AZƏRBAYCANDA “BEŞİNCİ KALONNA”NIN FƏALİYYƏTİ… – Və yaxud xalqımızı “Novruzəli” gözündə görənlər

81

Xarici irticanın “beçinci kalonna”sı bizim satqın, bir orden, ya da fəxri ad almaq xatirinə ailəsini də hərraca çıxarmağa hazır olan nakəslər idi…

Prezidentin son çıxışlarında üç-dörd dəfə “beşinci kalonna” sözünü işlətməsi çoxunun diqqətini çəkib. Bir müddət bundan əvvəl bizim savadları qıcqırmış “jurnalistlər” bu sözü “beşinci sütun” kimi yazırdılar. Neçə dəfə məsələni izah etdimsə məhəl qoyan olmadı.

…1939-cu ildə İspaniyada vətəndaş müharibəsi sona çatmaq üzrə idi. General Frankonun başçılığı altındakı ordu kommunistlərin, digər solçu qüvvələrin müdafiə etdiyi Madridi mühasirəyə alır. Qızğın döyüşlər gedir… Bir gün qərargahda hücum planı çəkilərkən Franko qələmi ilə xəritənin üzərinə “beşinci kalonna” sözünü yazır. Zabitlərdən biri təəccüblə soruşur: – Axı, biz cəmi dörd kalonna ilə hücuma gedirik, bu beşincisi haradan çıxdı?

Franko cavab verir: – Beşinci kalonna bizim Madridin özündə olan tərəfdarlarımızdır, onlar artıq əllərindən gələni ediblər.

Bu doğrudan da belə idi, Franko tərəfdarları Madridi müdafiə edənlər arasında elə nifaqlar salıb, elə təxribatlar törətmişdilər ki, daha mübarizə aparmaq qeyri-mümkün idi.

Franko qələbə çaldı və düz qırx il İspaniyanın hakimi mütləqi oldu.

…1939-cu ildən ta bu vaxta qədər elə qələm sahibi, elə siyasətçi yoxdur ki, ölkə daxilində düşmənin xeyrinə təxribat törədən, xalqı yolundan azdıran qüvvələrdən danışanda “beşinci kalonna” sözünü işlətməsin.

Prezident ölkə daxilində hər cürə pozuculuqla məşğul olanları “beşinci kalonna” adlandıraraq onların ram edilməsi zəruriyyətinə də işarə vurdu, ağır ittihamlar da səsləndi. Ən avam da bilir ki, Azərbaycan kimi yağlı tikəni qamarlamaq üçün həm Rusiya, həm də keşiş-mason dünyası məqam gözləyir.

Vətənimizin sinəsi üstündə qıvrılıb yatan əfi ilan “beşinci kalonna” hansı qüvvədir, onun cərgələrində kimlər var?

Bu məşum qüvvəni təmsil edənlər üçün iri sənaye müəssisələrini, zavodları yandırıb partlatmaq lazım deyil. Onların cəbbəxanasında daha güclü silahlar var: milləti yetmiş iki tirə etmək, zümrələri iblisanə məkrlə qarşı-qarşıya qoymaq, tarixi həqiqətləri bayağılaşdırıb gənc nəsildə keçmişi haqqında yanlış təsəvvür təlqin etmək və nəhayət millətin daxilində manqurtları yetişdirmək.

İstər rus şovinistlərinə, istərsə də keşiş-mason qüvvələrinə Azərbaycanda açıq gözlü, kimliyini qanan, milli ruhlu insanların olması əl vermirdi. Onlara sözün bütün yaxşı mənalarında xalq yox, ancaq qarını və fizioloji tələbləri barədə düşünən biokütlə lazım idi.

Biokütlə milli şərəfin, qan, namus qisasının, əcdadların mənəvi irsinə sədaqətin nə olduğunu bilməz. Xarici irticanın “beçinci kalonna”sı bizim satqın, bir orden, ya da fəxri ad almaq xatirinə ailəsini də hərraca çıxarmağa hazır olan nakəslər idi.

