Azərbaycanda kərə yağının qiyməti niyə qalxır? – EKSPERT SƏBƏBLƏRİ AÇIQLADI

    18

    İqtisadçı ekspert Natiq Cəfərli: “Nə qədər qəribə səslənsə də, gömrükdə şəffaflığın artması qiymət artımına da səbəb olub”

    Azərbaycan prezidenti İlham Əliyevin kərə yağının ucuzlaşması ilə bağlı verdiyi göstərişin nəticəsi olaraq, 2017-ci ildə ölkəmizə idxal edilən kərə yağı və digər süd məhsulları üçün tətbiq edilən gömrük idxal rüsumları 3 dəfə azaldılıb. Qeyd edək ki, ötən ilin noyabr ayında verilmiş bu qərar dekabrın 7-dən qüvvədədir və 2019-cu il dekabrın 31-dək qüvvədə qalacaq.

    Həmin qərarın dərcindən az sonra Dövlət Gömrük Komitəsinin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin rəisi Mirqasım Vahabov jurnalistlərin “sözügedən qərar kərə yağının nə qədər ucuzlaşmasına səbəb olacaq və əhali üçün hansı səviyyədə əlçatan olacaq?” sualını cavablandıraraq bildirmişdi ki, Azərbaycana idxal edilən kərə yağı üçün tətbiq edilən gömrük idxal rüsumlarının 3 dəfə azaldılması bu məhsulun pərakəndə satış qiymətinə də təsirsiz ötüşməyəcək.

    "Əhali bunu tez bir zamanda hiss edəcək. Rüsumlar azaldılıbsa, bu, kərə yağının pərakəndə satış qiymətinə də təsir edəcək. Qiymətlərin yüksək olmasına görə bir çoxları idxalçıları qınayırdı. Lakin nəzərə almalıyıq ki, kərə yağı Azərbaycana Yeni Zelandiyadan idxal olunur ki, orada da bahalaşma baş verib. Üstəlik, nəqliyyat xərcləri, dolların məzənnəsi kimi faktorlar da nəzərə alınmalıdır. Hökumət rüsumları azaltmaqla kərə yağının ucuzlaşmasına şərait yaratmış oldu",- Mirqasım Vahabov belə söyləmişdi.

    Amma gözləntilər özünü doğrultmadı. Gömrük idxal rüsumunun 15%-dən 5%-ə düşürülməsi, təəssüf ki, kərə yağının pərakəndə satış qiymətini azalda bilmədi, əksinə bu il bazar və marketlərdə kərə yağının qiyməti daha da bahalaşdı.

    Qeyd edək ki, hazırda marketlərdə “Westgold” və “Ancor” kərə yağlarının 1 kiloqramı 17.50 AZN, "French Cow" Fransa yağının kiloqramı 18.30 AZN, “President” yağı 18.50, “Pınar” kərə yağı isə 24.35 AZN-ə satılır.

    Kərə yağları ilə yanaşı, yemək yağlarının və duru yağların da qiymətində 5-10 faizlik artım müşahidə olunur.

    Sözsüz ki, Azərbaycanda kərə yağının bahalaşması vətəndaşların narazılığına səbəb olub. Çünki kərə yağının bahalaşması ilə əlaqədar əhalinin aztəminatlı hissəsinin alıcılıq qabiliyyəti xeyli aşağı düşüb və nəticədə bir çox soydaşlarımız kərə yağını marqarinlə əvəz etməli olublar.

    Kərə yağı idxalı ilə məşğul olan şirkətlər qiymət artımının səbəbini yağ ixrac edən ölkələrin qiymətləri bahalaşdırması ilə izah edirlər. Rəsmi qurumlar isə ciddi bahalaşmanın qeydə alınmadığını bildirir.

    Bahalaşmanın səbəblərini öyrənmək üçün iqtisadçı ekspert Natiq Cəfərli ilə əlaqə saxladıq. O, yaranmış vəziyyəti belə izah etdi: “ Əslində bunun bir neçə səbəbi var. Birinci səbəbi odur ki, Avrozonadan ölkəmizə idxal olunan yağların həcmi kifayət qədər genişdir. Almaniyadan, Avstriyadan, hətta Rusiyadan, Ukraynadan alınan yağlar belə, avro ilə hesablanır. Avronun isə Azərbaycan manatına nisbətdə məzənnəsi son bir ildə 15 faiz civarında bahalaşıb, yəni 1 manat 90 qəpikdən 2 manat 10 qəpiyə qədər qalxıb. Bu da təbii ki, idxal olunan yağın qiymətinə ciddi təsir edir.

    Başqa tərəfdən, nə qədər qəribə səslənsə də, gömrükdə şəffaflığın artması qiymət artımına da səbəb olub. Son zamanlar doğrudan da gömrükdə şəffaflığın artırılması istiqamətində bəzi addımlar atılıb. Belə ki, əvvəllər xaricdən gətirilən məhsulların rəsmiləşdirilməsi daha ucuz başa gəlirdi və onlar üçün daha az məbləğdə rüsum ödənilirdi. Bu gün isə şəffaflıq artırıldığından gətirilən malların gerçək həcmi qeydə alınır, bu da rüsumların tam həcmdə ödənilməsinə gətirib çıxarır. Əlavə ödənilən vəsait isə idxal olunan məhsulların, o cümlədən də yağın satış qiymətində öz əksini tapır. Beləliklə də bahalşma baş verir.

    Üçüncü səbəb isə, Azərbaycanın ənənəvi, xroniki xəstəliyidir. Digər sahələrdə olduğu kimi, ölkəmizdə yağ istehsalı sahəsində də ciddi rəqabət yoxdur. Yerli istehsal yox dərəcəsindədir, əhalinin tələbatının heç 15-20 faizini belə ödəmir. İdxal sahəsində də rəqabətli mühit müşahidə olunmur. Belə ki, idxal əməliyyatlarının böyük bir hissəsini, 80 faizə yaxınını 3-4 şirkət həyata keçirir. Bu da kartel sövdələşmələrinə, yəni həmin şirkətlərin öz aralarında danışıqlar aparıb qiymətləri eyni səviyyədə saxlamalarına səbəb olur. Bazarda çoxlu sayda oyunçular olsaydı, təbii ki, onlar arasındakı rəqabət qiymətlərin ucuzlaşmasına müsbət təsir göstərərdi”.

    Banu Oğuz, Hurriyyet.org

    P.S. Qəribə də olsa, kərə yağının qiymətinə görə Azərbaycanla Gürcüstan arasında 40-45 faiz fərq var. Maraqlıdır ki, məsafə təxminən eynidirsə, qiymət niyə fərqlidir?

    Bu sualın bir cavabı ola bilər: Gürcüstanda vergi və gömrük siyasəti düzgün qurulduğundan, inhisarçılıq yoxdur, Azərbaycanda isə uzun illərdir bu problem bir bəla kimi iqtisadiyyatı sıxmaqda davam edir.

    Bundan əlavə, ekspertin qeyd etdiyi kimi, yerli istehsal da yox dərəcəsindədir, bu isə ölkəyə daha çox yağ idxal edilməsi zərurətini yaradır və bazarda rəqabətli mühitin yaradılmasının qarşısını alır.

    Demək, problem köklü surətdə, dövlət səviyyəsində həll edilməlidir. Həm gömrük, həm də vergi sistemində müəyyən dəyişikliklər etməklə, eyni zamanda yerli istehsalın inkişafına təkan verməklə ciddi rəqabətli mühit yaratmaq vəzifəsi dövlətin öhdəsinə düşür.