Azərbaycanda proporsional seçki sisteminin tətbiqi gözlənilirmi?

72

Şahin Cəfərli: "Proporsional sistemdə seçki prosesi və seçkiqabağı təbliğat kampaniyası indikindən fərqli olaraq tam siyasiləşəcək"

Zaur Məmmədov: "9 fevral tarixində formalaşacaq parlamentin keçici olacağı ilə bağlı deyilənlər həqiqətəuyğun səslənmir"

Son günlər belə bir məlumat dolaşır ki, növbədənkənar parlament seçkilərindən sonra formalaşacaq Milli Məclisin yeni tərkibi keçici olacaq, bir müddət sonra buraxılacaq. O da qeyd olunur ki, bundan sonra yeni referendum baş tutacaq və ölkədə proporsional seçki sistemi bərpa olunacaq. Məlumat üçün nəzərinizə çatdıraq ki, Azərbaycanda seçki sistemi mojaritar sistemə əsaslanır. Belə ki, 2002-ci ilədək parlament seçkiləri qarışıq seçki sistemi əsasında  keçirilirdi. 1995-ci və 2000-ci ildə 125 deputatdan 100-ü majoritar sistem, 25-i isə proporsional nümayəndəlik sistemi üzrə seçilmişdi. 2002-ci il avqustun 24-də isə keçirilən ümumxalq səsverməsində proporsional sistem ləğv edilib.

Proporsional seçki sistemi seçkilərdə bu və ya digər partiyaya verilmiş səslərin miqdarı ilə bu partiyanın parlamentdə alacağı yerlərin miqdarı arasında mümkün qədər tam uyğunluğa nail olmaq üçün yaradılmış seçki sistemidir. Yəni proporsional seçki sistemində seçicilər səslərini ayrı-ayrı şəxslərə deyil, partiyaları təqdim etdiyi namizədlər siyahısına verirlər. Bu sistemin əsas ideyası ondan ibarətdir ki, hər bir siyasi partiya parlamentdə və ya digər nümayəndəli orqanda onun lehinə səs vermiş seçicilərin sayına proporsional sayda mandat əldə edir. Majoritar seçki sistemində isə deputatlığa namizəd seçkilərdə fərdi qaydada iştirak etməlidir və o, seçkili orqana deputat seçilmək üçün seçki dairəsi üzrə digər namizədlərə nisbətdə daha çox səs toplamalıdır.

"Parlament üzvü lokal problemlərlə deyil, bütövlükdə ölkə gündəmi, hökumətin daxili və xarici siyasəti ilə əlaqəli çox geniş spektrə aid məsələlərlə öz səlahiyyət müddətində müntəzəm məşğul olan xalq təmsilçisidir"

Картинки по запросу Şahin Cəfərli

Beləliklə, "Hürriyyət" xəbər verir ki, sözügedən mövzu ilə bağlı fikirlərini bildirən politoloq Şahin Cəfərlinin qənaətincə, Azərbaycanda proporsional seçki sisteminin tətbiqi zərurətdir. Onun bildirdiyinə görə, demokratik institutların, siyasi mədəniyyətin inkişaf etmədiyi, parlamentarizmin mənasının hələ yaxşı dərk olunmadığı cəmiyyətlər üçün majoritar sistem qətiyyən uyğun deyil və siyasəti öldürür: "Millət vəkili su çəkən, yol asfaltlayan, zibil daşıtdıran, təkcə seçildiyi ərazini təmsil edən şəxs deyil. Bu, yerli hakimiyyətlərin və orada təmsil olunanların işidir. Düzdür, millət vəkili parlamentdə hansısa rayonun və şəhərin problemlərini qaldıra bilər. Məsələn, yerli hakimiyyətlərə ayrılan büdcə müzakirə olunarkən A rayonuna mərkəzi büdcədən daha çox vəsait ayrılmasını təklif etməyə, bunu əsaslandırmağa və səsverməyə çıxarmağa onun hüququ var. Hətta birbaşa öz səlahiyyət çərçivəsinə aid olmasa da, parlament üzvü ona fərdi qaydada müraciət edən vətəndaşların şikayətlərini də dinləyib, bunları müvafiq dövlət orqanlarının qarşısında qaldıra bilər. Amma parlament üzvü lokal problemlərlə deyil, bütövlükdə ölkə gündəmi, hökumətin daxili və xarici siyasəti ilə əlaqəli çox geniş spektrə aid məsələlərlə öz səlahiyyət müddətində müntəzəm məşğul olan xalq təmsilçisidir".

