Azərbaycanın ilk hərbçi tele-operatoru, SEYİDAĞA MÖVSÜMLÜ dünyasını dəyişdi

    9

    “O, biganəliyin, etinasızlığın qurbanı oldu”

    Azərbaycanın ilk hərbçi tele-operatoru, sabiq döyüşçü Seyidağa Mövsümlü dünyasın dəyişdi. Bu haqda Qarabağ qazisi Şamil Sabiroğlu sosial şəbəkədə məlumat verib.

    Onunla müharibə bölgəsində çiyin-çiyinə çətinliklərdən keçən Şamil Sabiroğlu Seyyidağa Mövsümlü haqda ürək sözlərini də paylaşıb: “Son vaxtlar ayrılıq, ölüm-itim halları adiləşib. Bir ucdan itirə-itirə gedirik. Belə qəfil ölümlərin içərisində ürəyimi daha bir nəfərin – Azərbaycanın ilk hərbi tele-operatoru, ehtiyatda olan polkovnik-leytenant Seyidağa Mövsümlünün ölümü yandırdı. Biz onunla ağır, məşəqqətli bir yol keçmişdik, elə günlər olub ki, son tikə çörəyi iki yerə bölmüşdük. Mən, 1990-1994-cü illərdə onunla qonşuluqda yaşamışdım, bir-birimizə sadiq dost olmuşduq. Onun etibarlı yol yoldaşlığı vardı. S.Mövsümlü Azərbaycan Milli Azadlıq hərəkatının fəallarından idi. Haqsızlığa qarşı çox barışmaz idi. O zamanlar mən 1991-1993-cü illərdə “Səhər”gündəlik informasiya qəzetinin Qarabağ bölgəsi üzrə müxbiri, 1993-1995-ci illərdə Müdafiə Nazirliyinin mətbu orqanı – “Azərbaycan Ordusu” qəzeti redaksiyasının müxbiri kimi çalışırdım. Seyidağa isə o vaxt Azərbaycan Dövlət Tele-Radio Şirkətində işləyirdi. 1954-cü ilin avqustunda anadan olmuş bu qeyrətli Vətən oğlu 1991-ci ilin oktyabr ayında rahat iş-gücünü ataraq Binəqədi rayon Hərbi Komissarlığına gəldi, ərizə yazaraq yenicə bərpa edilən Azərbaycan Ordusunun ilk hərbi hissəsinin (18110) ilk Taborunun ilk bölük komandiri kimi fəaliyyət göstərdi. Seyidağa müəllim həmin il dekabrın 19-da hazırda Xocalı rayonunun tabeçiliyində olan Kərkicahan qəsəbəsinin müdafiəsi zamanı yaralandı. Onu vertolyotla Bakıya, Respublika Elmi-Tədqiqat Travmatologiya İnstitutuna gətirdilər. Mən mütəmadi olaraq S.Mövsümlüyə və onunla birlikdə müalicə alan oğullara baş çəkirdim. Ordu yenicə bərpa edildiyinə görə ixtisaslı kadrlara çox ciddi ehtiyac vardı. O zaman Respublika Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışan polkovnik Ramiz Məlikov (şair Ramiz Duyğun) məndən xahiş etdi ki, Seyidağa ilə görüşmək istəyirəm. Dedi, ona denən, istəyirik Seyidağa Nazirliyin ilk hərbi tele-operatoru kimi hərbi xidmətini davam etdirsin. Mən Seyidağa müəllimlə danışdım, az sonra onlar görüşdülər. Beləliklə də, 1992-ci ilin 19 fevralından etibarən S.Mövsümlü Azərbaycan Respublikası Müdafiə Nazirliyinin ilk hərbi tele-operatoru kimi hərbi xidmətini davam etdirdi. Məhz S.Mövsümlünün rəhbərliyi altında Müdafiə Nazirliyinin sənədli filmlər kino-telestudiyası yaradıldı. Bu studiyanın işgüzar kollektivinin birgə səyləri nəticəsində hərbi hissə və taborlarda çəkilişlər aparıldı, Azərbaycan Televiziyasında “And”proqramı hazırlandı. Biz, onunla birgə 20 yanvar faciəsini, Xocalı soyqırımını, Laçın, Şuşa ağrılarını birgə yaşadıq. Seyidağa, Xocalı soyqırımını videolentin yaddaşına köçürən ilk tele-operator kimi tarixə düşdü. Mən də hadisə yerindəydim. Ağdamın qeyrətli övladlarının, o cümlədən, də bölgədə xidmət aparan digər könüllülərin sayəsində Xocalı soyqırımı zamanı əl-ayaqlarını don vuranları, meyitləri çıxardıq.Yaralıların xəstəxanalarda yerləşməsini təşkil etdik. Yaralı və meyitlərin