Azərbaycanda əlillərə qarşı BİGANƏLİK – Məmurlar nə BMT konvensiyasına, nə yerli qanunvericiliyin tələblərinə əməl edir

    15

    3 dekabr bütün dünyada uluslararası (beynəlxalq) əlillər günü kimi yad edilir. Azərbaycanda da həmin gün ümumi sözlərlə “əlillərə diqqət və qayğıdan” danışılır, əlillərin hüquqlarının qanunla –“de yure” qorunduğu, faktiki –“de fakto” yerli və beynəlxalq qanunun tələblərinə əməl olunduğu vurğulanır. Bunlar, vurğuladığımız kimi, sözdə əlillərin hüquqlarının qorunması haqqında deklorativ açıqlamalardan özgə bir şey deyil. Gerçəkdə, yəni əmələ gəldikdə isə…

    Azərbaycanda əlillərin statusu 25 avqust 1992-ci il tarixli “Əlillərin sosial müdafiəsi haqqında” qanunla müəyyən olunub və bu ilin 31 mayına kimi qüvvədə olub. 31 may 2018-ci il tarixli “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunun qüvvəyə minməsi ilə 26 il qüvvədə olan əvvəlki qanun ləğv edilib. Yeni qanunda konkretlik olmadığından, deklorativ xarakter daşıdığından, nəinki əlillərin hüquqlarının qorunması, əksinə, bu hüquqlara qadağa qoyulması kimi izah edilir.

    Fikir verin, kommunal xidmət qurumları – su, işıq, qaz, istilik xidmətlərinin, nəqliyyat və rabitə xidmətləri çəkiliş üçün əlillərdən qanunsuz ödəniş tələb edərək, illərdir onları sosial infrastrukturla pulsuz təmin etmirlər. Nəzarətedici qurumlar -İqtisadiyyat Nazirliyi yanında İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti , Energetika Nazirliyinin Enerji Məsələlərini Tənzimləmə Agentliyi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunun preambula hissəsini köçürüb bildirir ki, bu qanun əlillər barəsində DÖVLƏT SİYASƏTİNİ müəyyən edir və kommunal xidmətlərin göstərilməsinə aidiyyatı yoxdur. Belə çıxır, əlillər barədə dövlət siyasəti əlilləri sosial infrastrukturdan, kommunal xidmətlərdən məhrum etmək siyasətidir?

    Enerji Məsələlərini Tənzimləmə Agentliyi rəsmi məktublarla əlillərin qaz , işıq, istilik xətti çəkdirmək üçün podratçı ilə müqavilənin haqqını ödəməli olmalarını (?) da bildirib. Xidmət qurumlarının özbaşınalığını bir yana qoyaq, axı nəzarətedici qurumların əsas funksiyası bu özbaşınalığa hüquqi qiymət verməkdir! Eyni zamanda, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunun 14-cü maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanları, müəssisələr, təşkilatlar tabeliklərində olan yol-nəqliyyat, rabitə, informasiya, mədəniyyət, məişət və digər sosial infrastruktur obyektlərini əlillərin istifadəsi üçün AĞLABATAN uyğunlaşdırmalıdırlar. Elə bu “AĞLABATANLIQ” da əlillərin sosial infrastrukturdan tamamilə məhrum edilməsinə gətirib. Axı, məmurun ağlına əlillərə pulsuz xidmət etmək batmır!

    Əvvəlki qanunda əlillər işləyən müəssisələrə vergi güzəştləri, təşkilati hüquq formasından asılı olmayaraq bütün qurumların dövriyyəsinin 1 faizi miqdarında “Əlillərin sosial müdafiəsi fondu”na vəsait ayırmaları təsbit olunmuşdu. İndi vergi güzəştləri əvəzinə, əlilin özünə öz hesabına işıq, su, qaz çəkməsi “xidməti”nə görə hətta ƏDV (əlavə dəyər vergisi) də əlildən tutulur. Əlillərin sosial müdafiəsi üçün təşkilatların fonda ödədiyi 1 faiz isə fondun özü kimi ləğv edilib. Ümumiyyətlə, hazırda əlillərin sosial və hüquqi müdafiəsini həyata keçirən heç bir idarə, qurum yoxdur. Dövlət Sosial Müdafiə Fondu nəinki əlillərin hüquqlarının müdafiə edir, əksinə, əlillərin pensiyalarına, müavinətlərinə, sanatoriya -kurort hüquqlarına ortaq çıxır. Fikir verin, Qarabağ əlilləri Səhiyyə Nazirliyinin və ƏƏSMN-in birgə komissiyasının rəyi ilə xaricdə müalicəyə ona görə göndərilməyib ki, 2018-ci ildə ƏƏSMN heç bir ölkə ilə müqavilə bağlamayıb. Bunu DSMF-dən rəsmi məktublarla bildiriblər. Belə çıxır, DSMF işinin öhdəsindən gələ bilmirsə, əlillər müalicəsizlikdən ölməlidir?

    “Əmək pensiyaları haqqında” qanunun əlillərə aid maddələrinə də əməl olunmur. Bir faktı vurğulayaq ki, işləyən pensiyaçı müəllimlərin, həkimlərin və s. pensiyaları təqaüdə çıxan tarixdən 6 il keçəndən sonra bu iş-sığorta stajına uyğun olaraq yenidən hesablansa da, bu hesablama işləyən əlil müəllimlərə, həkimlərə və s. aid edilməyib. Bu isə əlillərə qarşı ayrı-seçkilikdən başqa bir şey deyil.

    Əlillərə qarşı ayrı-seçkilik o qədər geniş vüsət alıb ki, onu bir yazıya sığışdırmaq mümkün deyil və növbəti yazılarda qələmə alacağıq. Odur ki, yazını tamamlayıb, “ağlabatan” müddətdə əlillərə qarşı ayrı-seçkiliyə son qoyulmasına ümid edirik.

    Fikrimizcə, bu “ağlabatan” anlayışı konkretləşməlidir: Məmurun ağlına, yoxsa zavallı vətəndaşın, əlilin ağlına “ batan “ uyğunlaşma?

    Məğrur Bədəlsoy