AZƏRBAYCANDA “BEŞİNCİ KALONNA”NIN FƏALİYYƏTİ… – Və yaxud xalqımızı “Novruzəli” gözündə görənlər – III HİSSƏ

30

Xarici irticanın “beçinci kalonna”sı bizim satqın, bir orden, ya da fəxri ad almaq xatirinə ailəsini də hərraca çıxarmağa hazır olan nakəslər idi…

Prezidentin son çıxışlarında üç-dörd dəfə “beşinci kalonna” sözünü işlətməsi çoxunun diqqətini çəkib. Bir müddət bundan əvvəl bizim savadları qıcqırmış “jurnalistlər” bu sözü “beşinci sütun” kimi yazırdılar. Neçə dəfə məsələni izah etdimsə məhəl qoyan olmadı.

…1939-cu ildə İspaniyada vətəndaş müharibəsi sona çatmaq üzrə idi. General Frankonun başçılığı altındakı ordu kommunistlərin, digər solçu qüvvələrin müdafiə etdiyi Madridi mühasirəyə alır. Qızğın döyüşlər gedir… Bir gün qərargahda hücum planı çəkilərkən Franko qələmi ilə xəritənin üzərinə “beşinci kalonna” sözünü yazır. Zabitlərdən biri təəccüblə soruşur: – Axı, biz cəmi dörd kalonna ilə hücuma gedirik, bu beşincisi haradan çıxdı?

Franko cavab verir: – Beşinci kalonna bizim Madridin özündə olan tərəfdarlarımızdır, onlar artıq əllərindən gələni ediblər.

Bu doğrudan da belə idi, Franko tərəfdarları Madridi müdafiə edənlər arasında elə nifaqlar salıb, elə təxribatlar törətmişdilər ki, daha mübarizə aparmaq qeyri-mümkün idi.

Franko qələbə çaldı və düz qırx il İspaniyanın hakimi mütləqi oldu.

…1939-cu ildən ta bu vaxta qədər elə qələm sahibi, elə siyasətçi yoxdur ki, ölkə daxilində düşmənin xeyrinə təxribat törədən, xalqı yolundan azdıran qüvvələrdən danışanda “beşinci kalonna” sözünü işlətməsin.

(Əvvəli bu linkdə: https://www.hurriyyet.org/xeber/azerbaycanda-besinci-kalonnanin-fealiyyeti-ve-yaxud-xalqimizi-novruzeli-gozunde-gorenler-ii-hisse/)

Deyirsiniz ki, Azərbaycan xalqı böyük xalqdır, onu aldatmaq mümkün deyil. Ağ yalandır! Böyük xalq heç vaxt imkan verməzdi ki, hər bambılı onun başında dəlləklik öyrənsin, din və millət xainlərini ona qəhrəman kimi sırıya bilməzdilər. Böyük xalq heç vaxt imkan verməzdi ki, bu qədər qanlar axıdandan sonra bir addım irəli getdiyi əsnada yadelli ona “Dayan, dur!” əmrini versin.

Aldatmaq məsələsinə gəldikdə bu bədbaxt xalqı həmişə aldadıblar, əskildiblər və o, heç nədən ibrət almayıb. Cənnət kimi məkanların düşmən əlinə keçməsi ilə müticəsinə barışıb Pirallahı cəzirəsinə sığınmağı səadət sayan xalqı “cənnət qəbzləri!” ilə aldatmağa nə var ki? Bir xalq ki, onun yolunda həlak olmağı səadət bilən Mübariz kimi əfsanəvi igidin müqəddəs xatirəsini bir əxlaqsızın təcavüzündən qoruya bilmədisə, dövlət himninin müəllifi, milli iftixarımız Üzeyir bəyin dədə-baba yurdunun düşmən əlində olması ilə barışdısa onu aldadıb biədəb olmasın belinə palan qoymaq düşmən üçün çətin deyil. Əslinə qalsa, palan çoxdan qoyulub, sadəcə olaraq elə öyrənmişik ki, daha heç nəyi hiss etmirik.

Vacib ricət

Soydaşlarımdan acizanə təvəqqe edərdim ki, cənnətməkan Sabirin ötən əsrin lap əvvəlində azğınların dilindən yazdığı bu sözləri oxusunlar.

Dövlətliyik, əlbəttə şərafət də bizimdir,

Əmlak bizimdirsə, əyalət də bizimdir,

Divan bizim, ərbabi hökumət də bizimdir.

Çarizm dövrü idi, milyonçularımız da vardı, bədbaxt rəiyyətimiz də. Amma, o illərdə yetişmiş, hər əzaba sinə gərmiş, rus jandarmeriyasına baş əyməmiş, ömürlərini xalq yolunda şam kimi əritmiş ziyalılardan daha yetişməyəcək. Nəsillər arasındakı mənəvi estafet qırılıb!

