Azərbaycanda mühüm YENİLİK

    15

    Atmosferə atılan karbon qazı yığılıb istifadə ediləcək

    İri sənaye mənbələrindən atmosferə atılan karbon qazı məqsədyönlü və iqtisadi baxımdan səmərəli istifadə ediləcək. Azərbaycan Milli Elmlər Akademiyasından verilən məlumata görə, atmosferə atılan karbon qazının mənbəyinin müəyyənləşdirilməsində YT Parkın PUA-larından istifadə olunacaq.

    Bunun üçün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Elm Fondu tərəfindən "Azərbaycanda metanol və karbamid gübrəsi istehsalında xammal kimi istifadə edilən təbii metan qazı (CH4) əvəzinə iri sənaye obyektlərindən atmosferə atılan karbon qazının (CO2) tutularaq yığılması və istifadə edilməsinin elmi-texniki, iqtisadi əsaslarının işlənməsi və təkliflərinin hazırlanması" layihəsi üzrə müsabiqə elan edilib. Həmin müsabiqəyə təkliflər arasından AMEA Neft Qaz Institutunun (NQİ) təklifi uğur qazanıb və layihənin icrası bu müəssisəyə həvalə olunub.

    Layihənin əsas məqsədi iri sənaye mənbələrindən atmosferə atılan karbon qazının məqsədyönlü və iqtisadi baxımdan səmərəli istifadəsidir.

    Belə ki, ölkəmizdə iri karbon dioksid (CO2) tullantı mənbələrinin təyin edilməsi, CİS xəritələrində mənbələrin qeydiyyatının aparılması, tullantı mənbələrinə yaxın geoloji formasiyaların qaz tutumu imkanlarının öyrənilməsi, CO2-nin konkret istifadə sahəsindən asılı olaraq nəql olunma sxeminin işlənməsi və s. tədbirlərin həyata keçirilməsində pilotsuz uçan aparatlardan (PUA) istifadə vacib hesab edilib.

    Bununla əlaqədar olaraq “AMEA Yüksək Texnologiyalar Parkı” MMC ilə NQİ arasında PUA-nın alqı-satqı müqaviləsi bağlanıb. Müqavilə əsasında Yüksək Texnologiyalar Parkında (YT Park) istehsal olunan "M 4-0.5 (Albatros)" PUA-sı Neft və Qaz İnstitutuna təqdim olunub.

    Azərbaycanda atmosfer necə çirklənir?

    Ümumiyyətlə, Azərbaycanda atmosfer havasının əsas etibarı ilə energetika sahəsində, istilik-elektrik stansiyalarından yanacağın yanması nəticəsində, yəni sənaye baxımından çirkləndiyi bəllidir. Buna paralel ondan da az olmayan nəqliyyat vasitələri ilə də çirklənmə mövcuddur. Bu iki sahə Azərbaycanda bu gün formalaşan, atmosferə atılan tullantıların böyük hissəsini təşkil edir.

    Üstəlik, yanma məhsulları, yanma qazlarının tərkibində olan azot, karbon oksidləri kimi zərərli maddələr atmosfer havasını çirkləndirir. Azərbaycanda, xüsusən Abşeron yarmadasında neft-karbohidrogen hasilatı mövcuddur. Yəni neft-qaz emalı sahəsində də atmosfer havası müəyyən qədər karbohidrogenlərlə çirklənməyə məruz qalır. Bu da neft mədənlərində, xüsusən keçmişdə quruda neft-qaz hasilatı zamanı məhsuldarlığı az olan quyularda boru arxası səmt qazlarının 100 faiz tutulması nəticəsində olur.

    Bütün bunlara baxmayaraq, son illərdə Azərbaycanda həm ekoloji problemlərə diqqət yetirildiyi danılmazdır. Məsələn, boru arxası qazların tutulması üçün müəyyən işlər görülür, səmt qazları tutulmayan mövcud quyuların tutulması istiqamətində də yeniliklər var. Əvvəlki illrdə təbii səmt qazı olan çoxlu quyular var idisə, artıq bunların sayı getdikcə azalır.

    Bununla yanaşı, BP şirkəti dənizdən neft-qaz hasilatını həyata keçirir. Hasilat zamanı havaya birabaşa karbohidrogenlər getməsin deyə tutulmayan, texnoloji prosesdən ayrılan qazlar məşəldə yanır, zərərsiz formaya keçir. Amma istər-istəməz bu tüstü qazların da tərkibində çirkləndirici karbon, azot oksidləri, karbohidrogenlər var.

    Bu mənbələrlə yanaşı, sənayenin digər sahələri-müəyyən qədər kimya sənayesi, tikinti inekt məhsullarının hazırlanması sahəsinin də (bunlar əsas etbarilə sement, qum, əhəngdir) özlüyündə atmosfer havasının müəyyən qədər çirklənməsinə səbəb olur.

