“Azərbaycanın inkişafına fayda verməyə davam edəcəyik” – Ərdoğan

6

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə yola düşməzdən əvvəl Ankaranın Esenboğa hava limanında mətbuat konfransı keçirib.

Hurriyyet.org report-a istinadən xəbər verir ki, o, jurnalistlərin səfərlə bağlı suallarını cavablandırıb.

“Ölkəmizin Azərbaycanda qoyduğu sərmayələr 11 milyard ABŞ dollarına çatır. Azərbaycanın ölkəmizdəki investisiyasının bu il sonunadək 20 milyard ABŞ dollara çatacağını gözləyirik. Bundan sonra da Azərbaycanın inkişafına fayda verməyə davam edəcəyik”, – R.T.Ərdoğan bildirib.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 8-ci Toplantısı” ilə əlaqədar bu gün Azərbaycana rəsmi səfər edəcək.

Şura toplantısında Azərbaycan-Türkiyə münasibətləri hərtərəfli nəzərdən keçiriləcək və iki ölkə arasında əməkdaşlığın daha da dərinləşdirilməsi imkanları müzakirə ediləcək. Görüşdə ikili münasibətlərlə yanaşı, regional və beynəlxalq məsələlər haqqında da fikir mübadiləsinin olacağı güman edilir. Bundan başqa, səfər çərçivəsində müxtəlif anlaşma və sazişlərin imzalanması gözlənilir.