O ki qaldı kübarlara, bu barədə məlumatımız genişdir. Bəli, kimsəsizin dərisini boğazından çıxaran, kəndlinin ömrünü qara əskiyə bükən quduz bəyzadə və xanzadələrimiz də az deyildi.

Azərbaycan ziyalısı kimliyini “Difai” təşkilatını yaratmaqla, “Molla Nəsrəddin” jurnalının və digər mütərəqqi məcmuələrin səhifələrində od yağdırmaqla göstərdi.

1905-1907-ci illərdə baş vermiş qanlı hadisələr zamanı kimin nəyə qadir olduğu bilindi. 1918-1920-ci illər isə tariximizin ən qanlı-qadalı, həm də başımızı aşağı edən hadisələrin baş verdiyi illərdir. Cümhuriyyətimizi qoruya bilmədik, nə qədər insan qırıldı, torpaq itirdik, yerli satqınlar erməni, rus bolşevikləri ilə əlbir olub millətin belini qırdılar.

Çox keçmədi ki, millətin qatillərinin şərəfinə mədhiyyələr yazıb ad-san qazananlar, rus şovinstlərinin qarşısında təzim edənlər, dədə-baba dinimizi ələ salanlar “dahi”, “əsl vətənpərvər” kimi epitetlərə layiq görüldülər. Bu manqurt sürüsünə söz demək mümkün deyildi,hakim üsuli-idarə öz sadiq nökərlərini göz bəbəyi kimi qoruyurdu. Artıq-əksik edənin üzərinə dörd tərəfdən tökülüb məhv edirdilər.

…Nəhayət hürriyyət nəsimi əsdi

Amma, misilsiz həqarətə də məruz qaldıq, on ilə yüz əlli qrankalıq ən sadə dissertasiyanı yaza bilməyənlər, təfəkkürləri çayxanalarda formalaşmış DTK çuğulları, ədaları yerə-göyə sığmayan əyalət siyasətbazları ölkədə əsl cəhənnəmi bərpa etdilər. Keşiş-mason dünyasına, Moskvanın özünə Azərbaycanda xaos lazım idi, o da baş tutdu.

Çox keçmədi ki, əvvəlcə İranı diz üstə çökdürüb, sonra da Çin üzərinə bayraq sancmaq istəyən dil pəhləvanları Surət Hüseynovun beş-on “cayılının” qarşısında duruş gətirə bilməyib, pərən-pərən oldular. Başqa birisi də cənub bölgələrinin birində respublika yaratdığını elan etdi. Sabir demişkən, işimiz həcvə düzüldü; xalq sözün tam mənasında başını itirmək həddinə çatdı, düşmən də heç nəyə baxmadan irəliləyirdi.

Belə qarmaqarışıqlıqda camaat istər-istəməz Sovet imperiyasında ən yüksək vəzifələrin birində oturmuş, keçmiş Siyasi büronun üzvü, baş nazirin birinci müavini kimi neçə-neçə nazlrliyə nəzarət etmiş, DTK generalı. Azərbaycana da rəhbər olmuş Heydər Əliyevə üz döndərməli idi.

Sonra nələrin baş vermələrini gördük. Düşmənin hücumları səngidi, dərəbəyliyin, xaosun qarşısı alındı, ordu formalaşdı, xalqda sabaha inam yarandı, nə çörək qıtlığı baş verdi, nə enerji böhranı.

Şəhər və kəndlərimiz tanınmaz dərəcədə dəyişildi, abadlıq işləri geniş vüsət aldı, illər boyu mənzil dərdi çəkənləri sevindirdilər, qaçqın və şəhid ailələrinə hər cürə yardım göstərildi və s.

Amma Heydər Əliyevin xəstələnməyindən, İlham Əliyevin özünün min dərd-sərlə üzləşməsindən sui-istifadə edən əski partnameklatura və onun yetişdirib tərbiyə etdiyi yırtıcı dəstəsi fürsəti əldən vermədi. Geniş şəbəkə yarandı, ellik zəmanətlə bir-birinə bağlı olan böyük məmur legionu həlledici postları tutub hər yerə əzizlərini, qohum-əqrəbalarını, oğul-uşaqlarını yerləşdirə bildi.

Əlbəttə ki, bütün bu proseslərin arxasında adlı-sanlı partokrat, məmurların idarə olunmasında böyük təcrübə qazanmış Ramiz Mehdiyev cənabları dururdu. Hamı bilirdi ki, bütün təqdimatlarda onun rəyi əsas rol oynayır.

Ölkəyə misilsiz ziyan vurmuş, milyardları oğurlamış bu bandanın öhdəsindən gəlmək müşkül məsələdir.