    Azərbaycanda atmosferə atılan tullantıların böyük hissəsi sənaye məhsulları, nəqliyyat vasitələri hesabınadır. Xüsusən də, son illər Azərbaycanda artan nəqliyyat vasitələrinin də atmosfer havasını çirkləndirdiyi bəlldir. Məsələn, əvvəllər, Avropa və digər inkişaf etmiş ölkələrdə istifadə müddəti keçmiş və istifadəsi qadağan edilmiş maşınlar müəyyən vasitələrlə – özəl strukturların əli ilə Azərbaycana gətirilirdi. Atmosferin çirklənməsində məhz belə köhnə maşınların da payı var. Artıq bu istiqamətdə də addımlar atılıb. Son illər Avropa, Almaniya istehsalı olan köhnə maşınlar daha respublikaya buraxılmır. Bundan başqa, İran, Rusiyanın iki, üç il bundan əvvəl istehsal olan maşınları da ölkəyə gətirilmir. Amma ümumiyyətlə, iri şəhərlərimizdə mövcud olan zərərli qazların müəyyən hissəsini məhz o nəqliyyat vasitələrinin payına düşür.

    Onu da qeyd edək ki, Azərbaycan Respublikasının ətraf mühitin mühafizəsi sahəsində bir sıra qanunvericilik aktları, müasir sənədləri var. Həmin sənədlərin tərkib hissəsinə uyğun olaraq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər qurumlar bu sahədə öz səlahiyyətləri çərçivəsində müvafiq tədbirlər həyata keçirirlər. Hər bir müəssisə həm istehsalat nəzarətini həyata keçirir, həm də həmin müəssisələrdə formalaşan tullantıların uçot hesabatı aparılır. Bu uçot hesabat əsasında atmosferə ayrılan həmin tullantıların kəmiyyət və keyfiyyət göstəriciləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumlarına təqdim olunur. Formalaşan tullantıların uçotu aparılıb Dövlət Statistika Komitəsində cəmləşdirilir və bunlar 2 TG statistik hesabatlarında varlığını tapır. Əgər hesabat düzgün aparılmırsa, bu tullanıların neytrallaşdırlması üçün qaz, toz uçurucu qurğular normal qaydasında, standartlara uyğun işləmirsə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamenti tərəfimizdən inzibati qaydada müəyyən tədbirlər həyata keçirir.

    Bundan əlavə, tutulan zərərli qazların neytrallaşdırlması, zərərsizləşdirilməsi, başqa məqsədlər üçün istifadəsi və ya onların basdırlması istiqamətində qəbul olunmuş qanunvericiliyin tələblərinə uyğun tədbirlər həyata keçirilir. Belə ki, hər bir müəssisədə, istər BP-nin təşkilatlarında, istər Neft Şirkətinin, istər “Azərenerji” ASC-nin obyektləri, istər fərdi təşkilatlar – əhəng zavodu, sement zavodu, çınqıl, qum istehsalı karxanaları, əhəng daşı karxanalarında müəyyən standartlar, normalar, qaydalar var. Hər bir fiziki və hüquqi şəxs həmin standartalara, normalara uyğun işlərini qurmalı və dövlətin qoyduğu normativ bazaya, tələblərə cavab verməlidir. Sözsüz ki, istehsalat fəaliyyətində müəyyən problemləri olan müəssisələr inzibati qaydada tərəfimizdən aktlaşdırırlar, inzibati xətaya yol vermiş fiziki, hüquqi şəxslər cərimə olunur.

    Müəssisə və təşkilatlara nəzarət gücləndirilir

    Əminliklə deyə bilərik ki, hər bir müəssisə ekoloji təhlükəsizlik qaydalarına riayət etməyə borcludur. Şübhəsiz, yeni, mütərəqqi texnologiyalar nə qədər çox tətbiq olunarsa, atmosfer havası bir o qədər az çirklənməyə məruz qalar. Odur ki, ekoloji təhlükəsizlik, ekologiyaya uyğun tətbiq olunmuş qaydalar, normalar, standartlar baxımından bütün müəssisə və təşkilatlar nəzarət altındadır.

    Yeni texnolgiyaların tətbiq olunması sahəsində də Azərbaycanda müəyyən proqramlar mövcuddur. Məsələn, keçmişdə istilik sistemi yaratmaq üçün qazanxanaların 20 metrdən başlayaraq 100 metrə qədər çatan turbalarından qara tüstülər atmosferə yayılırdı. Bu gün bəzi asfalt-beton zavodları o vəziyyətdədir. Amma bu istiqamətdə də irəliləyiş var. İndi Bakıda belə qazanxanalar yoxdur. Yeni gələn avadanlıqlarda yanma prosesi maksimum dərəcədə həyata keçirilir. Ümumiyyətlə, Azərbaycanda tikinti sahəsi, o cümlədən digər bütün sahələrdə də ekolji nöqteyi-nəzərindən müəyyən proqramlar qəbul olunub və uğurla həyata keçirilməkdədir.

    İnanırıq ki, yaxın gələcəkdə iri sənaye mənbələrindən atmosferə atılan karbon qazı məqsədyönlü və iqtisadi baxımdan səmərəli istifadə edilərsə, bu sahədə daha ciddi nailiyyət əldə etmək mükün olacaqdır.

    “Hürriyyət”