“Azərbaycanın nümayəndə heyəti səsvermə hüququndan məhrum ola bilər” – NATİQ CƏFƏRLİ

    6

    “Çünki Azərbaycan hökuməti Avropa İnsan Haqları Məhkəməsinin qərarını yerinə yetirmək istəmir”

    “AŞPA-da İlqar Məmmədovla bağlı çox ciddi müzakirə olacaq”

    Dünən Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası başlayıb. İsveçrəli Liliane Maury Pasquier qurumun yeni prezidenti seçilib.

    Məlumata görə, 25-29 iyun tarixlərində davam edəcək sessiya çərçivəsində Hüquqi məsələlər və insan haqları komitəsində “Azərbaycanda siyasi məhbuslar” adlı hesabatın hazırlanması üzrə məruzəçi təyin ediləcək.

    Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq komitəsinin iclasında Azərbaycan üzrə həmməruzəçi Sezar Florin Predanın yerinə təyinat olacaq.

    Bildirilir ki, Monitorinq komitəsinin iyunun 26-da keçiriləcək iclasında isə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun yerinə qurumun Serbiya üzrə həmməruzəçi təyin olunacaq.

    O da qeyd olunur ki, Suriyanın qonşu ölkələrində qaçqınların humanitar vəziyyəti, Avropa Şurasına üzv dövlətlərdə insan hüquqları müdafiəçilərinin qorunması, bu ölkələrdə qeyri-hökumət təşkilatlarının fəaliyyəti, iqtisadiyyatda qadınların bilik və bacarıqlarının artırılması, Mədəni irs abidələrinin qanunsuz satışı və dağıdılması mövzuları ətrafında da müzakirələr aparılacaq.

    Qeyd edək ki, Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-nın daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və bir qrup deputat da sessiyada iştirak etmək üçün iyunun 24-dən iyulun 1-dək Strasburqda səfərdədir.

    Nümayəndə heyətinin tərkibinə Milli Məclisin mədəniyyət komitəsinin sədri Rafael Hüseynov, deputatlardan Sevinc Fətəliyeva, Qənirə Paşayeva, Ülviyyə Ağayeva, Çingiz Qənizadə, Elşad Həsənov, Naqif Həmzəyev daxildir.

    Xatırladaq ki, mayın 16-da Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Prosedur qaydaları, immunitetlər və institusional məsələlər komitəsi korrupsiyada adı hallanan Səməd Seyidova qarşı sanksiya tətbiq edib. Sanksiya 2 il ərzində qüvvədə olacaq.

    Qərarda qeyd olunur ki, AŞPA üzvləri üçün nəzərdə tutulmuş “Davranış Qaydaları” Məcəlləsinin 25-ci bəndinə əsasən, S. Seyidovun öz işini məsuliyyətli və dürüst şəkildə icra etmədiyi, fəaliyyətində AŞPA-nın etik qaydalarını ciddi şəkildə pozduğu aşkarlanıb. Deputatın davranış kodeksini ciddi şəkildə pozduğu, onun müvəqqəti olaraq Assambleyanın mandatından məhrum edildiyi bildirilir. O, təyin olunma və ya məruzəçi kimi çıxış etmək, bir sıra əsas vəzifələrə qoşulmaq və ya seçkiləri müşahidə etmək kimi səlahiyyətlərindən məhrum edilib.

    S.Seyidov bu müddət ərzində seçki müşahidəçisi kimi iştirak edə, heç bir komitənin, ya alt komitənin sədri ya sədr müavini ola, AŞPA-nın prezidenti olmaq üçün seçkilərdə namizədliyini irəli sürə bilməyəcək. O, həmçinin Assambleyanı və ya rəhbəri olduğu komitəni təmsil etmək, Avropa Şurasının icra orqanına – Nazirlər Komitəsinə suallar vermək hüququndan da məhrum edilib.

    Məlum qalmaqallı qərara baxmayaraq, Səməd Seyidov Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi, bir qrup deputatla AŞPA-nın yay sessiyada iştirak etmək üçün Strasburqda səfərə gedib. Maraqlıdır, S. Seyidovun yenidən nümayəndə heyətinin rəhbəri statusunda təmsil olunması hansı maraqlara xidmət edir?