İlham Əliyevin əlinin altında vaxtilə Stalinin arxalandığı zəhmli Xalq daxili işlər komissarlığı, polad intizama tabe olan, əlləri təmiz fanatik komministləri birləşdirən partiya təşkilatları, komitələr yoxdur.

Kim nə deyir desin, ötən əsrin 40-cı, 50-inci illərində gördüklərim mənə bəsdir. Rüşvət filan yox idi, hətta 60-cı illərdə belə şeylər heç kimin yuxusuna da girməzdi. O illərin kristal kimi təmiz insanları hara, indi əsl knyaz kimi ömür sürən YAP-ın nəməkbəhəramı hara.

O dövrün mədəniyyətini, sənət adamıarını, qələm əhlini nəzarət altında saxlayan ideoloji aparatın fəaliyyətdən çox deyilib, çox danışılıb.

Biz vəzifə başına qoyulmuş hakim partiya üzvlərinin ölkəni talan-tarac etməsindən danışırıq. Bunları canavara oxşatmaq vallahi, billahi günahdır. Bəli, canavar qoyun sürüsünə girişəndə birini sürüyə-sürüyə aparır, qalanlarını da imkan daxilində yaralayır… Deməyim odur ki, basqından sonra heyvan sahibi üçün nəisə qalır. Giyena dəstəsi isə hücumla yıxdığı Afrika kəlindən heç nə qoymur. Hər şey yeyilir, bir saatdan sonra qətlin baş verdiyi yerdə qanın izləri belə qalmır.

Ramiz Mehdiyevin kadrlarının “savab” əməllərini öyrənərkən yadımıza amansız giyenalar düşür. Bəni-Adəm nə qədər binamus olmalıdır ki, ölkənin az qala tən yarısı işğal altında olan vaxtda kasıb-kusuba acıq verib villalar, imarətlər ucaltsın, zinadan törəyən balalarının bahalı maşınlarda gəzməsinə sevinsin. Bəziləri məşuqəsini bahalı kurortlara göndərməsi ilə öyünür, … bilir ki, üzünə tüpürən taplmayacaq.

Londonda, Çexiyada, Rusiyanın özündə bağ-bağat, imarət alana nə Zəngilan lazımdır, nə Qubadlı. Şuşa da elə satılmayıb ki, onu qaytarmaq mümkün olsun. Bizim heyvərə saray ideoloqlarının dilinə bir söz düşüb, ayıq olun, bizi təxribata çəkirlər. Erməni Şuşada təntənə qurur, özü də açıqdan-açığa deyir ki, kişisən, gəl, gözləyirəm. O çox gözəl bilir ki, Azərbaycanda ağalıq edən giyena sürüsünə müharibə lazım deyil. O istədiyini alıb, yeddi arxası üçün sərvət talayıb. Azərbaycanda söz sahibi olanların çoxunun ermənilərlə qohumluğu var. Belə rəzalətə dözə bilməyib danışanların başlarına da itin oyununu açırlar. Və nəhayət, birdən Azərbaycan iqtidarının qeyrət damarı qalxsa və o hərəkətə keçsə, Moskva oradan göz ağardıb “qələtini elə, otur yerində, Qarabağ daha sənin təamın deyil” əmrini verəcək. Necə ki, aprel döyüşlərində verdi…

Səməd Seyidovlara, Ramiz Mehdiyevlərə, onların “partayqenosselərinə” bizlərin Novruzəli gününə düşməyimiz əl verir. Otur televizorun qarşısında müasir şeyx Nəsrullahlar – Aydın Mirzəzadələrin, Elman Nəsirovların, Musa Qasımlıların dərin mənalı nitqlərindən feyziyab ol, Qənirə Paşayevanın şıq geyimindən, top modelləri kölgədə qoyan görünüşündən zövq al və sonra özəl telekanalların biqeyrətliyi təbliğ edən verilişlərində göbəklərini əsdirə-əsdirə oynayan dişilərə və mütrüflərə doyunca tamaşa elə. Qismətin budur, başını qovzayıb söz desən vətənini xari-zəlil etmiş, müstəqilliyinə qənim kəsilmiş “beşinci kalonnanı” idarə edənlər hülqumunu üzərlər.

Firuz Haşımov

P.S. “Dişilər” sözünü bihudə yerə işlətməmişəm. Mən əllərimlə məzara qoyduğum “Qurtuluş” batalyonunun igid döyüşçüsü Rəhilə Orucovaya, düşmən əlinə keçməmək üçün özlərini qayalardan atmış Kəlbəcər qızlarına da, son qranatı özü üçün saxlamış Rəhilə Qarayevaya da “xanım” deyim, bu əxlaqsız həşərata da?