“Azərbaycanda proporsional seçki sisteminin tətbiqi zərurətdir” – ŞAHİN CƏFƏRLİ

36

“Majoritar sistem siyasəti öldürür”

“Demokratik institutların, siyasi mədəniyyətin inkişaf etmədiyi, parlamentarizmin mənasının hələ yaxşı dərk olunmadığı bizim kimi cəmiyyətlər üçün majoritar sistem qətiyyən uyğun deyil və siyasəti öldürür”. Hurriyyet.org xəbər verir ki, bu fikirlər politoloq Şahin Cəfərliyə məxsusdur.

Ş.Cəfərli bildirib ki, millət vəkili su çəkən, yol asfaltlayan, zibil daşıtdıran, təkcə seçildiyi ərazini təmsil edən şəxs deyil: “Bu, yerli hakimiyyətlərin və orada təmsil olunanların işidir. Düzdür, millət vəkili parlamentdə hansısa rayonun və şəhərin problemlərini qaldıra bilər, məsələn, yerli hakimiyyətlərə ayrılan büdcə müzakirə olunarkən A rayonuna mərkəzi büdcədən daha çox vəsait ayrılmasını təklif etməyə, bunu əsaslandırmağa və səsverməyə çıxarmağa onun hüququ var. Hətta birbaşa öz səlahiyyət çərçivəsinə aid olmasa da, parlament üzvü ona fərdi qaydada müraciət edən vətəndaşların şikayətlərini də dinləyib, bunları müvafiq dövlət orqanlarının qarşısında qaldıra bilər. Amma parlament üzvü lokal problemlərlə deyil, bütövlükdə ölkə gündəmi, hökumətin daxili və xarici siyasəti ilə əlaqəli çox geniş spektrə aid məsələlərlə öz səlahiyyət müddətində müntəzəm məşğul olan xalq təmsilçisidir”.

“Seçki prosesi və seçkiqabağı təbliğat kampaniyası indikindən fərqli olaraq həm tam siyasiləşəcək”

Cəfərlinin fikrincə, proporsional sistemdə siyasi partiyalar öz namizədlər siyahısına həm tanınmış və toplumda nüfuzu olan, həm də xalqın heç tanımadığı, amma öz sahəsinin mütəxəssisi olan insanları daxil etməyə, belə şəxsləri axtarıb tapmağa məcbur olacaqlar: “Bununla da seçki prosesi və seçkiqabağı təbliğat kampaniyası indikindən fərqli olaraq həm tam siyasiləşəcək, həm də ölkə miqyaslı problemlərin həllinə dair proqramlar, vədlər, vizyonlar, kadrlar yarışacaq. Xalq da bunu izləyib qənaət hasil edəcək, hansı partiyanın proqramını, vədlərini və kadr potensialını daha yüksək qiymətləndirirsə, ona səs verəcək. Hazırda müşahidə etdiyimiz qeyri-ciddi atmosfer müşahidə olunmayacaq, təsadüfi namizədlər azalacaq”.

Cəfərlinin sözlərinə görə, proporsional sistemin müxtəlif variantları var: “Klassik varianta əsasən ölkə vahid seçki dairəsi kimi götürülür. Məsələn, Milli Məclis 125 üzvdən ibarətdirsə, partiyalar MSK-ya 125 nəfərlik siyahı təqdim edir və topladıqları səs sayına uyğun mandat qazanırlar. Yox, əgər “lokal ərazilərin təmsilçiləri mütləq olmalıdır” deyə düşünürsünüzsə, onda Türkiyə sistemini tətbiq etmək olar. Bu sistemə əsasən hər vilayətə (bizdə rayon, şəhər) əhalisinin sayı nisbətində millət vəkili yeri ayrılır. Məsələn, Gəncəyə 5 yer ayrılıbsa, partiyalar Gəncə üzrə 5 nəfərlik siyahı təqdim edir və topladıqları səslərə uyğun mandat qazanırlar. Əgər ölkə üzrə minimum baryer varsa (Türkiyədə 10%-dir), partiyalar və bloklar yalnız bu baryeri ölkə miqyasında aşdıqları təqdirdə parlamentdə təmsil olunurlar”.

“Parlament, yaxud parlament-prezident üsul-idarəsinin bərqərar edilməsi yaxşı olardı”

“Təbii ki, proporsional sistemin, bütövlükdə parlament seçkilərinin və institutunun daha böyük önəm qazanması üçün ölkədə parlament, yaxud parlament-prezident üsul-idarəsinin bərqərar edilməsi yaxşı olardı. Azərbaycanın mərkəzi və yerli idarəetmə sistemində köklü islahat aparmağın vaxtı çoxdan yetişib”,-deyə politoloq vurğulayıb.

 Şamo EMİN, Hurriyyet.org