"Azərbaycanın mərkəzi və yerli idarəetmə sistemində köklü islahat aparmağın vaxtı çoxdan yetişib"

Politoloqun fikrincə, proporsional sistemdə siyasi partiyalar öz namizədlər siyahısına həm tanınmış və toplumda nüfuzu olan, həm də xalqın heç tanımadığı, amma öz sahəsinin mütəxəssisi olan insanları daxil etməyə, belə şəxsləri axtarıb tapmağa məcbur olacaqlar: "Bununla da seçki prosesi və seçkiqabağı təbliğat kampaniyası indikindən fərqli olaraq həm tam siyasiləşəcək, həm də ölkə miqyaslı problemlərin həllinə dair proqramlar, vədlər, vizyonlar, kadrlar yarışacaq. Xalq da bunu izləyib qənaət hasil edəcək, hansı partiyanın proqramını, vədlərini və kadr potensialını daha yüksək qiymətləndirirsə, ona səs verəcək. Hazırda müşahidə etdiyimiz qeyri-ciddi atmosfer müşahidə olunmayacaq, təsadüfi namizədlər azalacaq. Proporsional sistemin müxtəlif variantları var. Klassik varianta əsasən ölkə vahid seçki dairəsi kimi götürülür. Məsələn, Milli Məclis 125 üzvdən ibarətdirsə, partiyalar Mərkəzi Seçki Komissiyasına 125 nəfərlik siyahı təqdim edir və topladıqları səs sayına uyğun mandat qazanırlar. Yox, əgər lokal ərazilərin təmsilçiləri mütləq olmalıdır deyə düşünürsünüzsə, onda Türkiyə sistemini tətbiq etmək olar. Bu sistemə əsasən hər vilayətə (bizdə rayon, şəhər) əhalisinin sayı nisbətində millət vəkili yeri ayrılır. Məsələn, Gəncəyə 5 yer ayrılıbsa, partiyalar Gəncə üzrə 5 nəfərlik siyahı təqdim edir və topladıqları səslərə uyğun mandat qazanırlar. Əgər ölkə üzrə minimum baryer varsa (Türkiyədə 10 faizdir), partiyalar və bloklar yalnız bu baryeri ölkə miqyasında aşdıqları təqdirdə parlamentdə təmsil olunurlar. Təbii ki, proporsional sistemin, bütövlükdə parlament seçkilərinin və institutunun daha böyük önəm qazanması üçün ölkədə parlament, yaxud parlament-prezident üsul-idarəsinin bərqərar edilməsi yaxşı olardı. Azərbaycanın mərkəzi və yerli idarəetmə sistemində köklü islahat aparmağın vaxtı çoxdan yetişib".

"Görünən odur ki, bəzi dairələr bu cür şayiələr yaymaqla öz maraqlarının reallaşmasına çalışır və yaxud hər hansı bir prosesə xələl gətirmək istəyirlər"

Mövzu ilə əlaqədar "Hürriyyət"ə açıqlama verən Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov isə hesab edir ki, 9 fevral tarixində formalaşacaq parlamentin keçici olacağı ilə bağlı deyilənlər həqiqətəuyğun səslənmir: "Ümumiyyətlə, son zamanlar parlament və siyasi sistem ətrafında bir şox şayiələr dolaşır. Əslində, onların haradan qaynaqlanması da maraq doğurmaqdadır. Görünən odur ki, bəzi dairələr bu cür şayiələr yaymaqla öz maraqlarının reallaşmasına çalışır və yaxud hər hansı bir prosesə xələl gətirmək istəyirlər. Hər halda gələn parlament seçkilərində seçki sisteminin proporsional, mojaritar və yaxud qarışıq seçki sistemi olmasını zaman göstərəcək. Bildiyiniz kimi, fevralın 9-da seçiləcək millət vəkillərinin səlahiyyət müddəti hələ bir neçə il davam edəcək. Ona görə də indidən seçki sisteminin dəyişilməsi ilə bağlı mülahizələri reallıqdan uzaq adlandırardım".

Bakı Politoloqlar Klubunun rəhbərinin sözlərinə görə, proporsional və ya mojaritar seçki sisteminin olması əslində, siyasi sistemin xüsusiyyətlərindən asılıdır: "Əgər proporsional seçki sisteminin tətbiq olunduğu ölkələrə nəzər salsaq görərik ki, bu həmin ölkələrdir ki, orda ənənəvi olaraq siyasi ideologiyalar arasında çox ciddi şəkildə qütbləşmə mövcuddur. Və orada solçular, sağçılar, mərkəzçilər, liberallar, ultra faşistlər və digər ideyalar arasında ciddi şəkildə rəqabət var. Bu kimi sistemlərə əsasən, Türkiyə və İtaliyanı misal göstərə bilərik. Qeyd edim ki, mojaritar seçki sistemi də parlament seçkilərində qabaqcıl dünya ölkələrində tətbiq edilməkdədir. Buna misal olaraq parlament sisteminin meydana gəldiyi Böyük Britaniyanı göstərə bilərik. Azərbaycan isə daha çox ikinci varianta yaxındır. Çünki siyasi qruplar arasında qütbləşmə daha çox qeyri-sabit siyasi sistemin formalaşmasına gətirib çıxarır. Hər halda Azərbaycan üçün indi bu məqbul deyil. Lakin gələcəkdə nələrin baş verəcəyini zaman göstərəcək".

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org