“Azərbaycanda Türkiyə hərbi bazasının yardılması zəruridir” – MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

3

"Dünya yeni təhlükəsizlik böhranına qədəm qoyur və ölkəmiz də bu təhlükələrdən sığortalanmayıb"

"Rusiya ilə Türkiyə arasında siyasi böhran yaşandıqda qardaş ölkənin rəsmilərinin səfər etdiyi ölkə Azərbaycan olur. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəmizə səfəri əsasən Rusiya və Türkiyə arasında faktiki Suriyada davam edən hərbi böhran fonunda həyata keçir. Görünür, səfərin indi gerçəkləşməsi Moskvaya müəyyən mesajlar vermək və Cənubi Qafqaz üzərindən Rusiya ilə yenidən İdlib məsələsində yeni razılaşma əldə etməkdir". Hurriyyet.org xəbər verir ki, bu fikirlər Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadəyə məxsusdur.

Türkiyə ilə Azərbaycan arasında heç bir problemin olmadığını vurğulayan politoloq qeyd edib ki, tərəflər ikitərəfli müqavilələr əsasında bütün sahələrdə əməkdaşlıq edir: "Sadəcə, Türkiyənin əsas hədəfi regionda yeni hərbi baza qurmaq və Azərbaycanla müştərək silah zavodu açmaqdır. Bundan əlavə, regionda əsas yeni təhdidlərə qarşı Azərbaycanın yanında olmaq mesajını verməkdir. Maraqlı nüans ondadır ki, Türkiyə prezidentinin səfəri öncəsi Ermənistan dövlət sərhədində diversiya və təxribat həyata keçirərək Azərbaycan əsgərini şəhid etdi. Görünür, Ermənistan hazırda Türkiyə-Azərbaycan əlaqələrinin hərbi müstəvidə yeni inkişaf mərhələsinə keçməsindən narahatdır və bu əmr müəyyən dairələrdən sifariş edilib. Ümumiyyətlə, prezident Ərdoğan ciddi nəticələrə hesablanan səfərlər edir və Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının icalsında iştirak edəcək. Bu gün Türkiyənin Fars körfəzində, Şimali Afrikada-Liviyada, Şimal Şərqi Afrikada-Somalidə hərbi bazaları varsa, niyə də Azərbaycanda olmasın?"

Dünyanın yeni təhlükəsizlik böhranına qədəm qoyduğunu bildirən Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri hesab edir ki, Azərbaycan da bu təhlükələrdən sığortalanmayıb: "Ona görə də Türkiyə-Azərbaycan hərbi əlaqələri fonunda ölkəmizdə Türkiyə hərbi bazasının yardılması zəruridir".

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org