“Azərbaycanda neft məhsullarının qiyməti dövlət tərəfindən tənzimlənir” – İlham Şaban

    3

    Dünən SOCAR-ın emal üzrə vitse-prezidenti David Məmmədov bildirib ki, H.Əliyev adına Neft Emalı Zavodunda oktyabr ayında istehsalın qrafikə uyğun olaraq dayandırılması zamanı daxildə “Ai-92"” markalı benzinə mövcud ehtiyatlardan çox ehtiyac yaranarsa, Rusiyadan benzin idxal ediləcək. Bu da benzinin qiymətinin artmasını gündəmə gətirib.

    Məsələ ilə bağlı Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirib ki, Neftayırma zavodlarının cari təmirə dayanması bütün dünyada ildə bir dəfə baş verir: “Hesab edin ki, hər 5 min km-dən bir avtomobilləri aparıb yağını və filtirlərini dəyişirsiniz, bu da həmin prosesdir, təqribən 20-25 gün çəkir, baxır kim zavodu necə istismar edib”.

    İlham Şaban qeyd edib ki, Azərbaycanda neft məhsullarının qiyməti dövlət tərəfindən tənzimlənir: “2014-cü ilin 1 aprelindən isə yüksək oktanlı benzinlərin qiyməti bu kateqoriyadan çıxarılsa da, orada kartel sazişi tətbiq edilir. Yəni eyni gündə eyni saatda bazar iştirakçıları eyni qiyməti tətbiq edirlər”.

    “Müstəqilliyimiz zamanı hər ili yanacaq istehsal edən Neft Emalı Zavodu təmirə dayanır. Məgər onda benzin qiymətləri ilə bağlı məsələ gündəmə gəlib? Düzdür, o zamanlar biz benzin ixracatçısı idik, indi isə idxal edirik. Ancaq bir məsələ var ki, o zaman Azərbaycanda heç yarım milyon maşın yox idi, indi 1,3 milyona çatıb. İstehlak daxili bazarda artanda əlbəttə ixrac üçün də həcmlər qalmayacaq”, – deyə ekspert əlavə edib.

    İ. Şaban onu da vurğulayıb ki, son 2 ildə Neft Emalı Zavodunun cari təmiri onun modernizasiyası ilə paralel aparıldığından müddəti bir qədər uzanır: “Ona görə də anbarlarda yığılan ehtiyat heç də yerli tələbatı ödəmir. Ona görə də adətən avqust ayında Nazirlər Kabineti sərəncam verərək müəyyən limitlənmiş dövrdə Ai-92 markalı benzinin idxal vergilərini sıfırlayır. Bu ona görə edilir ki, daxili bazarda həmin marka neft məhsulunun satış qiyməti Neft Emalı Zavodu fəaliyyətini bərpa edənə qədər artmasın”.

    Cavid, Hurriyyet.org