çıxarılmasında müstəsna xidməti olan, ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülən Allahverdi Bağırovun iş otağındaydıq. A.Bağırov, erməni tərəflə danışıqlara gedərək, Əsgəran yaxınlığındakı meyitlərin çıxarılmasını razılaşdırdı. Çəkilişə 1 nəfər gedə bilərdi. Xahiş etdim ki, subayam, 7 qardaş, 2 bacıyıq, izn verin, mən gedim. Seyidağa müəllim razı olmadı. Dedi, Şamil subaydır, ancaq mənim 2 övladım var, mən gedəcəyəm. Qərar qəbul edərkən Seyidağanı seçdilər. Onlar A.Bağırovun rəhbərliyi altında və milliyətcə erməni olan Əsgəran Taborunun komandiri, hazırda Ermənistan Silahlı Qüvvələrində mühüm vəzifə tutan Vitaliy Balasanyanla birgə ön xəttə yollandılar. O vaxt A.Bağırovun əyləşdiyi “UAZ-469”markalı maşını Ağdamın ürəkli oğullarından biri, “Fidel Kastro” ləqəbilə məşhur olan Zahid Qarayev idarə edirdi. Səhv etmirəmsə, məşhur döyüşçü Elman və “Qarabala”ləqəbilə məşhur olan döyüşçü də girovların prosesində iştirak edirdi. A.Bağırov görüşdə Seyidağa müəllimi öz əsgəri kimi təqdim edir. S.Mövsümlü o dəhşətli kadrları çəkərkən şəkər xəstəliyinə tutuldu… Hər dəfə onun yaşadığı evə baş çəkərkən mənə ata və böyük qardaş, əsl dost nəvazişi göstərərdi. O zaman anası, hamımızın sevimlimiz Tovuz müəllimə də sağ idi. Nələr danışardıq, nələr… Şuşa yenicə işğal edilmiş, Laçın da o ərəfədəydi. Siyasi oyunlar ucbatından indi ləyaqətli oğulları itirdiyimiz kimi, o zaman torpaqları və qeyrətli insanları itirə-itirə gedirdik. Şuşadan çıxarılan, hazırda Laçında olan azərbaycanlı döyüşçüləri burdan da çıxarmaq istəyirdilər. Əsgərlər həyəcan içindəydi. Bu zaman mərhum Seymur Şirinovun işlətdiyi “Yanacaqdoldurma” məntəqəsinin yanında ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülən operator Çingiz Mustafayev zabit və əsgərləri acıladı. Hətta ağır bir söyüş də işlətdi. Əsgərlərdən biri (səhv etmirəmsə, tovuzlu Vəlixan) əlində tutduğu avtomat silahı Çingizin qarnına dirədi, atəş açmağa hazırlaşanda Seyidağa müəllimlə birgə araya girdik, həmin döyüşçünü fikrindən yayındırdıq. Ancaq, bu, hər ikimizin həyatımız bahasına başa gələ bilərdi.
    Məni onun ölümü qədər ağrıdan bir məqam da var. O, son bir il ərzində onkoloji xəstəliyə tutulsa da, müalicəsi üçün Türkiyəyə getməkdən imtina elədi. Hətta, bu barədə hazırda Silahlı Qüvvələrdə hərbi xidmətdə olan oğlu Elnurla da danışdım. Əmin idim ki, istər Heydər Əliyev Fondunun, istərsə də Respublika Müdafiə Nazirliyinin rəhbərliyi cəsur döyüşçü, canlı ensiklopediya olan Seyidağa Mövsümlünün müayinə və müalicəsini öz üzərinə götürəcək. Təəssüf ki, Seyidağa müəllim bütün imkanları rədd elədi, Azərbaycanda qalıb, burdakı həkimlərin müalicəsiylə yaşamağa qərar verdi.


    Bu gün 26 iyun-Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100-cü ildönümüdür. Bu ərəfədə, 25-i gecə o, dünyasın dəyişdi. Ordumuzun 100 illik yubileyinin qeyd olunduğu saatlarda sabiq döyüşçü, ehtiyatda olan polkovnik-leytenant Seyidağa Mövsümlünün nəşi Bakının Buzovna qəsəbəsindəki qəbristanlıqda torpağa tapşırılır!

    Təəssüflər olsun ki, ərazi bütövlüyümüz uğrunda gedən döyüş əməliyyatlarının iştirakçısı, cəsur, qorxmaz və fədakar insan Seyidağa Mövsümlü biganəliyin, etinasızlığın qurbanı oldu.
    Ruhu şad, məkanı cənnət olsun. Amin!”

    Altunay

    Hurriyyet.org