınlar kəndlərimizdə doludur. Həm şəhərliyə xeyirdi, məhsul ucuzlaşır, bizimkilər də öz məhsulunu satıb, ailəsini dolandırır.

Şamo EMİN, Hurriyyet.org