Söy dədə-baba dinini, keçmişinə ləkə yax, qərinələr boyu təbii sərvətlərini su qiymətinə daşıyıb aparan, hələ boynuna minnət qoyan, əcdadının torpaqlarını milli düşməninə verən, evində yaşaya-yaşaya üzünə “çuşka”, “baran” deyən nacinsin üzünə iriş, ona böyük qardaş de – xülasə, belə “fərmanları” can-başla yerinə yetirənlər ağ günə çıxdılar.

Niyə kişi kimi etiraf etmirik, yetmiş il ərzində məhz bu mənfur qüvvə xalqın əxlaqını pozdu, məhz onun ordenli, medallı hər cürə titula layiq görülmüş tüfeyliləri əsl kişiləri ləkələyib, gənc nəsildə şanlı keçmişinə qarşı biganəlik, hətta nifrət hissi təlqin etdilər.

Bir xalqın ki, vətənpərvərlik hissinin əndazəsini Moskva irticası və onun yerdəki nökərləri müəyyən edirdi, orada daha nədən danışasan?

Məxləs, mətləbi bir az uzatmaq istəyirdim ki, gözüm masanın üstündəki “Yeni Musavat” qəzetinə sataşdı. Səməd Seyidovla aparılmış müsahibəni lupanın köməyi ilə oxudum. Niyə lupanın köməyi ilə? Çünki bizim iqtidarın bərəkətindən bir-iki min manat pulum yoxdur ki, göz həkimlərinə müraciət edim. Bura bir nida işarəsi qoyub, söhbətimi davam etdirirəm.

Ey ali məqam, alinəsəb Seyidov cənabları!

Dəhanınızdan cari olmuş bütün kəlamları diqqətlə oxudum, özü də bir dəfə yox, düz üç dəfə. Heyran qaldım, Mirzə Cəlil rəhmətlik demişkən, adamda da bi qədər savad olar?

Qəzetin məlumatına görə, cənabınız Qazax diyarında ermənilərin bizləri necə gülləyə tutmalarının şahidi olub. Nə yaxşı ki, il on iki ay gözünə kül üfürülən kənd camaatı ilə görüşə Qarabağın əfsanəvi bahadırı Aqil Abbası, Qarabağ həqiqətləri barədə danışmaq üçün özünə zəhmətlər verib Afrikaya başmaq seyrinə çıxmış Qənirə Paşayevanı, “hamının hörmətini” qazanmış, məzhəbi məlum olmayan Rasim Musabəyovu və YAP-ın digər namidar zatlarını aparmamısınız. Xudanəkərdə bunların başlarından bir tük əksik olsaydı, bu fağır millətə kim baxacaqdı?

Aqil Abbas dedim, yadıma bəzi vaqiələr düşdü. Çox az adam bilir ki, imanında sabitqədəm olan bu bahadırın yaratdığı xalq intiqamçı qrupları bütün Rusiyanı ələk-vələk edərək Xocalı qətlamında əli olan rus hərbçilərini bir-bir dənləyiblər.

Rusiyanın ən peşəkar müstəntiqləri, kriminalistləri hələ indiyə qədər baş vermiş onlarla ölüm işinin sirrini aça bilmirlər. Mən hələ Aqil Abbasın istər işğal edilmiş ərazilərdə, istərsə Ermənistanın lap içində böyük şücaətlə keçirtdiyi qisas reydlərindən danışmıram. Belə deyirlər ki, milli musiqimizin yeni peyda olmuş parlaq ulduzu Elza Seyidcahan Qarabağ bahadırını vəsf edən mahnı bəstələyib və onu elə bu günlərdə “Azərbaycan, qeyrətim mənim” deyən Faiq Ağayev Aygün Kazımova ilə birlikdə ifa edəcək. Bizim bədgüman olmağa haqqımız yoxdur! Burada da bir nida işarəsi qoyub yenə də mətləbə qüayıdıram