    “Səməd Seyidov məruzəçinin təyin olunması məsələsində öz lobbi fəaliyyətini davam etdirəcək”

    Deputat Səməd Seyidovun Azərbaycan nümayəndə heyətinin rəhbəri statusunda Strasburqa səfərini şərh edən REAL Partiyasının icra katibi Natiq Cəfərli “Hürriyyət”ə dedi ki, dünayda qəbul olunmuş siyasi etikaya görə, belə qalmaqallardan sonra insanlar ən azından öz ölkəsinə və təmsil etidiyi siyasi partiyaya ziyan verməmək üçün istefa verirlər: “Çünki bu, Azərbaycanla bağlı neqativ bir fon yaratmaq üçün kifayət etmişdi. Amma görünür, Azərbaycanda hələ siyasi mədəniyyət formalaşmayıb ki, kimsə baş verən hadisələrə və siyasi məsuliyyətə görə istefa versin, siyasi qərarlar qəbul etsin. Düzdür, Səməd Seyidovun səs vermə hüquqdan məhrum olunub, amma iştirak edə bilər. Səməd Seyidoun ora getməsi və iştirak etməsi onu göstərir ki, onun və nümayəndə heyəti haqqında deyilənlərin böyük əksəriyyəti doğrudur. Çox güman ki, onun Strasbuqa səfər etməsinin əsas səbəbi köhnə əlaqələrindən istifadə edərək Azərbaycanla bağlı hər hansı bir qərarın qəbul olunmasına maneəçiliyin yaradılmasına xidmət edəcək. Çünki orada Azərbyacanla bağlı ciddi müzakirələr olacaq. Əsasən də siyasi məhbuslarla bağlı məruzəçinin təyin olunması məsələsi müzakirə olunacaq və o, bu məsələdə öz lobbi fəaliyyətini davam etdirəcək”.

    “İndiki şəraitdə məruzəçinin təyin olunması reallıqdır”

    N.Cəfərlinin firkincə, məruzəçi təyin ediləcək: “Çünki onsuz da Avropa Şurasının Azərbaycanla bağlı nüfuzu xeyli zədələnib. Bu məruzəçinin qəbul olunmaması münasibətlərin daha da zədələnməsinə gətirib çıxardacaq və dünənə qədər bu məsələnin əleyhinə olan nümayəndə heyətləri bu gün artıq ona səs verəcəklər ki, özlərində bir kölgə hiss etməsinlər və şübhə yaranmasın. Çox güman ki, məruzəçi təyin oluncaq. Amma məruzəçinin Azərbaycana nə vaxt gələcəyi, hansı formada fəaliyyət göstərəcəyi və bu fəaliyyətin nəticəsi olaraq Azərbaycan tərəfindən hansısa bir ciddi addımın atılacağı, bunlar artıq gələcək müzakirələrin və addımların mövzusudur. Amma mənə elə gəlir ki, indiki şəraitdə məruzəçinin təyin olunması artıq reallıqdır. Çox güman ki, yaxın günlərdə həm məruzəçinin təyin olunması, həm də onun səlahiyyətləri ilə bağlı Avropa Şurasında müvafiq qərarlar veriləcək”.

    “Azərbaycanın Avropa Şurasında qalması vacibdir”

    “İlqar Məmmədovla bağlı çox ciddi bir müzakirə olacaq. Bunu gözləyirik. Çünki Azərbaycan hökuməti Avropa İnsan Haqları Məhkəməsinin qərarını yerinə yetirmək istəmir və verilən bütün tarixlər artıq arxada qalıb. Ola bilər ki, Azərbaycanla bağlı ciddi müzakirələr olsun və bir müddət bizim nümayəndə heyətinin səsvermə hüququndan məhrum olunsun. Bu 6 aylıq və yaxud 1 illik ola bilər. Bu məsələ müzakiyərə çıxarıla bilər. Amma Avropa Şurasının başqa heç bir yatırımı da yoxdur. Azərbaycan cəmiyyətində belə səhv təssürat yaranıb ki, Avropa Şurası Azərbaycanla bağlı çox sərt qərarlar qəbul edib, icra edə bilər. Bu, əslində belə deyil. Avropa Şurasından çıxarılmış ən sərt qərar Azərbaycanın Avropa Şurasından çıxarılması ola bilər ki, nə Avropa Şurası, nə də Azərbaycan hökuməti bu addıma getmək istəmir. Əslində, Azərbaycanın Avropa Şurasından çıxarılması doğru da olmaz. Mən şəxsən bir vətəndaş olaraq bunu istəməzdim. Çünki hər bir halda, Avropa Şurasında qalmaq həm ölkənin sivil toplumu, həm də müxalif çevrələr üçün vacibdir. Mən düşünmürəm ki, belə sərt bir addım atılsın. Amma səsvermə hüququndan məhrum edilmə məsələsi müzakirə oluncaq”.

    Şamo EMİN, Hurriyyet.org