Cənab Seyidov, biz Sizin üçün Mirzə Cəlilin məşhur personajı Novruzəli deyilik

75 il bundan əqdəm ikinci dünya müharibəsi qurtaranda Fransa, Polşa, SSRİ tar-mar olmuş Almaniyadan istədikləri qədər torpaq qopartdılar. Maraqlı burasıdır ki, bu münbit, faydalı qazıntıları ilə məşhur olan torpaqlar əyyami-qədimdən almanların idi. Kim idi buna baxan, yaxşı deyiblər, vay məğlubun gününə!

Zavallı Fələstinin hüquqlarını qoruyan neçə yüz qərar, qətnamə qəbul edilib, mən hələ bütün müsəlmanlar üçün əziz olan Qüdsdən danışmıram. Bunları vecinə alan var?

Səlib dünyası Liviyanın altını üstünə çevirdi, Suriya yerlə yeksan edildi, o boyda zəngin ölkə Rusiyadan göndərilən makarona, günəbaxan yağına möhtac qalıb. Daha başqa yerlərdən danışmağa lüzum görmürəm.

Bizim hərzəkar əyalət siyasətbazları isə utanmadan, qızarmadan ermənilərə göstərilən təpgilərdən danışırlar.

Seyidov cənabları isə qızıl-qırmızı üzümüzə durur ki, səhviniz var, dünya (?) Ermənistanın siyasətini qəbul etmir, ona təpgilər var (?)

Rus xalqının ən qəddar, ən amansız düşməni alman nasistləri idi. Nələrin baş verdiyini, nasist ideoloqlarının nələr yazdığını yaxşı bilirik. İllər keçir, Ermənistan hökuməti nasist cəlladlara nökərlik etmiş bir şərəfsizə adidə qoyur, təntənəli mərasim keçirilir, hətta erməni kilsəsinin yüksək rütbəli ierarxları iştirak edirlər, gül qoyan kim, sayğı göstərən kim…

Bu əvvəlcə müharibədə ən çox itki vermiş, ən çox bəla çəkmiş rus xalqına tüpürmək idi, ikincisi, bu aksiya bir daha göstərdi ki, erməni millətçiləri niyyətlərini həyata keçirəndə nə beynəlxalq normaları tanıyırlar, nə də qətnamələri.

Kilsə mərasimlərində nümayişkaranə xaç çevirən Putin dillənmədi. O, Rusiyanın sadiq köpəyini bu məsələdə də biz azərbaycanlıların ayağına vermədi. Bizim deyinməyimizə də həmişəki kimi qulaq asan da tapılmadı.

Biz isə arsızlığa salıb Yanvar qətlamının əsl müəllifi Primakova hörmət və məhəbbətimizi izhar edirik. Ermənistanda bir rus dilli məktəb olmadığı halda (mən hələ Baltikyanı ölkələrdə, Ukraynada baş verənlərdən danışmıram) biz lakey xislətimizi göstərib, yüzlərlə rusdilli məktəb açdıq. Primakovun təmsil etdiyi Moskva irticasına təbəəliklərini nümayiş etdirən naqislər yenə də əvvəlki yerlərindədirlər.

Seyidov cənabları umu-küsü edir, “qoyun bu sahədə bir balaca iş görək”. Birinci vitse-prezident hörmətli Mehriban xanımın mədəniyyət sahəsində gördüyü savab əməllər göz qabağındadır. Bütün millətin təqdir etdiyi bu işlərdə nə pulgir məddahların, nə də təyin olunmuş “millət vəkillərinin“ bir misqal da payı yoxdur. Prezidentin də az qala hər gün çıxışlarına qulaq asırıq, nə istədiyini, nə arzuladığını bilirik. Ola bilsin ki, səhv edirəm, amma mənə elə gəlir ki, o, təklənib.

(Ardı var)

Firuz Haşımov